UCALIĞIN MÜBARƏK, AZƏRBAYCAN QADINI

E S S E ..
Qadın ucalıq adının rəmzi, müqəddəsliyin simvoludur. O, Uca Yaradanın yaradılışlar arasında yaratdığı şah əsərdir, insanlığa ən böyük ərmağanı,kutsal əmanətidir... Qadın füsünkar gözəlliyin ülviyyət çələngi,əsrarəngizliyin özü, ecazkarlıq nümunəsidir! Tanrının Yaradandan sonra yer üzündə yaratmaq qüdrəti bəxş etdiyi müqəddəslik təzahürüdür. Gözəllik, Zəriflik, Nəciblik mücəssəməsidir! İllah da Azərbaycan qadını!
O, Qadın müqəddəsliyinin ən ümdə xüsusiyyətləri ilə ucalıq məqamı kimi səciyyələnə bilər. Onun varlığı, həm də, Qeyrət, Namus , Vəfa, Sədaqət paklığından yoğrulub. Mərdlik,mübarizlik, igidlik kimi ali məfkurədən yoğrulub. Azərbaycan qadını gözəlliyi, zərifliyi, nəcibliyi qədər sərt, mərd, mübarizdir. Həssaslığı, kövrəkliyi kimi dözümü, səbri, mətanəti ilə örnəkdi.
O, bir əlində nənni yüyrüyü tutub, "Cəngi" sədasında igid övladlar böyüdüb, tərbiyə edib, bir əlində qılınc tutub, at belində, düşmən önündə İgidliyi, qəhrəmanlığı ilə ər igidlərdən seçilməyib. O, cəsarəti, ər qeyrətiylə yağılara qan udduran Tomris anadır. Haqq uğruna vuruşlarda at çapıb, qılınc qurşanan şücaətli Nigar xanımdı, igidliyi dillərdə nəğməylə anılan Həcər xanımdı. İsməti naminə yad önündə oğul dağına razı olan Burlaxatundu. Sevgi sınağında hünər göstərən Banuçiçəkdi.
Sevgisində vəfa, sədaqət örnəyi Fərizədir.
Qarabağ uğrunda döyüşlərdə igidlik göstərən, yurd, torpaq sevgisinin ən ümdə fövqdə durduğunu sübut edən Milli Qəhrəmanlardır Azərbaycan qadını.
O, azğın erməni qəsbkarlarının gülləsinə tuş gələn , qeyrət, namus mücəssəməsi kimi qaya vüqarında simvollaşan igid xanımımız Gültəkin Əsgərovadır.
Vətənin dar günündə igidliyi, cəsarətiylə Azərbaycançılıq məfkurəsinin ülviliyini möhürləyən Salatın Əsgərovadır...
Mömünəxatın əzəməti timsalında müdriklik səltənəti ünvanlıdır Azərbaycan QADINI! O, Vətənə sevginin övlad məhəbbətindən ucada olduğunu təsdiqləyən Şəhid anasıdır. Qürurla çiynini igid tabutuna verib onu son mənzilə uğurlayan vüqarlı şəhid qadınıdı. Pak məfkurə işığında ölümə "xoş gəldin" deyən, " olum- ölüm" dilemmasında qalan sərnişinlərə " Hər şey yaxşı olacaq" nidasıyla həyat eşqi aşılayan Milli Qəhrəman Hökümə Əliyevadır. ..
Azərbaycan Qadını tarixən öz mənəviyyatı, ağlı, yüksək zəkası, müdrikliyi ilə varlığını sübut edib. Həyatın bütün sahələrində, o cümlədən, elm, təhsil, siyasət, diplomatiya və digər istiqamətlərdə böyük uğurlara, möhtəşəm nəaliyyətlərə imza atmış və atmaqdadırlar. Bu mənada, ölkəmizdə birinci xanım ucalığında, vətən, xalq naminə misilsiz xidmətlər göstərən Mehriban xanım Əliyevanın fəaliyyəti əsil örnək timsalıdı. Bu sırada Azərbaycan gerçəkliyinin dünyada tanınmasında mühüm işlər görən Leyla xanım Əliyevanın adı da qeyd olunmalıdır.
Beləcə, UCALIQ, ƏZƏMƏT, MÖHTƏŞƏMLİK rəmzidir Azərbaycan qadını.
O, günü- gündən çiçəklənən, siyasi,iqdisadi gücüylə qüdrətlənən, Qafqazda lider dövlət kimi dünya arenasında söz sahibi olan Azərbaycanımızın daha uca zirvələr fəth etməsində fəallıq nümayiş etdirir.Qanunverici, idarəedici dövlət orqanlarında yüksək vəzifələrdə təmsil olunur. Ölkə iqtisadiyyatının inkişafına, sosial, mədəni - mənəvi yüksəlişinə töhfələr verir...
Ən başlıcası isə o, hər zaman xalqımıza mənsub köklü tarixi ənnənələrə, milli -mənəvi, əxlaqi dəyərlərə sədaqəti, vəfası, mətanəti ilə qadın ucalığının fövqündə durmaqdadır. Zərifliyi, nəcibliyi, humanistliyi ilə seçilməkdədir. Ucalığın mübarək Azərbaycan Qadını!!!
Adilə Səfərova.,
Əməkdar mədəniyyət işçisi