" Ellər uzadacaq şair ömrünü!" - Tərlanə Yaqubqızı yazır
Məsəl var: " Bir dəli bir quyuya daş atıb, yüz ağıllı yığışıb çıxartmağa çalışır". Yox, deyəsən, səhv elədim. Bu dəfə daş quyuya atılmayıb, daşı dünyasını keçən əsrdə dəyişmiş böyük şairimizə atmaq istəyiblər, özü də zaman- zaman. Ancaq bir həqiqəti anlamırlar ki, şairin dayandığı zirvəyə daş çatmır və onları zavallı Sizifin aqibəti gözləyir.
Fikirləşirəm ki, görəsən Yusif və Vaqif Səmədoğlular sağ olsaydılar, yenə də bu əcaib hücumlar olardımı?
Axı belə olmaz. Birincisi, adam haqq dünyasındadır, ağlımız kəsəndən ağsaqqallardan eşitmişik ki, ölən adamın arxasınca danışmaq olmaz. Amma görün hansı zəmanəyə gəlmişik ki, ağsaqqalın özü ölənin arxasınca danışır. İkincisi, imam Əlinin sözüdür, uşaqlar ata- analarından çox öz zəmanələrinə oxşayırlar. Səməd Vurğun bəy nəslindən olsa da könüllü olaraq komsomol sıralarında mübarizə aparan və bununla özünü xoşbəxt sayan zəmanə övladı idi. Üçüncüsü, gözəl şairimiz Cabir Novruzun arzuladığı kimi, nə yaxşı ki, sağlığında qiymətini almışdı- Azərbaycanın ilk xalq şairi idi!
Tələbə vaxtı akademiyanın ədəbiyyat institutunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirə dəvət olunmuşduq. İnstitutun bizdən yaşca xeyli böyük olan bir neçə qadın əməkdaşı məni xüsusi hörmətlə qarşılayanda çox təəccüblənmişdim. Sən demə, onlar məni Səməd Vurğunun nəvəsinə oxşatmışdılar. İllər sonra fikirləşirəm ki, bu, böyük şairimizə olan xalq məhəbbətinin göstəricisi imiş və mən bugünün özündə Səməd Vurğunu doğma babam kimi sevirəm. Mənə elə gəlir ki, şairin istedadına və şöhrətinə paxıllıq edib ona böhtan atanlar onu sevənləri çox məyus edir. Heç olmasa, Vidadi Babanlının " Gizlinlər" romanını oxuyub zamanla bağlı həqiqətləri oradan öyrənəydilər.
İşimlə əlaqədar müntəzəm olaraq o zamankı qəzetlərə göz gəzdirəndə Səməd Vurğunun partiyaya, Stalinə, Mircəfər Bağırova həsr etdiyi şeirlər diqqətimi cəlb edir. Bu elə bir zaman idi ki, hamı kommunizmə inanır, partiyanı tərənnüm edirdi. Amma axı Səməd Vurğun həm də " Azərbaycan" şeirini yazıb, yazıb yox, yaradıb! Uşaqdan- böyüyəcən hər bir azərbaycanlının sevə- sevə əzbərlədiyi şeir!
Təkcə bu şeiri yazsaydı belə, Səməd Vurğun xalqın sevimlisi olaraq qalacaqdı. Onu hamı sevirdi. Şairə həsr olunmuş kitabların birində oxumuşam ki, bir dəfə dostları ilə yolu bir dağ kəndinə düşübmüş. Rast gəldiyi çobandan onlara bir qoyun satmağını xahiş edir. Çoban razılıq vermir. Şair nə qədər dil töksə də, çoban inadla dediyinin üstə durur. Şair dilxor olub getmək istəyəndə çoban yapıncının altından onun şeir kitabını çıxarıb göstərir və deyir:
- Şair, mən qoyunu sənə satmaram, amma bütün sürünü ayağının altında qurban kəsərəm.
Səməd Vurğun zirvəsinə daş atmaq istəyənlər bilsinlər ki, vaxtilə ölməz şairimizin böyük uzaqgörənliklə yazdığı kimi, " Ellər uzadacaq şair ömrünü!"
Bir şeyə təəssüf edirəm ki, qızılgülün ətrini duymayıb onun tikanlarını görən adamlarla bir dövrdə yaşayırıq. Yaxşı ki, il 1937 deyil!
Bir də onu demək istyirəm ki, kitabxanaların boş olduğunu iddia edən filosof yazıçımız səhhəti və vaxtı imkan versə, Milli Kitabxanaya təşrif buyursun və oxuyan gəncliyimizi öz gözləriylə görsün.
Müəllifi olduğu " Müdriklik məbədi" ni şəxsən özüm gün ərzində fəlsəfə ilə maraqlanan oxucularımıza tövsiyə edirəm.
Amma insaf da yaxşı şeydi!