05 Iyun 2025 11:06
223
ƏDƏBİYYAT

Şou Dünyasının Gizli Silahı: Qara PR

“Filankəs sevgilisindən ayrılıb!”, “O ulduz evli imiş!” – bu və bənzər başlıqlar sosial mediada hər gün qarşımıza çıxır. İlk baxışda adi şou xəbərləri kimi görünə bilər. Əslində, bu “təsadüflər” çox zaman şou-biznesin arxa planında yazılmış ssenarilərdir.

Şayiələr, qalmaqallar və gözlənilməz açıqlamalar bəzən sadəcə danışılmaq üçün deyil, diqqət çəkmək və gündəmdə qalmaq üçün hesablanır. Bu üsula isə “qara PR” deyilir.

Qara PR nədir və niyə bu qədər təsirlidir?

Qara PR süni şəkildə maraq yaradır. Bu zaman məqsəd, tənqid almaq deyil, diqqət çəkməkdir. Çünki diqqət varsa, gündəmdəsən. Gündəmdəsənsə, yeni mahnının dinlənməsi, serialın izlənməsi və ya reklam müqaviləsinin bağlanması - hamısı mümkündür

İnsan psixologiyası neqativ xəbərlərə daha həssasdır. Sevgi dolu paylaşım bir neçə saniyədə unudulur, amma ayrılıq, göz yaşları, silinmiş fotolar günlərlə danışılır, paylaşılır və sorğulanır.

Yeni layihə ərəfəsində baş verən “gözlənilməz hadisələr” artıq bir tendensiyaya çevrilib. Tanınmış simaların bəzən bir söz atışması, bəzən bir emosional paylaşımı əslində bir növ reklam kampaniyası kimi işləyir.

Çünki şou dünyası bir səhnədir. Və hər səhnənin arxasında yazılmış ssenari olur. O ssenaridə bəzən sevgi, bəzən ayrılıq, bəzən isə sadəcə bir səs-küy var. Amma nəticə dəyişmir: tanınmaq, görünmək, danışılmaq.

Oyunun içində izləyici də var

Qara PR bəzi sənətçilər üçün təhlükəli riskdir, digərləri üçün isə peşəkar strategiya. Hər iki halda bu alət bu gün də işləyir, sabah da işləyəcək. Tamaşaçılar isə bu planlı oyunun bir parçasına çevrilərək, fərqində olmadan onu gücləndirir: baxır, paylaşır, müzakirə edir… və elə bu da “oyunun” qələbəsidir.

Rafiq Yusifov ,

BDU-nun  jurnalistika  fakültəsinin tələbəsi