ÜRƏK YANSA... - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
45404 | 2021-08-16 13:13

Xəstəxanada mənimlə bir palatada yatan ərəb qadınla yarıingilis, yarıərəb, yarı da əl-qol hərəkətləri ilə söhbətimiz zamanı qəribə bir təəccüblə mənə baxıb: Are you muslim? – soruşmasını unuda bilmirəm. Üzünün ifadəsindən çox şey oxunurdu. Qadına iki cavabdan birini verə bilməmişdim. Hə desəm, ərəb qadınının baxış bucağından açıq qollu koftam, cins şalvarım və açıq saçlarımla müsəlman kimi görünmürdüm. Yox desəm, içimdəki inanca xəyanət olurdu.

Məhərrəm ayını, İmam Hüseynin İslam dinindəki ali mərtəbəsini ifadə edən Aşura Günü mərasimi - insanların iradəsindən asılı olmadan əsrlərdən keçərək bugünə gəlməsinə baxmayaraq biz insanlar Allahın istədiyi tərzdə müsəlman ola bilmirik. Bugün özünü müsəlman hesab edən milyardların içindən üç yüz on üç əsl müsəlman çıxmır. Yəni, hədislərə istinad etsək, yer üzünə 313 təmiz İslam inanclı müsəlman gəlsə, SahibbəzZamanın qeybdən gəlişi mümkün olacaq! O gəlişin Yer üzünə gətirəcəyi gözəlliklərin əvəzsiz olduğunu bildiyi halda müsəlman hələ də müsəlman ola bilmir.

Bir dəfə Aşura günü (iyirmi altı ildən çox vaxt keçib) qonşu qadınlar həvəsləndilər ki, toplanıb Xırdalan məscidinə gedək. Gülmə krizi (bu sözün qarşılığını bilmirəm) olan bir qonşuma da tapşırdılar ki, nəbadə orada güləsən! Özündən asılı olmadan harda gəldi gülmək tutan bu qonşum qaynanasının cənazəsinin üstündə də şaqqanaq çəkib gülərək bütün məclisi güldürmüş və molladan böyük bir "Allah sənə lənət eləsin!”ni almışdı.

Yolboyu deyib-gülən kim, qeybət edən kim, başıbağlı məscidə tərəf gedən qadınları ələ salan kim... hara, kimin məclisinə getdiyini, niyə getdiyini heç kim dərk eləmə gücündə deyildi. Nəysə, çatdıq. O qədər qələbəlikdi ki, iynə atsan yerə düşməzdi. Basabasda birtəhər içəri keçə bildik. Qadınlar sıx-sıx oturmuşdular. Ortada qaşı tatuajlı, alnının arasında göy damğası olan və üzündə bir damcı nur sezilməyən yaşlı qadın canfəşanlıq edir, məclisi ələ almağa çalışırdı. Amma heç bir dini savadı olmadığı, alayarımçıq bir-iki hədis, dua əzbərləyib, özünü dahi hesab edənlərdən olduğu və istedadsız artistliyi hər halından bəlli idi. Özünü Hüseyn(ə) aşiqiymiş kimi göstərməyə çalışaraq üz-gözünü əzib-büzdükcə daha ikrahedici olurdu. Onu görəndə qonşular bir-birinə, sonra da oturmağa taqəti olmayan, gülməkdən və ətrafın qınağından çəkinərək özünü sıxıb məscidin ortasındakı dirəyə sıxılan qonşuya baxdılar. Vəssəlam! Bayaqdan əzabla özünü birtəhər tutan qonşumu bundan sonra tutmaqmı olardı! Şaqqanaq çəkərək hər kəsin təəccüb və qınaq dolu baxışını özünə cəlb etdi... Müsibət ondan sonra başladı. "Hüseyn aşiqi” qadın az qala qonşuma ölüm fətvası çıxaracaqdı. Ağzından çıxan o qədər tərbiyəsiz sözlərlə yaddaşımın nifrət guşəsinə düşən məsciddə hegemonluq edən qadın...

Beş il əvvəl İğdırda Aşura məclisində oldum. Bütün şəhər matəm libasında idi. Geyimlərin əksəriyyəti qara və yaşıl rəngdə idi. Başlarına üstünə "Ya Hüseyn” yazılmış yaşıl lent bağlamışdılar. Camaat basabas yaratmadan bir-birinə sayqıyla düşülmüşdülər. Mərkəzdə hocalar əyləşmişdi. Maraq məni götürmüşdü, yaxınlaşıb söhbətlərinə qulaq asdım. Dini, Aşuranı hər kəsin anlaması üçün bundan gözəl məclis ola bilməzdi. Həsəd apardım... və cahilliyə sürüklənən gənclərimizə yazığım gəldi...

Çox şükür ki, tək-tək də olsa Hacı Şahin kimi dini liderlərimiz var. Arabir ayrı-ayrı məscidlərdə oluram, amma dəyişən zahirdi, batil eynidi – özünü müsəlman hesab edən və İslamın qaydalarına riayət etməyən nadan insan yığını. Təəssüf ki, bu qaragüruhu Kərbəlada da, Nəcəfdə də, Küfədə də, Samirədə də, Məşhəddə də, az fərqlə, bənzər gördüm. Özünü müsəlman hesab edən və bir-birini əzib, tapdayıb irəli keçmək – Hz.Hüseyn(ə)in türbəsinə əl sürtmək istəyən çalışan cahil insan yığını. Bu qaragüruh üzündən getdiyim ziyarətin feyzini də ala bilmədim...

Filan məscidin axundu "hacı filankəs” deyilənlərlə dəfələrlə söhbət eləmişəm və sonda yenə məyus olmuşam. Ağızlarını açanda, söhbətlərindən savadlarını, məramlarını, inanclarını anlamaq istəmişəm. Sıfıra gəlib çıxmışam. İstədiyim nədir bilirsinizmi? Məscidlərimizdə müqəddəs Qurandakı, xəyalımdakı, filmlərdəki ideal İslamın təbliğatçısını nur üzlü, imanlı, güvənə biləcəyin qədər həlim, xoşxasiyyət, şərəfli, maraqlandığın qaranlıq sualları səni qınamadan səbirlə izah etməyə həddən çox savadı olan, içindəki dərdlərin qaranlıq tərəflərini sənə açıb izah edərək ordan yüngülləşmiş, dərs almış kimi yola sala bilən biri olsun! Bir din xadimi üçün normal olan bu deyilmi? İnsan bəzən bir ideal, istinad axtarır. Təbii ki, Quran müsəlman üçün ən ideal istinaddı, amma özünü dinin daşıyıcıları, təbliğatçıları hesab edən insanlarda bu sifətin olması vacibdi, bunu özlərində tərbiyə etməyə borcludular. Çünki insan gördüyünü götürür. Amma mollalarımızın çoxu "Dediyimi elə, elədiyimi eləmə!” deyir.

Deyir məsələn, bir yapon soruşsa ki, müsəlman necə olmalıdı? Cavab versən ki, oğurluq etməməli, yalan danışmamalı, böhtan atmamalı, qeybət etməməli, adam öldürməməli, haqq yeməməli, rüşvət almamalıdı, namusa, şərəfə toxunmamalıdı... O zaman yapon deyəcək ki, bizdə bunu heç kim eləmir ki, onda biz də müsəlmanıq? Çünki bu sadalananlar zahirdən bir hissədi – özünü insan hesab edənin etməli olduğu şeylərdi.

Dinin batininə varmaq, içdən anlamaq, hiss etmək onu sevdirə bilər – o aliliyə çatdıra bilər insanı. Məsciddə o qadının ətrafındakılara qışqıraraq: Ağlayın da, nəyə gəlmisiz bura! - deyə əmr verməsi cahilliyinin miskin ifadəsiydi.

O içdən yanmanı illər sonra, o tarixi – Həzrət Hüseyn əleyhissəlamın həyatını öyrənərək, anlayaraq, o illərə səyahət edərək təsəvvüründə o müqəddəslərlə söhbət etmə cürəti taparaq anlayır insan. Dərinə - batinə vara bildikdə, o ilahi aşiqliyin yanğısını ürəyinin göynərtisində hiss edə biləndə göz yaşların öz-özünə axır yanaqlarına. Kini, nifrəti, bütün pislikləri içindən yuyub aparır. Yaxşılıq eləmək, əl tutmaq, təbəssümünlə də olsa qəlb sevindirmək, gözəlliklər yaratmaq istəyirsən. İçindən süzülüb gələn o göz yaşlarından yüngülləşir, yeni həyata düşmüş kimi hiss edirsən özünü və sonsuz bir sevinc də dolur qəlbinə... Kaş ki, hər kəs bunu öz qəlbində hiss edə bilsə!!!

TƏQVİM / ARXİV