19 Avqust 2019 14:58
33142
MARAQLI

Uçmaq üçün nə etmək lazımdır?

Günlərin birində bir Krala iki möhtəşəm şahin hədiyyə edilir. Bu zamana qədər belə möhtəşəm, gözəl şahin görməyən kral bu dəyərli quşları əhliləşdirməsi üçün bir təlimçi çağırır.

Aylar keçir... Şahinlərdən biri səmada süzülərək uçsa da, digər şahin gəldiyi gündən bəri oturduğu budağın üstündən heç cür ayrılmır.

Bunu görən kral ölkədəki bütün şahin təlimçilərini səfərbər etsə də, heç kim bu şahini uçurtmağı bacarmır. Sınanmamış tək bir təlimçi qalır. Kral ən sonda onu da saraya gətirir və təlimçi işinə başlayır.

Növbəti gün kral yuxudan oyandığında səmada hər iki quşun möhtəşəm bir şəkildə uçduğunu görür və gözlərinə inanmır. Tez təlimçinin yanına gəlir və o qədər təlimçimim bacarmadığı şeyi bir gün içində necə bacardığını soruşur. Təlimçi cavab verir:

Cavab çox sadədir, kralım. Sadəcə quşun üzərində oturduğu budağı kəsdim.

Biz insanlar da bəzən özümüzü güvəndə hiss etdiyimiz ərazidən çıxmadığımız üçün istədiyimiz yöndə bir dəyişiklik edə bilmirik. Belə hallarda, rahatlıq ərazimizdən kənara çıxmaq üçün üzərində durduğumuz budağı kəsməyimiz lazım olur. İstədiyiniz uçuşu gerçəkləşdirmək üçün daha çox gözləməyin. O budağı kəsin!


Tərcümə elədi: Ulucay Akif