Qatarların,
avtobusların, digər nəqliyyat vasitələrinin təyinat məntəqəsi olur. Hamının gözlə aydın görə
biləcəyi lövhələrdə bu təyinat məntəqəsinin adı hökmən yazılır. Hansı
dayanacaqda nəqliyyata oturmağından asılı olmayaraq, bu lövhəyə görə
istiqamətini dəqiqləşdirə bilirsən.
Hər dəfə
Azərbaycan adlanan qatarın təyinat məntəqəsini düşünərkən vahimə içində
qaldığımı gizlətmirəm. O lövhəni aydın şəkildə görə bilmirəm. Bəlkə də
"siyasi cəhətdən belə bir lövhənin olmaması faydamızadır” deyilə bilir.
Avropa Birliyi yazarsan, Rusiya Birliyi təzyiq edər, boş qoyarsan, yenə də
kimlərsə boş lövhəni öz istədiyi istiqamət adları ilə doldura biləcək.
Mənim düşündüyüm nə siyasi, nə iqtisadi, nə dini, nə mədəni hədəfimizi
göstərən təyinat məntəqəsidir. Burada birbaşa düşüncəmizin təyinat
məntəqəsi ilə bağlı boşluqdan söhbət gedir. Biz Azərbaycanda yaşayan insan
kütləsinin təyinat məntəqəsinin nə, hara, niyə olduğunu aydınlaşdırmaq üçün
bir az fikir çək-çevirinə baş vurmalıyıq.
Bizdə
uzun illərdir belə bir düşüncə yer tutub ki, yanımızda erməni kimi yaramaz
bir qonşu var. Hər çıxışımızda bu qonşunun bizə qarşı hiyləgər
davranışlarından sicilləmə nitqlər söyləyirik. Bəlkə bir düşünək ki,
Azərbaycan insanının şansıdır ki, yanında, böyür-başında, keçmiş
xatirələrində, gələcək xəyallarında erməni kimi bir qonşu var. Bizim kimi
dənizi olmayan, kürüsü, qazı, nefti olmayan bir qonşu... Biz özümüz də
bilmədən nələri öyrənməyimizin fərqində deyilik. Kiçik yaşlı uşaqların
fantaziyaları zəif olduğundan, özlərindən böyük uşaqlarla oynarkən onların
davranışlarını necə təkrarladıqlarını rahatca müşahidə edə bilərsiniz.
Onlarla müqayisə fonunda biz diaspor fəaliyyətinin mahiyyətini anlamışıq.
Onların ziyalı gildiyasını necə formalaşdırdıqlarını dərindən
öyrənməyimizin vacibliyini bilirik. Onların kilsə sisteminin təşkilatçılıq
gücünə heyranlığımızı gizlətmirik. Onların təhsilə, sənətə, sağlamlığa
münasibətdə necə həssaslıq göstərdiklərini həsədlə izləyirik. Onların
xarici dövlətlərin içində hakimiyyətə, yerli özünüidarəyə, siyasətə, iqtisadiyyata,
mədəni həyata bizdən daha məharətlə sızdıqlarını görürük.
Vaxtilə
Bakıda, bizim içimizdə hansı imkanlara sahib olduqlarını erməni evlərində
kirayənişin olan azərbaycanlı rayon mühitinin yetişdirdiyi tələbələr
bilməmiş olmaz. Hətta qardaş Türkiyədə daha təşkilatlanmış fəaliyyət
imkanları ilə bizi təəccübləndirməli olurlar. ABŞ, Rusiya, Fransa bir
tərəfə, Türkiyənin özündə belə bir hədəfə doğru sistemli iş ortaya qoyan
Azərbaycan dərnəklərini, ictimai-siyasi quruluşlarını təsəvvür etmək
çox-çox çətindir. Ötən günlərdə ermənilər Qarabağ üçün marafon keçirəndə,
səhv etmirəmsə, 20 milyon dolları bir günün içində yığdılar. Buyurun,
illərdir Azərbaycan dövlətinin ortaya qoyduğu pullarla Avropanın mərkəzində
abırlı bir Xocalı tədbiri keçirmək bizlərə hələ də müyəssər olmayıb.
Məhz bu
gerçəkləri çək-çevir edərək, təqvimlərimizdə 20 Yanvarla bağlı qara
işarənin altındakı illərdir təkrarlanan təyinata baxıram: Milli Matəm günü!
Baxın, belə bir matəm gününü yalnız və yalnız təyinat məntəqəsi olmayan bir
dövlət, xalq, millət və ya insan topluluğu qeyd edə bilər. Heç "Google”da
da axtarışa baş vurmuram. Hər bir xalqın tarixində matəm olaraq qeyd etməyə
onlarla gün tapmaq olar ki, miqyasına və mənasına görə 20 Yanvar tarixi
onların yanında bəlkə də əhəmiyyətsiz qalar. 131 tələfat verdiyimiz,
600-dən artıq insanın yaralandığı o faciəli günləri əlbəttə ki, üzüntü ilə
xatırlayırıq və şəhid olan vətəndaşlarımızın taleyinə acıyırıq. Ancaq həm
də ona acıyırıq ki, sovet sisteminə qarşı bir dəfə açıq savaş imkanımız
olduğu halda, xalqımıza qarşı repressiyalara, Qarabağda erməniləri
dəstəkləməyə görə Qızıl Orduya bir nəfər də tələfat verdirmədik, bir sovet
tankını partlada bilmədik.
Təbii
ki, dövlət, bu hadisələrdə ölən, yaralanan, şikəst qalan insanlara
yardımını hər zaman göstərməlidir. Ancaq təsəvvürümə gətirə bilmirəm ki, o
qədər faciələr yaşamış, atom bombasının dəhşətini, sunami fəlakətini görmüş
Yaponiyanın təqvimində Milli Matəm günü deyə bir anlayış var. Ermənilər
belə 24 apreli soyqırım günü kimi qeyd edirlər. Bunu da matəm məqsədilə
deyil, sırf təbliğat hadisəsi kimi gözə soxmağa çalışırlar. Bu qəbildən
bizim Xocalı və 31 mart hadisələri ilə bağlı soyqırım tanıtımımız
anlaşılandır. Siyasi təbliğat vasitəsi olaraq buna zərurət var. Ancaq 20
Yanvarın siyasi və mənəvi nəticələrinin bəlkə də müstəqilliyə qədərki
dövrdə xalqın təşkilatlanmasına yönəlik faydasını düşünə bilərdik. İndi isə
Şuşanın işğalı fonunda, Qarabağın tam itirilməsi, 11 min hərbçini şəhid
verdiyimiz bu məğlubiyyət savaşı kontekstində matəm gününü təqvimdə
saxlamağın bir mənası qalırmı?
Müstəqil
dövlət qurulana qədər olan dəyərlərlə, simvollarla müstəqillikdən sonrakı
dəyərlər, simvollar arasında sərhədi dəqiq müəyyənləşdirmək zorundayıq.
Müstəqil dövlət qurulana qədər hansısa gopalogiyanı, mifik qəhrəmanları,
acıları, tarixi savaşları önə çıxarıb millətdə əsas davaya yönəlik bir
səfərbərlik duyğusu yaratmaq bəlkə də qaçılmaz addımlardan biri sayıla
bilərdi. Bunları da dozasından artıq etdiyimizdəndir ki, bu gün insanımıza
dünənin nağıl qəhrəmanının qaranlıq dünyaya eniş səhnəsini unutdurub,
işıqlı dünyaya çıxış yollarını aramağa yönləndirə bilmirik.
Özümüzü
quyunun dibində peşmançılıq duyğusu ilə hönkür-hönkür ağlayan və kiminsə
mərhəmətini gözləyən bir çarəsiz insan obrazında görürəm. Düşünmək
istəmirik ki, müstəqillik əldə olunandan sonra əsas vəzifəmiz insanlara
özümüzlə, çevrəmizlə bağlı real düşüncə konturlarını təqdim etməkdir. Hətta
Rusiya divi ilə passiv savaşımızda ABŞ və ya Avropanı simvollaşdıran Simurq
quşunun "qa” tələbinə "qa”, "qu” tələbinə "qu” cavabı verməli olduğumuzu
daha çox diqqətdə saxlamalıyıq. Onsuz da özəlləşdirilmiş baldırından ət
verməyə hazır olmayan cəmiyyətimiz divin mərhəmətinə daha çox ümid
etməkdədirsə, cəmiyyəti tələsdirmədən bu təyinat məntəqəsini doğru təyin
edərək ləngər addımlarla da olsa irəliləməliyik. Artıq bilməliyik ki, nə
qədər həsrət mövzusunda duyğusal çıxışlar etsəniz də, ədəbiyyatımızda Araz
haqqında şerlərə nadir halda rast gələcəksiniz. Çünki Araz artıq əlverişli
ticarət yoludur, həsrət yolu deyil. Ticarətdə isə şeir yazılmır, pul
sayılır. Cəmiyyətin də hər bir problemə, prosesə baxışı bu qədər bəsit və
realdır.
Sonda
xatırladım ki, bizim illərlə anladığımız, yaşadığımız din də Milli Matəm
dinidir. Matəm Dinimizi, Matəm Günümüzü və Matəm Yönümüzü bir daha gözdən
keçirərək Qələbəyə, Uğura apara bilən düşüncəmizin doğru Təyinat
Məntəqəsini tapmalıyıq!
|