01 Mart 2024 18:16
2049
ƏDƏBİYYAT

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə tədbiri keçirilib - FOTOLAR

1 mart 2024-cü il tarixində Azərbaycan Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan ictimai-siyasi tarixində mühüm rol oynamış,  Şərqdə ilk cümhuriyyətin qurucusu olmuş Məhəmməd Əmin Rəsulzadənin yaşadığı dövrdən, onu yetişdirən mühitdən bəhs etmişdir. 

Aran filialının elmi işçisi Ülviyyə Yusifova “M.Ə.Rəsulzadənin həyatı və yaradıcılığı siyasi fəaliyyəti fonunda” mövzusunda məruzə etmişdir. O, məruzəsində Rəsulzadənin həyatı, yaratdığı, üzv olduğu təşkilat və qurumlar haqqında danışaraq, siyasi fəaliyyəti boyunca Azərbaycan və digər ölkələrdə gördüyü mühim dövlət əhəmiyyətli işlərdən bəhs etmişdir. Həmçinin, ədəbi-bədii yaradıcılığı, əməkdaşlıq etdiyi qəzet və dərgilər, ədəbiyyatşünaslıq üçün vacib monoqrafik əsərləri haqqında söhbət açmışdır. Daha sonra natiq M.Ə.Rəsulzadənin Cümhuriyyət dönəmində misilsiz xidmətlər göstərməsi, Cümhuriyyət dağıldıqdan sonra mühacirətdə olan siyasi fəaliyyəti və ailəsinin acınacaqlı taleyi haqqında geniş məlumat vermişdir.

Tədbirdə çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filiallar üzrə direktor müavini Ləman Muxtarzadə M.Ə.Rəsulzadənin Cümhuriyyət yarandıqdan sonra yeni müstəqil dövlətin demokratik əsaslarla idarə olunmasında parlamentin vacibliyi haqqında danışaraq  Rəsulzadənin parlamentin təsis olunmasında  rolu və bu xüsusda olan yazıları və çıxışları barəsində geniş məlumat verdi. L.Muxtarzadə sonda çıxışını Üzeyir Hacıbəyovun Rəsulzadənin parlamentin açılış nitqi haqqında dediyi sözlərlə bitirdi.

Tədbirdə şagirdlər M.Ə.Rəsulzadənin şeirlərindən nümunələr səsləndirmişlər. M.Ə.Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən videoçarxlar və haqqında çəkilmiş sənədli filmdən bir epizodun nümayişi tədbir iştirakçılarının marağına səbəb oldu.