26 Fevral 2024 15:17
2026
ƏDƏBİYYAT

Qayıdışımız əbədi olsun - Pərvanə Bayramqızı yazır

Səkkiz yaşıma keçmişdim, başımı qaldırıb böyüklərin üzünə yeni-yeni baxırdım... aşağıdan yuxarı tərzdə... bu onların uşaqlardan ucada durduqlarını göstərirdi. Böyüklərin hər şeyə qadir olduqlarını düşünürdüm. Savadlı, işgüzar, uşaqları hər şeydən qoruyan, hətta onlara təpinmək səlahiyyətinə malik böyüklərin kiçiklərin qarşısında  kiçildiklərini ilk dəfə 1990-cı ilin 20 yanvar tarixində gördüm. Soruşduğum suallara heç kəs cavab tapa bilmirdi. Onda bildim ki, bunlar elə uşaqların yanlarında güclü imişlər. Böyüklər bir də 1992-ci ilin fevralın 26-da gözümdən düşdülər.

Bizi ovundura, adamları niyə öldürdüklərini izah edə bilmirdilər. Oyuncaqlarıma əl vurammırdım. Ekranda torpağın üstündə yaşıdlarımın donmuş cəsədlərini görməyim yadımdan çıxmırdı. İllərdir, hələ də çıxmır. Niyə çıxsın? Niyə unudaq? Erməni əməllərini unudanda eyni müsibəti təkrar yaşamışıq axı.

Xocalıda ölən, itkin düşən, sağlamlığını itirən hər kəs mənim üçün ayrıca Xocalıdır. Uşaq ikən həyatımın ilk matəmini, faciəsini dadmışdım. Bu tarixlərdən sonra biz ildırım sürətilə böyüdük. Qəm-qüssə, ağrı-acı uşaqları tez böyüdür. İnanmırsınız? Xocalıdan uşaq vaxtı çıxan indi yaşa dolmuş o qadın necə böyüyüb? 

Otuz iki il tarix üçün çox azdır, nəticədə əbədi yaşamaq varsa... 

Xocalıya qayıdışımız əbədi olsun.

"Elnən gələn toy-bayramdır" deyiblər... 

Bütöv bir millətin başına gətirilən faciə də tarixdir, mübarizədir, sonu qələbədir deyək.

Xocalı yaramızdır: əməliyyat edildi, yerində dərin izi qaldı, gərək özün özünün həkimin olasan, gərək orqanizminə yad cismin düşməyinə imkan verməyəsən, gərək yaranı istidən-soyuqdan qoruyasan. 

Məncə, 1992-ci ilin 26 fevralı heç bir azərbaycanlının yaddaşından silinməz. "Erməni ilə sülh bağlayaq" deyənlərin də, erməni qızına aşiq olanların da...