16 Iyul 2024 16:14
72
GÜNDƏM

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi - FOTO

İyulun 15-i Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun Bakı Biznes Mərkəzində növbəti iclası keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib.

İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri, Etibar Məmmədov ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Gündəliyə uyğun olaraq “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb və bu qaydalardan irəli gələrək zəruri tədbirlərin görülməsi ilə bağlı məsələlər müzakirə edilib.

Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün “Vahid Pəncərə” sisteminin qurulması, iş prinsipi və hazırkı status, sistemə daxil olacaq məlumatların emal olunması, aidiyyət dövlət qurumlarına ötürülməsi və görüləcək işlər barədə məlumatlar təqdim edilib.

Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin cari ilin birinci yarımilliyində icrası başa çatan tədbirlər barədə təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri və işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupuna rəhbərliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.