ERMƏNİLƏRƏ  30 İL DƏDƏ BOYU VERMİŞDİK…Aqil ABBAS yazır

AQİL ABBAS
1416 | 2024-07-22 13:07

Bu 30 illik  dədə boyu  müddətində Qarabağı çapdılar-taladılar. Təkcə Ağdamdan heç nə demirəm, elə 200 min tondan artıq metal apardılar. Hər evin bir dəmir darvazası, hər evin bir qaraj darvazası və on mindən çox da evin və inzibati binanın  dəmir, taxta-puşları. Qəbiristanlıqlardan minlərlə mərmər başdaşı və sinədaşları  söküb  apardılar, eləcə də Füzulidən. Sənaye  obyektlərini də  daşıdılar. Meşələrimizdəki  qiymətli ağacları daşıdılar. 
Beləliklə, Azərbaycana   800 milyarddan çox zərər vurdular. 

Onu da qeyd edim ki, Ağdam və Füzuli yerində olsaydı, bu 30 il müddətində  sənayesi və kənd təsərrüfatı  çalışsaydı ölkəmizin illik büdcəsi indiki kimi 34 milyard manat  yox, 50 milyard manatdan  artıq olardı.

Özlərinə qondarma Artsax yaratdılar, qondarma  prezident  seçdilər və sonda dədə boyu müddəti  qurtardı. Müzəffər ordumuz Ali Baş Komandan, Möhtərəm prezident İlham Əliyevin sərkərdəliyi ilə onların  30 illik  dədə boyuna 44 gündə son qoydu. Separatizmin  kökünü isə 24 saata kəsdi.  Bizə meydan oxuyan  uydurma  prezidentləri  və əshabələri  hazırda DTX-nın həbsxanasında onlara  verəcəyimiz cəzanı gözləyirlər. 

İndi 30 illik dədə boyunda  heç bir qələt edə bilməyən, əlləri ABŞ-ın və Fransanın qurbağalı  aşından  olan  Ermənistan sülh müqaviləsini uzadır. Nə qədər  uzadacaq? Artıq dədə boyu  vaxtı qurtarıb. Day onlara nənə boyu vaxtı da verməyəcəyik, Dəmir Yumruq boyunlarının dalındadı. 

Şuşada keçirilən Qlobal Media Forumunda Cənab Prezident  bir daha Ermənistana, Fransaya  və bütün dünyaya mesaj verdi ki, Ermənistanın  silahlandırılması erməni  xalqını məhvə aparır. 
 

TƏQVİM / ARXİV