adalet.az header logo
  • Bakı -°C
04 Noyabr 2026 11:50
98
ƏDƏBİYYAT
A- A+

Sözün və ruhun vəhdəti

Kitablar sadəcə ağ vərəqlərə köçürülmüş sətirlərdən ibarət deyil, həm də  müəllifin yaradıcılıq ruhunun sözlə çəkilmiş əksidir. Müasir Azərbaycan ədəbi-elmi mühitində özünəməxsus dəstixətti ilə seçilən, intellektuallığı və milli təfəkkürü ilə tanınan filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira İsmayılovanın bu günlərdə işıq üzü görmüş “Ruhumun səsi” kitabı, onun yaradıcılıq palitrasının yeni və parlaq çalarlarını – şair və nasir portretini bədii bütövlükdə təqdim edir. Bu nəşr, bizim daha çox jurnalist və  ədəbiyyatşünas alim kimi tanıdığımız müəllifin iç dünyasının qapılarını açaraq, onun şair və nasir portretini harmonik vəhdətdə təqdim edir. Əslində, Esmira xanımın poetik və bədii axtarışları dünənin hadisəsi deyil; o, ötən əsrin 80-ci illərindən etibarən dövri mətbuatda şeir və hekayələri ilə çıxış edir. Təsadüfi deyil ki, onun ilk qələm təcrübələrindən sayılan, saf gənclik duyğularının lirik manifestinə çevrilən “Sənsizlik” şeiri o dövrün gəncləri arasında populyar idi:

Bu axşam sənsizəm, yaman sənsizəm,
Gözlərim yoluna dikilib yenə.
Dilimlə desəm də, yox, gözləmirəm,
Gəlsən, yıxılaram qədəmlərinə...

Bu misralarda lirik qəhrəmanın daxili dramatizmi, qürurla sevginin amansız toqquşması olduqca təbii və emosional bir dillə ifadə olunur. Müəllif bədii təzadda şüurun diktəsi ilə hisslərin üsyanını qarşı-qarşıya qoyur. Dilin “gözləmirəm” inkarı, daxili aləmdəki gözləntinin böyüklüyü qarşısında aciz qalır. “Gəlsən, yıxılaram qədəmlərinə” ifadəsi isə sadəcə bir tabeçilik deyil, hisslərin mütləq səmimiyyətinin, eqonun məhəbbət qarşısında təslimiyyətinin poetik kulminasiyası kimi çıxış edir.

Esmira İsmayılovanın poetik yaradıcılıqının ana xəttini lirik şeirləri təşkil edir. Bu şeirlər səmimiliyi, təbiiliyi ilə diqqət çəkir. Esmira köhnə mövzudan – məhəbbətdən yeni deyimlərlə söz açmağı bacarır, köhnə dünyanın təzə sevgilərini ruhundan keçirərək oxucuya həzin, kövrək misralarla ötürə bilir. Fikrimcə, oxucu ilə ruhi təmas yarada bilməsi onun şeirlərini sevdirən, bədii, emosional təsir gücünü artıran əsas xüsusiyyətlərdəndir:

Ürək eşidəmmir ağıl deyəni,
Elə soyuqluğun yandırır məni.
Nə qəlbimdən çıxara bilirəm səni,
Nə yaşaya billəm buz həsrətini.

Bu dördlükdə idrakla hissin, ağılla ürəyin əbədi münaqişəsi psixoloji dərinliklə işlənib. Müəllif burada kəskin bir oksizmoron yaradaraq “soyuqluğun yandırması” ifadəsini seçir ki, bu da laqeydliyin insana verdiyi daxili əzabı vizuallaşdırır. “Buz həsrəti” metaforası isə ayrılığın dondurucu, lakin eyni zamanda insanın içini göynədən statusunu ortaya qoyur. Qəhrəman nə unuda, nə də bu soyuq tənhalığa adaptasiya ola bilir; bu mənəvi dalan şeirin struktur fəlsəfəsini təşkil edir.

Nə sirdirsə, qadın yazarlar yaradıcılıqlarında sevgiyə, vüsal-hicran xəttinə daha çox meyillidirlər. İstər nəsr olsun, istər nəzm, bu faktor əksər qadın yazarların əsərlərində özünü göstərir. Məncə bunun bir səbəbi də xanımların daha ruhsal olmaları, hissi məntiqdən üstün tutmaları, romantikaya meyilləridir. Təsadüfi deyil ki, Esmira xanım da yeni kitabını məhz “Ruhumun səsi” adlandırıb. Kitabdakı şeirlərdə emosional tərəf çox güclüdür, ruhi bağlılıq onları bir-birinə bəndləyərək vahid bir tama – həzin bir sevgi nağılına çevirib:

Ürəyi bir yolla ovutmaq olur,
Ürəyi bir yolla aldatmaq olur,
Amma ruhu ipə- sapa yatırtmaq olmur,
Allahın xofuyla qorxutmaq olmur...

İnsanın fiziki və mənəvi varlığı arasındakı bədii-fəlsəfi sərhədləri cızan bu misralar yaradıcılığın ekzistensial əsasını təşkil edir. Burada “ürək” maddi, tərbiyə oluna, aldadıla bilən bir subyekt kimi təqdim edildiyi halda, “ruh” mütləq azadlığın, Tanrıya bağlılığın və metafizik toxunulmazlığın simvoluna çevrilir. Ruhu Allahın xofu ilə belə qorxutmağın qeyri-mümkünlüyü onun elə ilahi bir cövhər olması və mahiyyətinin yalnız sevgidən yoğrulması variantına söykənir. Ruh qorxu ilə deyil, yalnız eşqlə idarə oluna bilər.

Esmira İsmayılovanın iç dünyasının kövrəkliyi, zərifliyi yaradıcılığında özünü qabarıq biruzə verir. Şeirlərindəki sevgi etirafları səmimiliyi, təbiiliyi, yeni deyim üslubu ilə diqqət çəkir:

Nə vaxt ki, ümidlərim son yarpaq kimi,
İnsafından asılı qalır,
Onda göz yaşlarım tanrını da ağladır.

Bu bədii parçada “son yarpaq” metaforası ümidin payız bədbinliyini, son həddəki kövrəkliyini tam çılpaqlığı ilə əks etdirir. Yarpağın budaqdan asılı qalması kimi, insanın mənəvi taleyi də qarşı tərəfin insafından asılı vəziyyətdə təsvir olunur. Göz yaşlarının Tanrını ağlatması mübaliğəsi (hiperbola) isə insanın fərdi ağrısının kosmik miqyasa qaldırılmasının, bəşəriləşdirilməsinin parlaq poetik nümunəsidir.
Esmira xanımın qadın qəhrəmanı üçün sevgi elə xoşbəxtliyin özüdür:

Səni sevməyimlə xoşbəxtəm, vallah,
Sözümdə bir sənsən, bir də ki, Allah!

Şair üçün eşq dünyəvilikdən başlayıb ilahiliyə ucalan fundamental bir varlıq formasıdır. Şeirdə “sən” və “Allah” anlayışlarının eyni kontekstdə bir araya gətirilməsi sevgiyə verilən ali mənəvi dəyərin təzahürüdür. Sözün və varlığın mərkəzinə yalnız bu iki müqəddəs məfhum yerləşdirilir.

Esmira İsmayılovanın şeirlərində lirik tonla fəlsəfi yük çulğalaşaraq harmonik vəhdət təşkil edir. O, rənglər mövzusunda yazdığı şeirlərində həyatın alt qatlarına psixoloji eniş etməyə, o dərinlikdən çıxış edərək hər rəngin sirli məna çalarlarını açmağa çalışır:

Ağ rəng yaman ağırdır,
Ağ günlərin tüstüsü təpədən
sonradan çıxır.
Ağ kəfən insanı o dünyaya aparır...
Ağ atlı oğlan da nağıldır,
Gəlib çıxmır.

Bu sətirlərdə müəllif ənənəvi olaraq təmizlik, saflıq və xoşbəxtlik rəmzi olan ağ rəngin dərin bədii transformasiyasına nail olur. Rənglərin semiotikası fonunda ağ rəng burada həm də ölümün (kəfənin), çətinliyin (ağ günlərin sonrakı tüstüsü) və reallaşmayan ümidlərin (gəlib çıxmır dediyi ağ atlı oğlan nağılı) daşıyıcısı kimi fəlsəfi-ekzistensialist bir yük qazanır. Bu, vizual rəng çalarlarının insanın daxili mənəvi sarsıntıları və xəyal qırıqlıqları ilə interpretasiya edilməsidir.

Dünyadakı bütün problemlərin kökü saxtakarlıqdan doğur. “İnsanlığın, şəxsiyyətin qırılma zənciri yalandır, hiylədir, ikiüzlülükdür” deyən xanım şairənin belə neqativ hallara qarşı etirazı da özünəməxsusdur:

Həyat sürüşüb çiynimdən düşür,
Günəş daha qızdırmır, günəş üşüdür.
Açılan güllər də ətirsiz, saxta,
Əli gətirən də tüpürür baxta.
Həyat min rəngini üzə çıxarır,
Ağa əl atırsan, əlin qaralır.

“Günəşin üşütməsi” və “güllərin ətirsiz, saxta olması” təbiətin təbii harmoniyasının pozulmasını, cəmiyyətdəki mənəvi aşınmanın makrokosmosa proyeksiyasını əks etdirən güclü bədii təsvirlərdir. “Ağa əl atanda əlin qaralması” isə cəmiyyətdəki dəyərlər sisteminin alt-üst olmasının, saflıq axtarışının mənəvi böhran və xəyal qırıqlığı ilə nəticələnməsinin kədərli poetik təsbitidir. Müəllif burada sosial neqativizmə qarşı estetik etirazını bildirir.
Esmira İsmayılovanın hekayələri həcmcə böyük olmasalar da, mövzu qoyuluşuna, məna yükünə görə cəlbedici, maraqlı, oxunaqlıdırlar. Onun hekayələrinin əksəriyyətinin qəhrəmanları qadınlardır. “Günah”, “Bir-iki... və ya son an”, “Mələk”, “Cənnət mələyimə məktub...” (və ya “Yer ilə göy arasında”), “Mən qayıdacağam, ana” (esse), “İlahi gecə”, “Yazıq”, “Başlanğıc” və s. hekayələrində əsas xətt kimi Azərbaycan qadını və onun mənəvi-psixoloji problemləri dayanır. Sevinci, kədəri, qəmi, ailə və məişət qayğılarını özlərinin zərif çiyinlərində daşımağa güc tapa bilən qadın obrazlarıdır bunlar. Bu qadınlar Qarabağda döyüşən əsgər oğlundan həsrətlə məktub gözləyən anadır, sevgisi daşa dəymiş gənc müəllimədir, körpə uşaqlarını atasız böyüdən tənha anadır, uğursuz nigahların qurbanı olan talesiz qızlardır. Esmira xanımın hekayələrinin qadın qəhrəmanlarının hamısı müasirimizdir, ətrafımızdakı real insanlardır. Analara dərin rəğbət bəsləyən jurnalist-alim-şair qadın bu hisslərini hekayələrində də böyük sənətkarlıqla oxucularına ötürə bilmiş, oxucuda qadına, anaya qarşı məhəbbət hissi aşılamağı bacarmış, yazıçılıq istedadını ortaya qoymuşdur. Esmira xanımın qadın qəhrəmanlarını bir amal birləşdirir – həyatı sevgi ilə yaşamaq.

Esmira İsmayılovanın son illərdəki bədii-elmi yaradıcılığı, ədəbi-tənqidi məqalələri, araşdırmaları onun ədəbiyyatşünas alim kimi də püxtələşdiyini göstərir. Dissertasiya işində S.M. Şəhriyarın anadilli poeziyasını araşdıran Esmira xanım bu yaxınlarda çapdan çıxmış monoqrafiyasında filologiya elmləri doktoru, professor Abid Tahirlinin simasında Azərbaycan mühacirət mətbuatını və ədəbiyyatını ətraflı tədqiq və təhlil etmişdir.

Esmira xanımın təqdim etdiyi kitabında yer almış ədəbi-tənqidi yazıları, oçerkləri onun bir tənqidçi kimi inkişafından xəbər verir. Kitabda yer alan oçerklər müəllifin tanıdığı, dəyər verdiyi, ictimai həyatda, təhsildə, elmdə və digər sahələrdə xidməti olan insanlara həsr olunmuşdur. Kitaba daxil edilən “Alim, müəllim, şəhid atası... və ya Vətən adam!” (professor Kamran Kazımovun 65 illik yubileyinə), “Lal sənədlərin dili ilə danışan “Arxiv adam”... (Görkəmli mühacirətşünas alim Abid Tahirlinin 70 yaşına), “Elm ruhun işığıdır” (İslam Qəribli – 70), “Sevmədiyindən yazmaq olmur” (Rəşad Məcid – 60), “Ruhun sonsuzluğuna inanan şair – Məmməd İsmayılın 85 illiyinə”, “Əsl müəllim haqqında oçerk” (Ənvər Şahqubadbəyli – 65) və s. yazılarda müəllif tanıdığımız ziyalıların dövlət, cəmiyyət və Vətən qarşısındakı xidmətlərini ətraflı təhlil edir, xarakterlərini açıqlayır. Kitabda Elçin Hüseynbəyli, Anar, Rəşad Məcid, Aqil Abbas, Mahirə Nağıqızı, İmamverdi İsmayılov və s. tanınmış söz – sənət adamlarının bədii yaradıcılıqları, dərc olunmuş son əsərləri barədə ədəbi tənqidi yazılar maraqla oxunur.

Jurnalist, şair, yazıçı, alim. Zənnimcə, bu titullardan ən üstünü Esmira İsmayılovanın vətənpərvərliyi, tükənməz yurd sevgisidir. 2020-ci ildə Azərbaycanın qoşulduğu haqq savaşında, 44 günlük Vətən müharibəsində Esmira xanım Lənkəran Dövlət Universitetinin tələbə-məzunları, qaziləri ilə bağlı sosial şəbəkələrdə silsilə paylaşımlar etdi, ölkə mediasında onların qəhrəmanlıqları barədə mütəmadi yazılar dərc etdi, şəhid aileləri ilə daima ünsiyyətdə oldu. Sonradan bu yazılarını toplayaraq “Lənkəran Dövlət Universitetinin Zəfər şəhidləri” adı altında ayrıca kitab halında nəşr etdi. Onun oğlum- şəhid baş leytenant Vüsal Kazımov haqqında yazdığı silsilə yazıları sakit oxumaq çox çətindir. Bu yazılarda kövrək qadın – ana ürəyinin sızıltıları hiss olunur.

Ruhunu yazılarına köçürən söz adamına – jurnalist, şair, yazıçı, ədəbiyyatşünas alim Esmira xanım İsmayılovaya bundan sonrakı yaradıcılıq yollarında da uğurlar arzulayır, qələmə aldıqlarının həmişə belə səmimi, yaradıcı ruhunun tükənməz olmasını diləyirik.

Kamran Kazımov
Filologiya elmləri doktoru, professor.