06 Sentyabr 2024 09:00
7313
LAYİHƏ

SÖZ AZADLIĞININ İŞIĞI

İnsanlar dünyaya gələndən  sonra onlar sözü, danışmağı, ünsiyyət vasitəsini əsas dəyər kimi qiymətləndiriblər. Heç şübhəsiz, sözün və ünsiyyətin  yerini  heç bir başqa vasitələr verə bilməz. Ən azından  ona görə ki, söz var ki sülh yaradar, əmin-amanlığı bərpa edər, insanları bir-birinə birləşdirər, söz də var ki, bir ölkənin  altın üstünə çevirər, məmləkətləri bir-birinə düşmən edər. Bir sözlə, fitnə-fəsad yaradar, ev yıxar və bununla da insanların həyatında çox ağır, çox çətin məqamlar  başlanar. 

Tarixən sözə çox önəm və qüvvət veriblər. Yəni sözün gücünü, qüdrətini və yerini biliblər. Ölkəmizdə də həmişə söz, mətbuat, fikir plüralizmi və düşüncə azadlığına  xüsusi diqqət yetirilib. Düzdür, Sovet dönəmində də az-çox demokratik prinsiplər var idi, amma bu çox məhdud və qısa bir formada idi. Çünki   Sovet dönəminin özünün sərt, ciddi bir rejimi vardı. Belə ki,  bütün mətbuat orqanlarında gedən materiallar  senzura tərəfindən yoxlanılır, araşdırılır, dəqiqləşdirilir və bundan sonra möhür vuraraq həmin materialların  qəzetdə və televiziya kanallarında getməsinə icazə  verilərdi. Bu isə təbii ki, birmənalı qarşılanmırdı. 

Biz həmin dövrdə çoxtirajlı qəzetlərin birində çalışırdıq və həmin qəzeti  biz oxuyub  hazırlayandan sonra müəssisənin partiya komitəsinin katibi  diqqətlə oxuyar, hər şeyi dəqiqləşdirər, adi bir  sözə görə bizə iradını  bildirər, «yazdığınız fikir rejimin  tələblərinə  uyğun deyildir» deyib bizə iradını bildirər, hətta  raykomun birinci katibi ilə hədələyərdi. Elə bir neçə dəfə  bizim işlədiyimiz qəzet raykomun  bürosunda müzakirəyə çıxarılmışdı, bir neçə ədalətli və vicdanlı  insanların  hesabına  bizə töhmət verilmədi. Dedilər ki,  həmin yazılarda  dövlətin  əleyhinə  elə bir  şey getməyib. Sadəcə olaraq, qəzeti çapa hazırlayanlar bir balaca  siyasi cəhətdən təcrübəsiz olublar və xırda bir xətaya yol veriblər. 

Bax, Sovet dönəmində mətbuatda vəziyyət bu durumdaydı. Elə ki müstəqillik  qazandıq, bundan sonra Azərbaycan  mətbuatında  da demokratik prinsiplərə, söz, mətbuat azadlığına, fikir plüralizminə və düşüncə sərbəstliyinə münbit şərait yaradıldı. Əlbəttə, Azərbaycan mətbuatında belə bir şəffaf  mühitin və durumun yaradılması  ilk növbədə yazarlar və cəmiyyət  üçün əlverişli  imkanlar yaratdı. Bu isə o deməkdir ki, artıq  Azərbaycanda Sovet rejiminin  mətbuatla bağlı qadağaları  aradan qaldırılmış, senzura ləğv edilmiş və insanlar azad şəkildə  müxtəlif  mətbuat orqanlarında öz fikir və düşüncələrini  ifadə etmək  gücünə  malik  oldular. 

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın  tələbi ilə hakimiyyətə gəlməsi ölkəmizdə demokratiyanın, hüquqi dövlətin və dünyəvi dəyərlərin daha da inkişafına yeni bir sağlam mühit yaratdı. Bu sağlam mühit  ondan ibarət idi ki, kimliyindən  asılı olmayaraq  ölkəmizdə və cəmiyyətimizdə insanlar  azad şəkildə  öz fikirlərini  ifadə etməyə  başladılar. İstər  mətbuat  orqanlarında, istər  televiziyalarda, istərsə də saytlarda  yeni bir ab-hava yarandı. Bu ab-havanın yaranması  onu deməyə əsas verirdi ki,  ölkə müstəqillik dövrünə  qədəm qoyandan  sonra  söz, mətbuat və fikir  azadlığına «yaşıl işıq» yandırıldı. Heç şübhəsiz bu  yaşıl  işığın yandırılması  cəmiyyətin  rahat nəfəs almasına, insanların  öz fikirlərini  azad  şəkildə  ifadə etməsinə çox əlverişli bir təkan verdi.

Ümummilli Lider  Heydər Əliyevin hakimiyyətə gəlişi  dövründə sözün həqiqi mənasında Azərbaycan mətbuatı can verirdi. Çünki əksər müxalifət və müstəqil mətbuat  maddi cəhətdən böyük çətinliklərlə üzləşirdi. Onların «Azərbaycan» nəşriyyatına böyük məbləğdə borcları vardı və bu borca görə də artıq bir neçə mətbuat orqanı  çapını dayandırmalıydı. Amma Heydər Əliyev mövcud vəziyyəti söz yüksək dəyərləndirdi, çox sayda mətbuat orqanının «Azərbaycan» nəşriyyatına olan borcunun ləğv edilməsi ilə  bağlı göstəriş verdi. 

Aydındır  ki, bu cür humanist  addımlar nəticəsində iqtisadi cəhətdən çətinliklər yaşayan  qəzetlərə  yeni bir nəfəs verildi. Əgər bu yeni  nəfəs olmasaydı, heç şübhəsiz, onlarla ictimai rəyə təsir edən və cəmiyyətin  yüksək  hörmət  bəslədiyi mətbuat orqanları  nəşrini dayandıracaqdı. Bununla yanaşı, Azərbaycan mətbuatında yeni bir mühit, yeni bir ruh yarandı. Bu da  ondan  ibarət idi ki, müxtəlif  qəzetlərdə artıq  heç bir  senzuraya  məruz qalmayan  demokratik, orijinal və cəmiyyətə  yeni mesajlar ötürən  məqalələr  çap olunurdu. Bu məqalələrin hər birində fikir  plüralizmi, düşüncə  sərbəstliyi və ən nəhayət, insanlarla  səmimi bir dildə  danışmaq, ünsiyyət  yaratmaq  elementləri  var idi. Heç  şübhəsiz, oxucular  mətbuatı izləyəndə, televiziyaya  baxanda, saytlara  göz gəzdirəndə bu yenilikləri  hiss edirdilər. 

Azərbaycanda demokratiya, söz azadlığı və fikir plüralizmi  prezident İlham Əliyevin iyirmi illik hakimiyyəti dövründə daha geniş  vüsət aldı. Ulu Öndər Heydər  Əliyevdən sonra prezident İlham Əliyev  maddi çətinliklər  içində olan 30-a yaxın mətbuata  vəsait ayırdı. Bu vəsait  ildə iki dəfə həmin mətbuat orqanlarının  hesabına köçürüldü. Əgər bu vəsait olmasaydı,  indiki çətin iqtisadi  durumda həmin qəzetlər çapını dayandırardı. Azərbaycan mətbuatına  İlham Əliyevin böyük diqqət və qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə çoxlu sayda demokratik dəyərlərə söykənən çap mətbuatı  var və bu mətbuat  ölkəmizdə  dövlətçiliyin möhkəmlənməsinə, demokratiya və söz azadlığının genişlənməsinə, fikir plüralizminin  vüsət almasına,  düşüncə sərbəstliyinə təkan verir. Üstəlik də bir neçə dəfə  Azərbaycan prezidenti «Jurnalistlərin dostu» mükafatına  layiq görülüb. Tam səmimi deyirik,  əgər bu dostluq olmasaydı bu gün  ictimai  rəyə təsir edən və xalq  tərəfindən sevilən  qəzetlərin  hamısı  çapını  dayandırmışdı. 

Əlbəttə, jurnalistlərin  belə sağlam mühitdə  işləməsi, fəaliyyət göstərməsi onların sərbəstliyinə və istədiyi vəziyyətdə işləməsinə çox əlverişli mühit yaradır. Bu mühitin olması isə ona dəlalət edir ki, Azərbaycanda demokratik ənənələr inkişaf edəcək, söz, mətbuat azadlığı gündən-günə çiçəklənəcək, fikir plüralizmi və düşüncə sərbəstliyi yeni bir mərhələyə qədəm qoyacaqdır. 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.