adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 11:48
77
ƏDƏBİYYAT
A- A+

Ürəyini sözə bürüyən adam - Əntiqə Kərimzadə yazır

 Yaranışı şair olan adam haqda nəsə yazmaq bir az çətin məsələdir. Axı onlar elə söz kimi doğulur. Yoğrulur- yoğrulur şeirə çevrilir. Ancaq çətin iş deyib özümü əllərimdən ürkütməyim doğru olmaz.  Deyək ki,  məsuliyyətli işdir. Belə daha dəqiq olar.  Haqqında yazmaq üçün  sözlər sadəliyi qədər çox olsa da, şeirlərindəki məna və poetik ecazkarlıq baxımından həm zəngindi, həm də çox nadir tapılır. Deyəsən labrintə düşdüm. Məncə Qulu Ağsəs haqda danışanda labrintə düşmək həm olar, həm də olmaz. Bütün bu “olar- olmaz”ların içində sadə sözlərlə ovcuna şeir yığmağı istedadının ən böyük nümunəsidir.

İllərlə  Ağdama yağan yağışlardan xəbərsiz oldu. Ağdama əsən küləklər onu üşütmədi.  Hələ əsən küləklərdə Qədirin pıçıltısını eşitdikcə “üşüyəndə özümü yandırmaq” istəyirəm, dedi. Qəriblik onun bütün vücudunu  bürümüşdü. Pilləkanları qalxanda elə bil ayağına da qəriblik geyinmişdi. Hələ desəm ki, anasızlığı şeirlərindən yağır, qaçıb şairin şeirlərini qucaqlayarsınız. 

Zaman keçdi, il oldu 2020-ci il… Qulu Ağsəsin üzündə donan  qəriblik, buz kimi əriyib yox oldu- Ağdam işğaldan azad olundu. Əriyib yox olan qəribliyin yerinə şairin ürəyinə  “Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim” yazıldı. Həmin şeiri oxuyanda   adama elə gəlir ki, sözlərin gözü körpə uşaq kimi gülür. Şairin “Şükür külünə, şükür qayıdış gününə!”  deməsi Ağdamın azadlığının ən gözəl  gözaydınlığıdır. Elə lap Ağdamsayağı. Bu xoş günə and içməyi də, bu anda inanmağı da öz yerində.
Belə xoş gündə  ürəyi sözə bürünən adamın yuxularına kim gələr? Əlbəttə, yurdunu görmədən dünyasını dəyişən doğmaları…

“Torpaqlaşan adamdan məktub” “Eşitmişəm məndən ötrü darıxırsan. Soruşma ki, bunu sənə kim çatdırıb. Təkcə insanlar xəbərçi deyil, küləklərin də  pıçıltısı olur. Deyir darıxanda şeir yazırsan. Mən də sənin kimi dözürəm, oğul. Mən torpağa hopa- hopa dözürəm, sən də torpağı  qucaqlaya- qucaqlaya… Köhnə pencəyinin cibində  qalan “Pioner” qəzetindən soraqlayırdım səni. 
Keçən bahar yuxuma gəlmişdin. Gözün gülürdü. Deyirdin ki, narahat olma ey, Ağdam azaddır.  Ta “işğal haqqı” demirəm.  Sənin bu muştuluğuna elə buludların da gözü dolmuşdu. Buludları bağrıma basdım, elə hey ağladıq. Çoxdandı buludların ürəyi məni istəyirdi, mənim də ürəyim səni. Eşitdim şeirlərində yaşadırsan Ağdamı. Yanına gələ bilmirəm, barı yuxuna  gəlim,  ay əllərindən şeir yağan, oğlum”.Şeirin mübarək, sözün mübarək, sevincin mübarək, günün mübarək”!
  
Bu “məktub” illər keçəcək Qulu Ağsəsin şeirlərinin içində olacaq, bəlkə də şeirlərindən biri olacaq. Bəlkə də…