adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
29 Mart 2024 09:02
1523
ƏDƏBİYYAT

Folkner və Mirzə Cəlil

(ixtisarla) 

III hissə

Mirzə Cəlil: – O vaxt məni Təbrizdən Bakıya çağırdılar ki, gəl şura Azərbaycanında sənə iş verək. Məni onun (Əliheydər Qarayevin) yanına apardılar. Qayıtdı ki, sən gəl bir “Allahsız” jurnalı çıxar, at getsin “Molla Nəsrəddin”i. Dedim bə mən? Qayıtdı ki, anlamadım. Sonra həmin təklifi bir də dilinə gətirəndə yenə ərz etdim ki, bə mən? Üçüncü kərə bir də deyəndə və məndən üçüncü kərə də “bə mən?” sualını eşidəndə necə cin atına mindisə, demək olar, qovladı məni odasından. Halbuki, mən “bə mən?”deyəndə, yəni “Molla Nəsrəddin” necə olsun?” demək istəyirdim. 

Jurnalist İntiqam Mehdizadə: – Axırı nə oldu o söhbətin? 

Mirzə Cəlil: – Sonra bir başqasını tapıb “Allahsız”ı ona həvalə elədilər. Bax belə. Mənim qovğam dindən, şəriətdən bixəbər başabəla mollalarla olub. Mənim Allahnan nə işim var? Bütün işlərin sahibi O deyilmi? (Bu əsnada əynində kübarlara məxsus köhnə kürk, soyuqdan əllərini bir-birinə sürtərək otaqda var-gəl edən Həmidə xanımı səsləyir.) Xan qızı, Sənə mələməmiş quzu kəsim, götür o bir bağlama əlyazmamı da tolazla sobaya, mən işdən gələnəcən uşaqlar soyuqdan qırılmasın... Nə gözünü döyürsən, canımızdan artıqdır? 

İntiqam Mehdizadə: – Ustad, siz neyləyirsiniz?

Mirzə Cəlil: – Ə, kiri!

İntiqam Mehdizadə: – Və mən kiriyib ustaddan üzümü bu yana çevirmişdim ki, Seyran Səxavət böyrümdə nazil oldu.

Seyran Səxavət: – İntiqam, səni bilmirəm, amma mən elədiyimi eləmişəm. İndi qalır... Nə isə. Gəlirsən gəl, gəlmirsən mən gedirəm. 

İntiqam Mehdizadə: – Hara? 

Seyran Səxavət: – Ora. 

İntiqam Mehdizadə: – Seyran! Seyran ho-o-oy...

Seyran Səxavət: – Ə, mən səni dünyanın o başında qoyub gəlmişdim, haçan gəldin ki, məndən qabağa düşdün? 

İntiqam Mehdizadə: – He-he-he... Ə, ağzında internet deyirsən, bir saniyənin içində səni burdan ora, ordan da bura çatdırır. Yaxşı, de görüm harda yer tutaq özümüzə, böyür-böyürə əyləşək, yoxsa...

Seyran Səxavət: – Sən üzü qibləyə. Mən üzü şimala. 

İntiqam Mehdizadə: – O niyə?

Seyran Səxavət: – Heylə məsləhətdi.

İntiqam Mehdizadə: – Onda rus ayılarına məndən salam deyərsən.

Seyran Səxavət: – Sən də ərəb səhralarında Məcnunu görsən deyərsən özündən 9 yaş böyük Leyliyə çox da bənd olmasın. Döndər onun ağzını şimal səmtinə, bir-iki Leyli... yox e-e... Lenadan-zaddan tapaq onunçün başın girrəsin onlarla. 

İntiqam Mehdizadə: – Tişş... Sakit! Gəlillər. 

Seyran Səxavət: – Ə, çiş vaxtıdır?

İntiqam Mehdizadə: – Ə, çiş yox e, tiş, yəni sakit. Yetmiş iki dil öyrənmisən. Uruscanı da bil də. 

Seyran Səxavət: – Bıy-y... Doğrudan a... sakit, gəlirlər... Tiş-ş-şşş... Görəcəkdir, vallahi görəcək. 

Bu yazıya nöqtəni qoyalı canımı dərd bürüyüb ki, aya, görəsən, burda adı çəkilən rəhmətliklərin ruhu məndən inciməz ki? Yaxud sağ qalanlar (Allah ömürlərini uzun eləsin) bu yazının janrını öz bildikləri həngi ciddiyə yozub məni Avropa məhkəməsinə verməzlər ki, yaxud iraq-iraq üstümə pul cəriməsi qoydurmazlar ki? Rica edirəm, əzizlərim. Zəlimxan demiş, heylə fikrə düşsəniz, mana da, xozeynimə də yazığınız gəlsin. 

Xor: – Nə xozeyn? Hansı xozeyn? 

İntiqam Mehdizadə: – Bəs bilmirsiniz, bu yaşımda hələ də evsizəm axı. İllərdir kirələrdə can çürüdürəm. Mən heç. Tutalım, möhtərəm hakim şikayətləri qəbul edib filan qədər “srok” kəsib damlatdırdı məni. Bəs onda iyirmi beş ildir erməninin didərgin saldığı, Bakıda iki yerdə evi olsa da, məndən aldığı kirə haqqıyla dövlətdən aldığı sosial yardım hesabına dolanan o binəva xozeynimin günü-güzəranı necə olar? Hıy? Bəlkə, bu işdə axır vaxtlar söz meydanında at oynadan, xoruz səsi eşitməmiş janrlarda yazılar guppuldadan qələmdaşlarım köməyimə gələ, bu yazının janrını fikirləşib tapalar ki, şikayətçilərin kəkliyin azdıra biləm. ... bir janr qondarıb da məni bu cəncəldən qurtarmaq nəmənə şeydir ki? Yaxşı, fərz eləyək ki, tutulub getdim... Aha! Stop! Tofiq abi demişkən, hoppala! Necə-necə, “fərz eləyək ki?”Doğrudan a-a...dilimizdə belə bir söz də var axı: “fərz”, “fərəzə”, “fərziyyə”. Bir daha hoppala! Tapdım. Bu da təzə bir janr – Fərziyyə. Yenə özümə şükür. Adını mən qoydum, ömrü... Şirməmməd müəllim demiş, azreyilin gözündən uzaq.

 

 İntiqam Mehdizadə                                                                                                               

 2010-2017

Bakı – İsmayıllı