Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqləndi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 mart 2025-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 09 aprel 2025-ci il tarixində qüvvəyə minib.
Bu barədə Adalet.az-a Mərkəzi Bankdan bildirilib.
Qeyd olunub ki, AMB, qanunvericiliyə müvafiq olaraq, sistem əhəmiyyətli bankların meyarlarını və həmin meyarlar əsasında sistem əhəmiyyətli bankları müəyyən edir. Qeyd edək ki, ölkəmizin bank qanunvericiliyinə sistem əhəmiyyətli bank anlayışı və bununla əlaqədar tələblər 2017-ci ildə gətirilib, Meyarların ilk versiyası 2019-cu ildə təsdiq edilərək sistem əhəmiyyətli bankların müəyyən edilməsinə başlanılıb.
Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir. Həmin bankların əməliyyatlarının əhatə dairəsi və həcmi nəzərə alınaraq, bu banklar üzrə maliyyə dayanıqlığının pozulması sistem risklərin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Bankın sistem əhəmiyyətli təşkilat kimi təsnifləşdirilməsi hər hansı üstünlük deyil. Bu və ya digər bankın sistem əhəmiyyətli və ya qeyri-sistem əhəmiyyətli olması onun maliyyə dayanıqlığının daha möhkəm və ya daha zəif olması anlamına gəlmir. Əksinə, sistem əhəmiyyəti bankın rəhbərliyinin bütövlükdə maliyyə sektoru, eləcə də digər iqtisadi subyektlər qarşısında artan məsuliyyəti deməkdir. Bu isə öz növbəsində, belə bankların əlavə normativ tələblərə əməl etməsini zəruri edir. Buna nümunə olaraq, sistem əhəmiyyətli banklar üçün əlavə kapital tələblərini (məcmu və birinci dərəcəli kapitalının adekvatlığı üzrə), fərqli leverec əmsalı tələbini göstərmək olar.
Əlavə olaraq qeyd edək ki, 2024-cü ilin dekabr ayında Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” və “Risk-əsaslı nəzarət üzrə siyasət konsepsiyası” təsdiq edilərək geniş ictimaiyyətə açıqlanıb (keçidlər: https://www.cbar.az/press-release-4923/central-bank-unveils-banking-sectors-macroprudential-policy-framework, https://www.cbar.az/press-release-4928/the-central-bank-has-approved-the-policy-concept-on-risk-based-supervision). Göründüyü kimi, beynəlxalq standartlara müvafiq olaraq, Mərkəzi Bank özünün prudensial tənzimləmə və nəzarət alətlərindən istifadə edir, habelə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində sözügedən alətlərin modernizasiyası istiqamətində tədbirlərini davam etdirir.
Qeyd edək ki, Meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılmış, bəzi yeni indikatorlar əlavə olunmuş, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənmiş Meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, Meyarlarda, bankların ölçüsü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilmiş, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.
Meyarların mətni ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz: Link
Digər Xəbərlər

Ələt-Astara dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?

Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı

Nağdsız ödənişlərə maraq yüksəlib

Gələn il üzrə neftin büdcədə qiyməti açıqlanıb

2026-2029-cu illərdə manatın məzənnəsi sabit qalacaq - RƏSMİ

"Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" - Palata sədri

Palata sədrindən deputata cavab: "Bu il də belə olacaq"
