26 Avqust 2024 18:09
445
ƏDƏBİYYAT

Kaş bu səhər nurla açılaydı: yenidən günəş doğaydı... 

Nəsiman Yaqublu. Bu ad bizim üçün müəllimdən daha çox azərbaycançılıq məfkurəsinin izahedicisi idi. Jurnalistika adlanan informasiya məktəbinin milli tarix köşəsində alimin adı çəkiləndə hər kəsin o ünvana sayğı və ehtiramı duyulurdu. Çünki, o səbəbə ki, Nəsiman Yaqublu yaradıcılığı oda, işığa bənzəyirdi. Xain kəsləri yandırır-yaxırdı. İşığı ötən milli ruhsuzlara da, qaranlıqda itən sapı özümüzdən olanlara da yolunu azmamaq üçün işıq idi. Onun dünyagörüşü və Vətən sevgisinə heyran qalmamaq, ötəri yanaşmaq əldə deyildi. Hər zaman deyirdi ki, "Azərbaycan Azərbaycandan böyükdür". O, Vətən torpağının o tayını da, bu tayını da sevirdi. O, Azərbaycanı, həm də Azərbaycan mətbuatını uşaqdan-böyüyə hər kəsə öyrətdi, bəli, öyrətdi.

Professorun Universitet auditoriyalarındakı ay-ulduzlu hilalımız qədər mübarək, Vətən xəritəsitək müqəddəs fikirlərinə qəlb kəsilən hər tələbə tarixin sehrinə düşürdü. Nədə idi Nəsiman Yaqublu sehri ki, insanlar onun elminin təsirindən ayrıla, qopa bilmirdi? Çünki onun səsi ən əvvəl millət auditoriyasından eşidilmişdi. O səs həmişə odlu-alovlu və şaqraq duyulurdu. Əslində isə Nəsiman müəllim təbiət etibarilə sakit və təmkinli ziyalı idi. Onun adının önünə istənilən mənəvi ağırlıqda təyinləri qoya bilərik. Ancaq düşünürəm ki, "milli ruhlu ziyalı" ifadəsi kifayət edər. O mənada ki, hələ müstəqilliyimizin ilk illərində Nəsiman Yaqublu "Xocalı qırğını” adlı kitabı ilə erməni vəhşiliyini dünyaya çatdırdı. Müəllif Ağdamda oldu, faciə şahidlərilə görüşdü, milli qəhrəman Allahverdi Bağırovla birgə ermənilərlə danışıqlarda iştirak etdi, Naxçıvanik istiqamətindən qətlə yetirilmiş insanların meyidlərinin daşınmasına köməklik göstərdi. Beləcə həmin kitab ərsəyə gəldi. Sonradan erməni quldurları müəllifi ölümlə hədələdi. Həmin kitabda dəfələrlə təkrarlanan "Erməni vəhşidir. Erməni tirandır. Erməni qan içir. Erməni Allahın adında bütün insanlığın çirkli bir ləkəsidir. Hər zaman ermənidən xəbərdar olun..." həqiqətləri yatmış dünyanı oyatmağa, türkləri isə çomağı əldən yerə qoymamağa səsləyirdi. 

Ötən ay Jurnalistika fakültəsində qiyabi tələbələrin diplom müdafiəsi keçirildi. Mövzum Qarabağa aid olduğu üçün Nəsiman müəllimin haqqında danışdığım "Xocalı qırğını" adlı kitabından bir neçə cümləni təkrar etməyi özümə borc bildim. Diplom müdafiəsindən bir neçə həftə öncə də fakültədə görüş təşkil olunanda "İstiqlal" qəzetinin məramnaməsini söylədim. Çünki yaxşı bilirik ki, Nəsiman Yaqublu  dünənlə — Azərbaycan Xalq Cümhuriyyətinə, bu günlə — müasir və müstəqil Azərbaycana min tellərlə bağlı ziyalı idi. O, milli ruhu ilə dünəni bu günə, bu günü sabaha daşıyırdı. Ötən il Bakı Dövlət Universitetində Nəsiman müəllimin kitablarının təqdimatında iştirakımı xatırladım. Tədbirin sonunda öz fikirlərimi söylədim. Dedim ki, Şirməmməd Hüseynovun vəfatından sonra milli mətbuatımızın üzərinə buludlar qara örtük sərdi. Çox keçmədi ki, bu qaranlıq ərşə çəkildi. Əvvəlcə buludlar arxasından günəşin şəfəqləri göründü. Sonra özü. Bax bu günəş Nəsiman Yaqublu idi. 

Acı təəssüf ki, bu gün Nəsiman müəllimin vəfatı ilə yenidən milli mətbuatımızın üzərini qara buludlar aldı. İndi bu buludlar Şirməmməd müəllimin, Nəsiman müəllimin yoxluğuna ağlayır... Ancaq dahi Nizami demişkən, "günəşi örtsə də qara buludlar, Yenə günəş adlı bir qüdrəti var".

Əli Hüseynov 
Əsgər İsmayılov