29 Yanvar 2023 16:43
1093
ƏDƏBİYYAT

Ürəklə yazılan şeirlər - Tural ADIŞİRİN yazır

Tural ADIŞİRİN

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işçisi

Gənc Alim və Mütəxəssislər Şurasının sədri

 

Ürəklə yazılan şeirlər

 

(Əkbər Qoşalı – 50)

 

Şeirlərinin birində “Elə bir anadan bir doğulmuşuq, özümü kağızdan ayırammıram”, - deyən Əkbər Qoşalı yaradıcılığa ömür, ədəbiyyata könül vermiş istedadlı  şairlərdən biridir. Ədəbi mühitdə tanınan Əkbər Qoşalı ömrünün 50 ilini geridə qoyur. Alnıaçıq, şərəflə yaşanılan bu 50 illik yaradıcılıq yolu onun özünə və sözünə  bir hesabatıdır. Şairin keçdiyi bu yol  “sözlərim yol çəkir, yol”,- dediyi müqəddəs SÖZdən çəkilən yoldur.

 

Əkbər Qoşalının şeir yolu öz üslubu və dəstxətti və özünəməxsus poetik yaddaşı olan yoldur. Şair, poetik yaddaşında həm azərbaycançılıq, həm də ümumtürkçülük konsepsiyasını qoruyub saxlayır.  Bu yolda həm şair, həm publisist, həm də tanınmış türkoloq kimi sadəcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Türk Dünyasında öz imzasını və yerini bəlli etmiş olur.  “Ürəklə yazdığım hər söz janrından asılı olmayaraq mənə əzizdir”, - deyən şair hər şeirini ürəklə, ürəyini zədələmədən yazıb, hər şeirinə ürək verərək səmimi duyğularla yazıb. Bu baxımdan ikinci şeirlər kitabının adını “Ürək daşı” qoyması şairin sevimli oxucularına ötürdüyü bir ismarıcıdır. Könül-Qələm-Kağız üçbucağının vəhdətindən yaranan bu şeirlər “Ürək daşı”nda şairin poetik dünyasının xarakterik ifadəsidir.

 

Professor Məhərrəm Qasımlı Əkbər Qoşalının ilk şeir kitabı olan “Ölümlərin ötəsi”nə yazdığı ön sözündə şairin özünəməxsusluğuna toxunaraq yazır: “Özünə, öz içinə çəkilmənin, dünya fövqündə durmağın fəlsəfi və poetik təqdimatında Əkbərin özünəməxsusluğu daha çox görünür:

 

  Nə kağızı dinc qoydum,

                                         Nə səni yazıq, canım

                                         Biz özümüzə doğma,

 Dünyaya yadıq, canım.”

 

Misralardan gördüyümüz kimi, şair dünyaya yad olsa da, özünə və sözünə yad deyil. Onun yanaraq yazdığı, ürək daşında əzizlədiyi sözlər şairə əbədiyaşar-lılıq qazandırır.

 

  Bunlar hamsı həmi sözdü, həm həyat,

   nəyə lazım yanmaz ocaq, kəm həyat!?.

                                       Yana-yana hərlənirik, nəhayət,

İlham gəlir, Qələm yazır, Söz qalır...

 

“Nəyə lazım yanmaz ocaq, kəm həyat”,- misrası unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Yaşamaq yanmaqdır, yanasan gərək / həyatın mənası yalnız ondadır” misralarını xatırladır. Ustadının sözünü rəhbər tutan, yana-yana yaşayan şair, “İlham-Qələm-Kağız”ın vəhədtindən yaranan müqəddəs SÖZü oxucularına ərmağan edir.

 

Milli kimlik mücadiləsi, soy-kökə bağlılıq onun şeirlərinin poetik istiqamətlərini müəyyənləşdirir. Poetik kimliyi Əkbər Qoşalının türk elinə, türk ulusuna bağlılığından gəlir. Bu baxımdan “Mən türkəm”, “Altaylardan qopan atlar” və digər şeirləri səciyyəvi cizgiləri ilə seçilir.

 

Əkbər Qoşalının poetik dili estetik çalarlar üzərində düzənlənən, sözü obrazdan obraza bürüyərək yeni məna çalarları ilə zənginləşdirir. Onun insan və zaman kontekstində qurulan şeirləri oxucunun şüuraltına təsir edən, oxucunu düşündürən, özünüdərketmə üzərində yaranan poeziya aktıdır. Şairin “Suyun şərhi”, “Torpaq”, “Qız qalası” şeirləri bu cəhətdən daha zəngindir.

 

Sənsiz olmur, gözəl adlı, gözəl su –

            ya bir qabdan tökülürsən, ya gözlərdən...

                                        Gözlərdən də yaş çıxmasa,

               quruyan boğazımız bir udum suyla açılar...

                              Bir də macal tapa bilsək,

                              üzümüzə su vururuq, su...

 

Onun istər heca, itərsə də sərbəst şeirlərində ən qabarıq cəhət şeir dilinin təmiz olmasıdır. Məhz bu təmizlik onun azərbaycançılıq konsepsiyasına dayanır, o şeirlərində yad sözlərə bacardıqca yer vermir.

 

Əkbər Qoşalının şeirləri forma baxımdan dağınıq görünsə də, diqqətli oxucu üçün bu parakəndəlik elə də önəm daşımır.  Onun poeziyasının estetik xüsusiyyəti daima yeni məzmun və məna axtarışlarında olmasındadır. Şairin güclü təxəyyül və təfəkkür qabiliyyəti onun həm sərbəst, həm də heca şeirlərində köhnə qəliblər üzərində yeni poetik obrazlılıq yaradır.

 

    Yazıya ürək, ürəyə dərd qoyarıq...

                                        Beləcə, dərd dolanar dünyada:

                       Torpaq-torpaq, daş-daş, yazı-yazı, ürək-ürək...

         Deyirəm, gedim torpaq dərdimi yazım

                                       Ürəklər daş olmamış...

 

          Şairin şeirlərində raslaşdığımız folklor deyimləri, folklor motivləri onun xalq yaradıcılığına, milli-kökə bağlılığının göstəricisidir. Məhz bu bağlılıq, milli yaddaşa sadiqlik onun şeirlərinin sənətkarlıq xüsusiyyətini daha da artırır.

 

     Bugün bitər, bitsin, neynək,
         Sabah adlı umud olsun.
         Yağış yağar, yer dirilər,
            Göyündə ağ bulud olsun.

 

və yaxud:

 

                                          Qoy sənə bir qarğış edim

alqış olsun –
                 görüm, səni ömrün boyu qız qalasan,
Qız Qalası..!
                O yanda da Oğlan Qala oğlan qalsın,
Aranızda həsrət olsun,
ancaq sərhəd olmasın.

 

Əkbər Qoşalının yaradıcılığının folklor qaynaqları içərisində aşıq şeirinin öz xüsusi yeri vardır. Şair aşıq şeiri janrlarında yazdığı heca şeirlərində  poeziyamıza təzə obrazlar və uğurlu nümunələr gətirir.  Şairin “Divani”sindən gətirdiyimiz bir nümunə onun poetik sənətkarlığının bariz göstəricisidir. Öz üslubu, şeir yolu olan şair sözün həqiqi mənasında pafosdan uzaq, poetik cəhətdən dolğun və qəlbəyatımlı şeirlər yazır.

 

Yenə də sevgidi sevgi, yenə dünyadı dünya...
            Yalan səsdi, gəlir hərdən: yeni dünyadı dünya...
            Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
         O da dedi nə gec gəldin, a canı can eyləyən..?

 

İllərlə könlündəki Qarabağ, Təbriz, Dərbənd dərdi şair Əkbər Qoşalını kövrək, qəmli bir neyə döndərmişdi. Taleyə və tanrıya şükürlər olsun ki, artıq onun ürəyinin Qarabağ dərdi bir az səngiyib. Qarabağı azad görmək, Şuşaya gedərək onun şəninə şeir yazmaq, şairin 50 illik ömür yoluna bəlkə də Tanrının ən böyük bir töhfəsidir. Arzu edirik ki, növbəti 50 illiyində o Təbrizi azad görsün, bütöv Azərbaycanın şəninə gözəl şeirlər yazsın. Böyük türk ruhunu, Turan sevdasını qəlbində əzizləyən şairin buna mənəvi haqqı çatır.