Elə bil 60 “Altmış”-dan çoxdur! - Mir Şahin Ağayev yazır
Rəşad, əzizim, bilmirəm fikir vermisən ya yox, amma insan heç vaxt özü özünü görmür. Vücudunun müəyyən hissələrini (məsələn, əlini, qolunu, ayağını…) görə bilər.
Amma tutaq ki çənəni, hətta gözünün bir neçə millimetrliyində yerləşən qaşını və s. öz gözünlə görə bilməzsən. Bunu vasitəçisiz etmək mümkün deyil. Mütləq nəsə olmalıdır: şəklin onda əks olunsun ki görəsən. Adamı bütünlüklə yalnız başqası görür. Yəni bizi orijinalda ancaq özgələr görür. Özümüz üçün ancaq kopiyayıq. Yaş da insanın özünə görünmür.
Yaşımızın simamızdakı, hərəkətlərimizdəki rəsmini yalnız başqaları görə bilir. Mən Səndə 60 yaşın üzünü gördüm! Hiss etdim! Duydum! İkimiz də peşəkar redaktoruq. Etiraf edim ki, “Altmış” sözünü 60 rəqəmindən çox sevirəm. Elə bil 60 “Altmış”-dan çoxdur! Ona görə!) Hər halda mənə belə görünür. Dost, altmış yaşın guya var, əslində isə… yoxdur! O yaş yaşanıb gedib artıq. Bəs üstündə nə qədəri qalır? Onu da nəbzin bilir, ürəyin bilir, Allahın bilir. Sənə güclü hafizə arzu edirəm. Çünki ömür-yaddaşının yadda saxlaya biləcəyi qədər olur. Nə uzun, nə də qısa! Ömrün olsun! Yadında çox qalsın! Yadımızda çox qalasan!