07 Sentyabr 2024 22:27
149
ƏDƏBİYYAT

"O"NA MƏKTUB - Emin Pirinin şeirləri 

"27 OKTYABR"A

Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini-
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən körpə səslərini-
sevdim gələcəyini.
Sevdim
el var, oba var-
daha demirəm nəyini sevdim.

Səni üzənin evi yıxılsın,
yıxılsın lap belə nəyi yıxılsın...
Fitili çəkilmiş qumbarayam
at məni
dərdlərinin səngərinə.

Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında
ötüb Zəngəzur səmasından:
"əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq".

Səni səhər sevdim-
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim...

Səni axşam
Səni günorta
Səni səhər sevdim, 
Demirəm necə sevdim
Ay zalım sevdim səni.

SƏN, MƏN VƏ PİANİNO

Boyatlamış dərdlərin var,
boyat, köhnə dərdlərin.
Adam da sadiq olar-
dərdlərinə, dərdlərinə?!
Əl atıb qoparsam
ürəyindən kədərini.
Görərsənmi-
əllərimi, əllərimi?!

Dəcəl barmaqların  var,
dəcəl barmaqların.
Pianinonun dillərində
yandıracaq yalnızlığın işığını.
Söndürsəm “min illik” alovunu-
elə pianinonun dilləri üstdə
elə pianinonun qucağında,
qucağında.
Sevərsənmi-
günahımı, günahımı?!

Bir qızımız olar
gözləri  qəhvəyi gülən-
elə sənin kimi.
Qoşulub ona gülə-gülə
saçlarımı yolarsanmı,
Yolarsanmı?!

Alın yazımın qalan vərəqlərini
qoydum dizinə sənin.
Kimi istəsən sil alnımdan,
yaz öz adını.
Yazarsanmı adını,
yazarsanmı?!

Sənsiz-
Oyuncağı əlindən alınmış uşaq kimiyəm.
Çağırsam ki, gəl-
sevindir bu saqqallı uşağı-
Gələrsənmi,
Gələrsənmi?!


O...YOL...YAĞIŞ...KÜLƏK...
(Xoşbəxtliyə bircə hərf çatmır:"O". R. Əhməd)

Buludlar dən səpər yerə,
yollar göyərçin kimi
dənlər yağışı.
"Bayatı şiraz" kimi evlər
dinlər yağışı.

Dodağı çatlamış asfalt küçələr
yağışı partdaq dodaqlarına çəkdiyi kimi
çəkərəm ciyərlərimə
mənə nəfəs verən öpüşlərini.

Bir yağış damlası olaram
qoparam buludların bətnindən saçlarına...
çırparsan tellərini
düşərəm ovuclarına.
Qaldır əllərini dodaqlarına:
nəfəs ver, isit məni...

Bir külək olaram.
Sonra...
Sonra dəcəl uşaqlar kimi
Qapını döyüb qaçaram.
Açarsanmı qapını?
Açarsanmı ürəyini?

Boya kimi çəkər
dodaqlarına
bir dünyalıq çəhrayı təbəssümü.

Çırpar,
çırpar buludlar yerin başına.
Zərbədən yıxılan yollar,
sərilər ayaqların altına.

Ürəyim yeriyər çəkmələrinlə
dənlər yerişinin addım səsini.
İndi pozacaq iş sükutunu
gecələr addımlayacaq "əsmər yuxum"da.

O yağış mənəm,
O külək mənəm,
O yol mənəm.
O mənəm.
O...
O..
O.


NAXÇIVAN ARZULARI

Sənsiz-
Azərbaycandan ayrı düşmüş
Naxçıvanam indi.

Əllərim sənə açılmış Zəngəzurdu
kəsilmiş, oğurlanmış əllərim.
De:
-Bu əllərsiz necə qucaqlayım səni?!

Söylə:
-kimə verəcəksən bu kəsilmiş əllərimi?
-yad ürək-ölkələrə?!
Ya da gözlə...
Əllərimi tapıb gəlirəm...

Gözlərimin nurunu aparan
savaş deyil,
qəhvəyi gözlərindən doğan
"Qara günəş"di.
İndi ola bilirsənsə,
əsa ol-
bu əlsiz, kor bədənə.

Sənə eşqim bir az savaş,
bir az sülhdü.
Bir az sevgi,
bir az nifrətdi.
Bağışla,
bir az qan,
bir az da göz yaşı axacaq.


"O"NA MƏKTUB

Salam, torpaq adam!
Burda həyat
gözlərinin rəngi kimi tez dəyişir.
Əsasən qəhvəyi,
ya da qara.

 Burda işimizi sorsan
“imitasiya”.
ya da anlayacağın hədəf taxtası.

Arada mərmilər kimisə sığallayır,
ya da qışqırırır
hansısa ananın yuxusunda.

Göydə mərmilərlə toqquşur
anamızın duaları.

Gördüm;
“İki balam var,
Ölmək istəmirəm,
Ölmək istəmərəm”-deyən əsgəri.
Gördüm gözlərində
hələ doğulmamış
körpəsinin ürək çırpıntılarını.
Utandım,
Utandıq.
Baxmadım daha o gözlərə
üz-üzə gəlməməkçün o uşaqla.
mən utandım
biz utandıq.
Bəlkə o uşaq da utandı bizdən.
Getdik,
o uşağı baş-başa qoyduq atasıyla.
utandıq...
getdik...
Biz utandıq o gözlərdəki uşaqdan
o uşaq utandı bizdən.
amma atası utanmadı,
utanmadı...

Ən əzizinin, sevdiyinin
yanında olmasını istəmədiyin yerdi.

Bir əsgərim var.
Su gətirəndə
pulemyot gülləsi öpdü dizini.
İndi onu görəndə dizlərim ağrayır.
Susuzluğumuz yatmadı
mayorumuzun ürəyində sərinlədi
istidən ürəyi sıxılan bir düşmən mərmisi.

Axı, biz su istəmişdik,
qan yox.
Bəlkə bura Füzuli deyil,
Kərbəladır, xəbərimiz yox?!

Oğullar döyüşür...
Analar yaralanır,
analar şəhid olur.

O oğlanın cəbhədə itən ayaqlarını görərsən
ağsayan o anada.
Gözlərini itirən zabitin gözlərini görərsən
göz yaşı quruyan o ananın yanaqlarında.
O şəhidi görərsən
oğlunun məzarında başdaşına dönən anada.

Havada rəqs edən güllələrdən
daha dəcəldir barmaqların.
O güllələr mənə xatırladır
xəyallarımı qıdıqlayan barmaqlarını.

Bilirəm, heç inanmırsan
görmədən, bilmədən
şəkillərdən sənə aşiq olduğuma.
Bilirsən, heç bu torpaqları da görməmişdim...

QIZIM

(Qarabağda və bütün müharibələrdə həlak olan körpələrə ithaf olunur)

Qızım, görə bilmədim
mənə doğru yerişini.
İndi rəsmlərin
Şəkil-şəkil iməkləyir divarımda.
 
Qızım, başdaşın özündən uca,
məzarın səndən qoca.
sənsə hələ də körpə...
 
Həbsxana köşəsində
qəfəs içindəki quş qədər azaddır
mənim sülh arzularım.
 
Qızım, bütün boş yelləncəklərdə
səni görürəm
görürəm buludsuz səmada bulud kimi,
qaranlıq gecədə günəş kimi.
 
Qızım, saçlarım darıxır -
yolmağınçün,
yanaqlarım çuxura dönüb
yerini doldurmağa -
o quyular totuş barmaqlarına həsrət
həyətim ayaq izlərinə möhtac.
 
Bilirəm, uşaqlar ölmür,
böyüklərdən küsür,
küsür bu dünyadan
və eləcə uçur, gedir...
 
Bağışla,
Bağışla, sənə dəyən güllələri.
Qolundakı metal qırıntısına gülümsə -
bir çimdik bil, böyüklərdən hədiyyə.

BİRİNCİ MƏKTUB

Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadı qaçıb.

Venesiyanın suları
gecələr pıçıldayırmı qulağına
Sumqayıtın yalnızlığını?

Heç gördünmü
Eşqə qalxmışam desin kimsə?
Hamı düşdü,
düşdü.

Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasıyçün
Allahın eşq quyusuna.
Sən də mənim eşq quyumsan
balıqların Marian zirvəsi kimi.

Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəyə, Vatikana
Yoxsa Venesiyaya?

Bədənimdən ayrı düşən ayaqlarım,
“Axilles dabanı”msan.
Kişilər qadınsız yeriyə bilməz bu həyatı.

Günəşə həsrət mamırlar
ayağına dolanıb yalvarırmı
getmə, qal, əsmər günəş-deyə?!

Üzük yerinə
öpsəmmi barmağından?!

…bəlkə də, bir itimiz olar,
adını Kio qoyarıq.
Sevgi dilində danışır itlər-
elə mənim dilimdə.
Çox yorulmuşam, şokolad qız…
Bu həyatdan nə doydum, nə də bezdim.
Yoruldum,
yoruldum, şokolad qız.

Aldadasan hamını…
Elə özünü də
Tanrını da
Onun yazdığı 75 illik ömrü də
33 yaşında
atasan özünü
dənizin qolları arasına.

Cırasan alın yazısının qalan səhifələrini
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah da köks ötürüb deyə:
“Bağışla.
Bağışla məni”.

Mənim gücüm çatan iş deyil bu iş,
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç…

İkiəlli yapışıb tavandakı ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boylanan
bir başqasının da kölgəsi
boğulub dənizdə çoxdan…
Kölgəmiz cəsarətli çıxır özümüzdən.

Yuxularımız necə
Onlar da yazılıb alın yerinə?!
Şeytan Allahın,
gecə gündüzün,
yuxular həyatın
sən mənim kölgəmsən.

Tanrılar məbədi qadın
(səngərdən məktub)

Öpüşümlə dərərəm barmaqlarını bir-bir,
çobanyastığı ləçəkləri kimi sayaram
sevir, sevir
və...
Sevir.

Unutmaq
yeri yaddan çıxan basdırdığın
mina kimidir.
bir gün üzər ayaqlarını həyatdan
gözləmədiyin anda.

Küsər,
Baxışları-
şimal buzlu okeanın sahilə vurduğu
sərt, dondurucu ləpələr kimi.

Yeddi yox,
bütün notların sayı cəmi birdi.
təbəssümündən qopmadı hər bəstə.

Gözlərin
dənizlərin şahı,
görsə
Poseydon utanardı məqamından.
Ürəyim yerindən çıxıb
düşər ovuclarına.

Sən Tanrı Kukulkan
mənsə yağış duası.
Qəlbim əllərində döyünər
rahib taxçasındakı ürək kimi.

Indi anlayırsan ki,
yollar qovuşmaq yox, ayırmaqçündü.
Bütün yolları dağıtmaq lazım,
körpüləri uçurtmaq...

Xatırladınmı,
ata anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz 
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.

Burda anlayırsan ki,
Sevmək-solunda qəlbin döyüntüsü yox,
hər sabah oyandığında
sağında
bir ürəyin yatdığını görməkdir.

Qurmaq istərsən
o uşaq kimi dünyanı.
Divardan endirib ata rəsmini
silib qoltuq ağaclarını onun şəklindən,
ayaq çəkirdi atasına 
Mərmilərin acığına.

Bilirsənmi, necə dəhşətlidir
ilk kərədən qınanmaq.
Başının üstünü kəsdirən qızın:
“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.
Deyə bilməzsən
ayaqlarının iki il öncə
mina üstündə centlmenlik etdiyini...
Protez ayağın utanar özündən
qayıda sənə:
“Xahiş edirəm, daha mənsiz get”

Məktəbdə kökə bölüşdürən uşaqları
burda mərmilər bölüşdürür 
öz aralarında, sevgili.

Bəlkə də dönərəm,
hər duamı tellərinə deyərəm
bütün arzularımı ovcuna pıçıldayaram
dodaqlarında alaram dəstəmazı,
Tanrılar məbədi qadın.