adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 May 2022 13:16
1667
MƏDƏNİYYƏT

Uşaqların maraq və həyəcanla baxdığı nağıl-kino: "Qərib cinlər diyarında"- 45

“1974-cü ildə incəsənət universitetinə daxil oldum, bir il oxudum. Həmin ilin yay aylarında əmim Hamlet Xanızadə gəlmişdi. Əmilərim onunla söhbət edəndə soruşdular nə iş görürsən? O da dedi, Əlisəttar Atakişiyev bir film çəkir: "Qərib cinlər diyarında. Əmilərim maraqlandı ki, mövzu nədir? O da danışdı. Amma dedi ki, problemimiz var. Film çəkilir, di gəl Qəribi hələ tapmayıblar. Onda əmim dedi ki, Bəxtiyar oxuyur da birinci kursda. Apar onu, qoy çəkilsin. Hamlet də mənə dedi ki, sabah gəl kinostudiyaya.

Səhər kinostudiyaya getdim. Qapıda özümü təqdim elədim. İkinci rejissor Əşrəf Mamayev endi aşağı və dedi ki, zəhmət çəkib gəlmisən, ancaq artıq lazım deyilsən, bir nəfəri tapmışıq, get evə. Mən də gəldim evə. Üstündən iki gün keçdi. Dənizə getməyə hazırlaşanda qapıda qara "Volqa" dayandı. Dedi "Bəxtiyar burada yaşayır?". Dedim, mənəm. Dedi ki, min maşına. "Hara? –Kinostudiyaya". Mindirdilər maşına, gəldik kinostudiyaya. Əvvəlcə saldılar kostyum, daha sonra qrim otağına və beləliklə birinci çəkiliş başladı".

 

Bu sözləri mətbuata "Qərib cinlər diyarında" filmində baş rolu canlandıran Bəxtiyar Xanızadə söyləmişdi.

Uşaqların da, böyüklərin də sevə-sevə baxdığı "Qərib cinlər diyarında" filminin yaranmasının 45-ci il dönümüdür.

Adalet.az xəbər verir ki, uşaqlıq dövrümüzdə heyrətlə, diqqətlə, təkrarən baxdığımız "Qərib cinlər diyarında" filminin ekranlara gəlməsindən 45 il keçib. Beləki, film 1974-cü ildə çəkilsə də, 1977-ci ildə ekranlarda işıq üzü gördü . Filmin rejissoru isə tamaşaçılara “Bizim küçə”, “Sehrli xalat”, “Bir qalanın sirri”, “İstintaq davam edir” filmlərindən yaxşı tanış olan görkəmli operator, ssenarist, rəssam, rejissor Əlisəttar Atakişiyevdir. Qabliyyətli rejissor elə qabliyyətli- istedadlı aktyor truppası toplamışdı: Bəxtiyar Xanızadə, Muxtar Maniyev, Amaliya Pənahova, Ağahüseyn Cavadov, Hamlet Xanızadə, Gülnarə Əfəndiyeva, Firəngiz Şərifova, Ələsgər Məmmədoğlu, Mübariz Əlixanoğlu, Əhməd Əhmədov, Gündüz Abbasov, Yusif Yulduz, Sadıq Hüseynov, Gümrah Rəhimov, S. Əliyev, Ramiz Əzizbəyli, Rəşid Mahmudzadə, Cəmilə Atayeva, Fərəc Fərəcov və başqalarının sayəsində filmaz bir zamanda böyük tamaşaçı auditoriyası yığdı .

Bu filmin biz uşaqlar üçün maraqlı olmasının bir səbəbidə filmin Azərbaycan xalq nağılları əsasında çəkilməsi idi. Uçan xalça, sehirli xalat, qüdrətli qılınc, sirli qala kimi nümunələrdən sonra, görmədiyimiz amma adlarını yaxşı bildiyimiz varlıqları ekranda görmək bizə bir ayrı hiss yaşadırdı. Qorxu və maraq hissini! Düzdür,filmi qorxa-qorxa izləsəkdə yaradıcı heyətinin: ssenari müəllifi Hikmət Ziyanın, quruluşçu rejissor Əlisəttar Atakişiyevin, quruluşçu operator Şərif Şərifovun, rəssam-Fikrət Əhədovun, bəstəkar Arif Məlikovun, səs operatoru Vladimir Savinin düşünülmüş şən, nikbin, eyni zamanda dərin məzmun kəsb edən maraqlı bir əsər yaratması qorxu hissini qəlbimizdən tamamilə “silib-süpürür”. Bəlkə də çox uşaq elə o səhnələrə baxanda anlamışdı ki, dogma yurdun, dogma el-obanın, sevdiklərinin, doğmalarının dəyəri heç bir sərvətlə-varidatla ölçülə bilməz.

Kinoşünaslarda eyni fikri təkrar edir: Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir. Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası - Qərib haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını, sevgilisini tez-tez xatırlamağa başlayır...

 

Əlisəttar Atakişiyevin xatirələrində yazır: “Çəkiliş qrupu qarşısında çox mürəkkəb vəzifə durur: yeni tələblərə cavab verən yaxşı keyfiyyətli film yaratmaq. Mən konkret olaraq düşünürəm ki, filmin istehsalı üçün bizim kinostudiyanın bazasında hansı işləri görmək lazımdır. Moskvada və Yaltada mütəxəssislərlə bu barədə məsləhətləşmişəm. Ən mürəkkəb obraz Əjdahadır. Moskvada mütəxəssislərlə bu barədə söhbət etmişəm. Onlar içərisində mexanizmlər gizlədilmiş iri maket hazırlamağı təklif edirlər. Biz əjdahanı imkan daxilində qısaldılıb dörd metrəyə çatdırdıq. Bu maket iki nəfər işçi tərəfindən idarə olunacaq. Çətinliklər çox olsa da, studiya bizə kömək etsə, hər şey yaxşı olacaq. Mən bir rejissor kimi imkan vermərəm ki, film başdansovdu çəkilsin. Biz yüksək keyfiyyətli, əyləncəli, gözəl, fantastik nağıl yaratmalıyıq. Uşaqlar bu filmi gözləyirlər…”

 

 

45 il əvvəl ekranlara çıxan "Qərib cinlər diyarında" filminin çəkilişləri kinostudiyanın pavilyonunda, gəmi ilə çəkilən kadr Yasamalda olan “Qanlı göl”də, kənd həyatı Fatmayıda lentə alınıb.

 

Əntiqə Rəşid