03 Fevral 2025 15:47
84
GÜNDƏM

SN dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb

Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə verilib. Dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təmin olunması, habelə namizədlərin sənədlərinin elektron qaydada vaxt itkisi olmadan operativ olaraq təqdim edilməsi imkanlarının yaradılmasıdır.

Tibb işçiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında
(https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari/ və ya https://kabinet.e-health.gov.az/modul/miq/vacancies) verilən elanlar vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, tibb işçilərinin işə qəbulu vakant vəzifənin olduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Müsahibənin iki forması mövcuddur: daxili və ümumi müsahibə. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır.

Həm daxili, həm ümumi müsahibədə iştirak etmək üçün namizəd https://sehiyye.gov.az/ saytında vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiq altsistemində şəxsi kabinet yaradaraqqeydiyyatdan keçir vəuyğun vakansiyaları seçərək, öz ərizəsini təsdiq edir.

Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilə namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günü müddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Sənədlərin avtomatlaşdırılmış qaydada yoxlanması müsbət nəticələndikdə elektron poçt və (və ya) şəxsi kabineti vasitəsilə müsahibəyə buraxılması barədə namizədə, vakansiyanın aid olduğu tibb müəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumat verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) iş günündən gec olmayaraq məlumat verilir və ya göndərilir.

VSİS vasitəsilə əldə olunması mümkün olan sənədlər istisna olmaqla işə qəbul olunmaq üçün tələb olunan sənədlər aşağıdakılardır:
 xarici ölkələrdə təhsil alan namizədlərə münasibətdə onların xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin surəti;
 elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
 əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
 ixtisas dərəcəsinin verilməsi barədə sənədin surəti;
 ixtisası və əmək funksiyası ilə bağlı əlavə təhsili barədə müvafiq sertifikatlar (şəhadətnamələr).
Tibb müəssisəsi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən namizədin potensial imkanlarından istifadə etməyin mümkünlüyünün aşkara çıxarılması və vəzifəyə uyğunluğunun hərtərəfli qiymətləndirilməsi aparılır.
Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçid balları barədə məlumat https://e-qanun.az/framework/57500 saytından əldə edilə bilər.
Tibb işçiləri sistemin istifadə qaydaları haqqında əlavə məlumat almaq üçün isə aşağıdakı vasitələrlə Rəqəmsal Səhiyyə Mərkəzi ilə əlaqə saxlaya bilərlər:

Telefon: 0124313828; 0555313828 yalnız "whatsapp''
E-poçt: [email protected].