adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Mart 2024 19:08
1729
ƏDƏBİYYAT

Mədəniyyətsiz səhnə - Pərvanə Bayramqızı yazır

Adama hər şeyi qadağan etmək olur, sağlam düşünməkdən başqa. Ona da sinir sistemini pozmaqla nail olurlar. Televiziya işçiləri bu işi həvəslə, dayanmadan yerinə yetirirlər.

Böyüklər təkcə yaşca yox, ağılca, ruhca, sanbalca böyük olanda kiçiklər də ağılca, ruhca, sanbalca böyüyürlər, çünki yaxşı nümunələri olur. Bizdə isə yaxşı nümunələri küncə qısnayırlar, görməyək deyə…

Romantikadan uzaq, duyğu nə olduğunu bilməyən elektronlaşmış adamlar yetişməkdədir...

Təkcə elektronlaşsaydılar dərd yarı idi…

Evimizdə televizoru işə salan yoxdur, televiziya proqramlarından xəbərsizik. Ağlaşma verilişləri haqqında ətrafdakıların söhbətindən məlumat alıram. Bəzən də ya dərzidə, ya da diş həkimində növbə gözləyəndə istəmədən gözüm ekrana sataşanda görürəm. Təəccübdən, təəssüfdən donub qalmağıma on-on beş dəqiqə kifayət edir. Xalqa yazıqları gəlmir… bu cür mənasız verilişlər istəyənlərə də canları heç yanmır. Birinci onlardan başlamalıdırlar. Əhəmiyyətsiz proqramları əsas onlara görə bağlamalıdırlar. Yol verməməlidirlər ki, kütlə daha da kütləşsin. Bunlarsa əksinə edirlər…

Bir-iki aydır, instaqram profili açmışam, hara tərpənsəm, qarşıma müğənnilər çıxır. İzləmirəm, maraqlanmıram, bilmirəm niyə görünürlər. Məəttəl qalmışam, nə qədər oxuyan varmış. Hamısı da bir-birinə oxşayır. Videoların əksəriyyəti verilişlərdən fraqmentlərdir. Demək, bunları efirə buraxırmışlar. Səs yox, söz yox, üstəlik əyinlərində paltar da yox. Anlaşılan odur ki, məqsədləri sənət, oxumaq deyil. Çoxunu əxlaqsızlığı yaymaq üçün yetişdirib, şərait yaradıb ortaya çıxarıblar. 

Hansı qadın güzgüdə öz gözünə qəşəng dəyirsə, düşünür ki, əlimin mikrofonu çatmır. Mütləq müğənni olmaq qərarına gəlir. Mikrofon tapan kimi boş-boş danışır, kamera görən kimi yan-yörələriniaçıb ədəbsiz şəkildə rəqs edirlər. Bir sözlə hər şey edirlər, təkcə sənət nümayiş etdirmirlər. Üç-dörd qadın var, niyyətlərini rəftarları ilə açıq-açığına bildirirlər. Utanacaqları həya hissləri yoxdur axı, nədən ar-ayıb eləsinlər? Həya onlarda çoxdan ölüb, özlərini də özləri öldürəcəklər: seçdikləri əyri yollarla.

Müğənnilərin təbliğatı ilə təkcə televiziyaçılar məşğul deyillər. Onlarla ictimaiyyətin görüşünü mədəniyyət müəssisələri də təşkil edir. O müğənnilərlə ki, səsləri yoxdur, mahnıları gülüncdür, sənət anlayışından xəbərsizdirlər. Xalqa  dəbdəbəli həyat, soyunmaq, qalmaqal göstərdikləri üçün onları efirə çıxaranları qınayır, televiziya rəhbərlərini pisləyirik, bəs mədəniyyət müəssisələrinə nə deyək?

Heç bir müğənni, idarə rəhbəri ilə dostluğum, düşmənçiliyim yoxdur, iradım, məyusluğum millətə görədir. 

Xatun Əliyeva ilə görüş təşkil etməklə insanlara nə ötürməyə çalışırlar?

Gəncləri, tələbələri həyat yolu örnək olan ziylalılarla, ömrünü elmə həsr etmiş alimlərlə görüşdürməkdən niyə qorxurlar? Maraqlı söhbət olar, cavanlar ruhlanar, yaxşı nümunə götürərlər. 

Yazıçı, şair, jurnalist qalsın bir yana, təhsil, elm adamları ilə canlı ünsiyyət yaratmaq lazımdır. "Həmişə ciddi veriliş olmaz, əyləncə də vacibdir" deyə-deyə bizi kefcil elədilər. İndi də təlabatın müğənnilərə olduğunu bildirib özlərinə haqq qazandırırlar. İstiqamət, yönləndirmək, maarif işi anlayışı boşuna işlənir?

Səviyyəsizlər, küçə tərbiyəsi ilə böyüyənlər mikrofonun (səsinin yox) səbəbinə xalqın artisti kimi təqdim edilirlər.

Şalvarı azca aşağı sürüşən oğlumuza səliqəsizliyi böyük problem kimi irad tutaraq: "ədəbli geyin"  deyə acıqlanırıq. Gizlində qalmalı yerlərini açıqda qoyub efirə çıxanlarsa bunu sənətin adına bağlayır, xalqa mədəniyyətdən, əxlaqdan təlim keçirlər. Ona görə ki, fəxri ad eyiblərini örtüb dillərini uzun edib.

Bu səhnə mədəniyyəti deyil, mədəniyyətsiz səhnədir.

Sizi (onlara baxanları) ağladan da tapılacaq, güldürən də... təkcə düşündürən üzünə həsrətsiniz, ona da təəssüflənən deyilsiniz. 

Mənə heç bir narahatlığı yoxdur, televiziyaya baxan deyiləm, baxanların halına yanıram: əvvəl elə, indi də belə.

Oxuduq ki, telekanalların rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Sevindik, ümidimiz artdı.

Gecələriniz xeyirə qalsın, sabahlarınız xeyirə açılsın, axırınız xeyir olsun.

"Xeyir olsun bunları oraya niyə çağırıblar?" 

Mənim sualım deyil. Məndən soruşublar – bu barədə heç bir biliyi olmayan məndən. İki kitab oxumuşam deyə elə bilirlər məmləkətin işlərindən başım çıxır. 

– Xeyir söyləməzlər nə proqnozlaşdırırlar?

Bu isə mənim sualımdır.