25 Iyun 2024 21:21
1451
LAYİHƏ

Sumqayıtda "Mənim qalib ordum” adlı tədbir keçirilib - FOTOLAR

TƏBİB-in tabeleyindəki Sumqayıt Tibb Mərkəzi və “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyin Sumqayıt şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş “Mənim qalib ordum” adlı tədbir keçirilib.

Bu barədə Adalet.az-a STM-dən xəbər verilib.

Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin sədri Elvin Mahmudzadə, XTQ-nin ehtiyatda olan baş giziri, Vətən Müharibəsi qazisi, Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt şəhər Təşkilatının sədri, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədov, STM-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri, eləcə də, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin "Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır",- fikrini şüar tutaraq Azərbaycan ordusunun sözün bütün  mənalarında bunu haqq etdiyini vurğulayıblar. 44 günlük "Vətən müharibəsi" zamanı şanlı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq bunu bir daha sübuta yetirir. 106 il öncə yaradılan şanlı ordu bu illər ərzində müxtəlif mərhələlərdən keçərək formalaşıb. Ordunun ən yüksək səviyyədə inkişafı və nizam-intizamı isə müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu müqəddəs amalı Prezident İlham Əliyev uğurla davam etdirir.

Ordu quruculuğunda həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan ordusu qalibdir və torpaqlarımız düşmən tapdağından tam azad edilib. 

Silahlı Qüvvələrin yaradılmasının 106 illiyinə həsr edilən "Mənim Qalıb Ordum" adlı tədbirdə məhz ordumuzun keçdiyi inkişaf yolundan və əzmkarlığından söz açılıb. Vətənə, şəhidlərimizə, qazilərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib. 

Sonda Heydər Əliyev və Azərbaycanda ordu quruculuğuna aid sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.