04 Dekabr 2023 20:02
1295
ƏDƏBİYYAT

Tərlan Tağı - Qəzəllər

Əhsən, ey şairi-rüsva, dərdə tabın var sənin..
Bəhri-hicran adlanan bir iztirabın var sənin...
*
Eyşi-işrət dəmlərin meyxanələrdən tutmusan,
Kim ki, rişğənd eyləyə, mütləq cavabın var sənin...
*
Son günündü, hurilərdi nameyi-amal tutan,
Xeyli təqsir qeyd olub, gör bir savabın var sənin...
*
Qorx ki, aldatsın səni bu badeyi-peymanələr,
Çox da hər bir dərdinə məlhəm şərabın var sənin...
*
Ey səhər, gül çöhrəni sən öylə ki, gizlətmisən,
Guşeyi-zülmətdəsən, bədrəng hicabın var sənin...
*
Ey gecə, sirrin nədi, sürdükcə səssizlik hökm,
Büsbütün aləmləri örtən niqabın var sənin...
*
Yaxşı ki, istəklərin hər dəm deyil, ay bəxti kəm,
Doldurar ilham pərin, bir nimçə qabın var sənin.
*
Yüz ilin sərf eyləyər Tərlan sənə hicrində, gəl,
Qorxar ar olmaz sənə, qorxmaz əzabın var sənin...


Ölümün pəncəsinə atlasa qəlbim bu gecə,
Sən də yoxsan məni bəs saxlayacaq kim, bu gecə
*
Qələmin tutsa əlim, yazsa ürək son şeirin
Əcəlim pəncərədən eyləsə him-cim bu gecə..
*
Səni xatırladacaq dəysə mürəkkəb varağa,
Yenə zalimcə yanaş, olma mülayim bu gecə...
*
Səni söznən çəkirəm nəzmə gözəl rəsm olacaq,
Can atırdım bürüsün, ruhumu tilsim bu gecə...
*
Ayrılıq nəğməsini gəl, elə bir bəstələyək
Titrədər könlümüzü bəlkə sarı sim bu gecə...
*
Tağının son sözünü salma yerə, yaxşı deyil
Necə oldun bir ömür, ol mənə hakim bu gecə!...


Vüsalın eylər ümid, ruhunu dərd-sərdə tutan.
Bəlkə də tapdı dəva üz yenə bu dərdə tutan...
*
Süzülərkən yumulur kipriyi göz, gözdən itir,
Ya küləkdir buludu ay üzünə pərdə tutan?...
*
Hanı idrak eləyən əhli-xiridar, ey dil,
Zəri yox, hər kiçicik zərrəni zərgərdə tutan...
*
Sübhəcən keçdi zaman, biz hələ meyxanədəyik,
Qəflətən verdi azan - nəbzini minbərdə tutan...
*
Söz ilə etmir izah sonrakı peşmançılığı,
Sevinib ağlasa da göydə gəzib yerdə tutan...
*
Gəl uzaq dur, çevirib ağrılı röyyayə səni,
So(n)ra kimdir səni illərlə vərəqlərdə tutan...
*
Ziyanın arif olan tez yarısından qayıdır,
O qədər var beləcə - öz xeyirin şərdə tutan...
*
Düşmə ruhdan sağ ikən qiymətini bilməsələr,
Olacaq büst qurub, şəklini mərmərdə tutan...
*
Nə qədər olsa zərif, düz kəsəcək əyriləri,
Qazanar ağlını öz nəfsinə sərkərdə tutan...
*
Neçə şairlər olub, dərdini gizlətdi qəzəl,
Biri Tərlan, çalışıb sirrini dəftərdə tutan...


Qəm dindi bu sinəmdəki dağlar arasından:
Həbs et məni bir küncə otaqlar arasından...
*
Naz eylədisə gül  bəzənib xarın içindən, 
Bülbül gələcək vəcdə budaqlar arasından... 
*
Baxdıqca yaxınlarda görünməz gözə, bildim
Qeyb oldu xəyalın ki, uzaqlar arasından... 
*
Şair olalı xoşdu xəyal ilə güzarım, 
Tapdım səni lap köhnə varaqlar arasından... 
*
İsmindi deyə lap ürəyim çəkdi xəcalət, 
Çıxmış dəli bir kəlmə dodaqlar arasından... 

Yatmışlara söz kar eləməz dinmə, danışma, 
Həmdəm sayasan tapsan oyaqlar arasından... 

Yəqindi ki, öz ömrünə zinət qazanıbdır
Kimlər ki, tapıb haqqı nahaqlar arasından...

Xoş gündəkilərdən baxıram kimsə görünmür
Dar gündə gözə, arxa-dayaqlar arasından... 
*
Sağlam gələcək naminə tənbehlə, əzizim,
Nadinclik edən varsa uşaqlar arasından...
*
Əlbəttə müsafirdi Tağı getməyə qalsa
Gördüm onu ən üzlü qonaqlar arasından...

“Keçirəm*

Bir gün - üç, dörd ay olar məhlədə kefsiz gəzirəm,
Düşünürdüm, həyatın keçməkeçinnən keçirəm?!

Deyəcəkdim, vüsala can atacam yetmək üçün,
Onda gördüm kədərin, dərdin içindən keçirəm...

Ona xatir yaralı ruhumu azad elədim,
Nə günahın görürəm day, nə suçundan keçirəm...

Dəli ruhum nə(y)sə dağlarda qərar tutmadı heç,
Görüb aşiqləri səhradə köçündən keçirəm...

At muraddır dedilər, atla murad tapmaq üçün,
Beş qoçundan keçirəm, altı keçindən keçirəm...

Mən xəyal olsam əgər, sanma görünnəm gözünə,
Qaldırıb çiynimi barmağ(ı)mın ucundan keçirəm...

Gözlərindən yol alıb qəlbinəcən yetmək üçün, 
Əllərin qalsa açıq tez ov(u)cundan keçirəm...

Tərlan adətkar olub, qüssəsi on-on gəlsin, 
Yeddisindən qaçıram, ancaq üçündən keçirəm...