adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Iyun 2023 15:46
788
ƏDƏBİYYAT

Türk dünyası sərgisi, Hüseyn Cavidin heykəli, Abbas Mirzəni yumruqlayan uşaqlar - REPORTAJ

Bir fantastik filmə baxmışdım, yadplanetlilərdən qorunmaq üçün şəhərin üzərini vakumla bağlamışdılar. Bakıda hər dəfə kitab sərgisi keçiriləndə elə bilirəm ki, həmin ərazini vakuma alırlar. Yazıçılar, şairlər və hətta balaca kənd əhalisi qədər olmayan oxucular da o ərazidə təhlükəsiz şəraitdə şad-xürrəm xoşbəxt ömür sürürlər.

İyunun 3-ü İçəri Şəhərdəki kitab sərgisində də belə idi, bugün getdiyim AMEA-nın önündəki sərgidə də.

Sərgiyə gedirik, əksəriyyəti tanıdığımız adamlar, kitab təqdimatına gedirik, yenə də onlar. Elgizin verilişindən çıxıb Xoşqədəmin verilişinə, ordan da Zaurun verilişinə gedən günə beş-on manat qazanan tamaşaçı kütləsindən fərqimiz yoxdur. Hətta biraz üstünük, biz heç bir qəpik də qazanmırıq.

O gün getdiyim sərgi Milli Kitab sərgisi idisə, bugün getdiyim “II Türk dünyası” sərgisi oldu. Türk Dünyası!

Adı eşidəndə adamın qulağına “Mənəm Türk” mahnısı gəlir, coşursan, türk qanın sürətlə dövr etməyə başlayır, “haydi igidlərim” deyib qışqırmaq istəyirsən, amma…

Ən azı AZTU, BDU, AMİU kimi universitetlərin yerləşdiyi bir ərazidə - AMEA-nın önündəki parkda keçirilən kitab və ədəbiyyat festivalında bu qışqırığının yerini köks ötürmək alır.

Vaqif Səmədoğlunun doğum günündə onun adına açılan saytın təqdimatı keçirilir, tamaşaçılar kimlərdir? Beş-on söz adamı və ASAN könüllüləri. Səhnədə isə Fərid Hüseyn çıxış edir. Kənardan dinləyirəm, situasiyanı həzm etməyə çalışıram, olmur. 

Gəzişirəm, parkda skamyalarda oturan insanlar var, həm sərginin içindədirlər, həm də sərgiyə heç cür dəxliyyatları yoxdur. Dünya içində bir ayrı dünyadırlar. 

Sizə elə gəlməsin ki, sərgidə heç adam yoxdur, var. Kitabla, əl işləri ilə və s. şeylərlə maraqlananlar gəlib baş çəkirlər. Amma nə olsun? Bu sadəcə tanışlıqdır. Onların yarısı alıcı deyil, baxıcıdır. Yarısı da ki bayaq qeyd etdiyim kimi tanıdığımız adamlar.

Dostum şair Səddam Laçınla söhbətləşirik. Yeni çapdan çıxan kitabının satışı barədə danışırıq. Gözlərindəki işartını görürəm, kitabının satılması onu necə də fərəhləndirir. 

Kitabçı Xan Rəsuloğlu zarafatyana “Mən sizi hardansa tanıyıram” deyib yaxınlaşır, salamlaşırıq, sərgi barədə soruşuram, yarım-yapalaq yaxşı keçdiyini bildirir.

Kəramət Böyükçöllə qucaqlaşırıq. 

- Kitabın necə oldu?

- Gedir işlər.

 

Fikirli-fikirli gəzirəm, dolaşıram, qəfil “gum” səsinə diksinirəm. Bu parkda bir boks aparatı var. Cavan-cavan uşaqlar gəlir, biri 50 qəpikdən yumruqlayır. Elə olur ki, 10 nəfər bir-biriylə yarışa girir. Hərəsi ən azı 4-5 yumruq. 

Hətta bu yaxınlarda parkın bu başına da bir başqası gətirib bu aparatdan qoymuşdu. Deyəsən rəqabət yaranmışdı. Amma çox dözmədi, aparatını da götürüb getdi. Uzaqdan Fərid Hüseynin səsi gəlir, Vaqif Səmədoğludan danışır, burada isə uşaqlar aparata yumruq atır - gummm. Elə bil yumruqlar aparata yox, Abbas Mirzə Şərifzadəyə dəyirdi. Hər dəfə yumruq dəydikcə Abbas Mirzə yerə yıxılır, nəfəsi kəsilirdi.

Bu uşaqları yığıb soruşsan ki, beş addım o yanda kitab sərgisi var, niyə kitab almırsınız? Deyərlər ki, pulumuz yoxdur. Halbuki o yanda, hə, beş addım qabaqda cəmi 4 yumruğa kitab satırlar.

Parkın yanından keçən insanlar gözlərini qıyıb sərgiyə baxır, sonra yollarına davam edirdilər. 

Bu parkda həmişə göyərçinlər olur. İşdən sonra buraya çox gəlmişəm. Darıxanda köşkdən tum alıb göyərçinləri başıma az yığmamışam. Bugün göyərçinlər yoxdur. 

Yolun o üzündə başında, çiynində, ətəyində göyərçinlər Hüseyn Cavidin heykəli bura boylanır. Göyərçinlər şairi tək qoymayıblar, bu dəfə uçub gediblər yolun o üzünə. 

Türk Dünyası sərgisi!

Adı eşidəndə adam qılıncını çəkib “haydi igidlərim” deyib qışqırmaq istəyirəm.

Yolun o üzündən indi daş da olsa, ən böyük Turançılarımızdan biri Cavid əfəndi dil açıb qışqırır:

“Turana qılıncdan daha kəskin uli qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”

 

Eminquey