27 Sentyabr 2024 09:00
6521
LAYİHƏ

VARLI ÖLKƏ GÜCLÜ DÖVLƏT DEMƏKDİR

Bu gün dünyanın əsas diqqət mərkəzi ona yönəldilib ki, hər bir ölkə öz iqtisadiyyatını gücləndirsin və zənginləşdirsin. Başqa cür də ola bilməz. Əgər sən bir ölkə olaraq  dünyaya inteqrasiya olunmaq istəyirsənsə birmənalı olaraq güclü iqtisadiyyatını qurmağı bacarmalısan. Güclü iqtisadiyyat isə o deməkdir ki, həmin ölkədə yüngül və ağır sənaye  sürətlə  inkişaf edir, kənd təsərrüfatı yeni bir mərhələyə qədəm qoyur və sosial sahədə insanların rifah halı yüksəlir. Hələ bu da hamısı  deyil. Çünki  iqtisadiyyatı güclü olan ölkə öz məhsulunu  dünya bazarına  çıxarır, onu brend məhsul kimi satır və bundan demək olar ki, külli miqdarda qazanc əldə edir.

Əlbəttə, bütün bunlar onu deməyə əsas verir ki, zəngin və varlı  ölkələr  istənilən zaman kəsiyində öz məqsədlərinə çata bilir və digər  dövlətlər də onlarla  razılaşmağa  məcburdurlar. İndi zaman o zamandır ki, hansı ölkə daha çevik, daha  modern  və müasir  formada  iqtisadiyyatını qura bilirsə, dünya bazarına çıxmağı bacarırsa, yenə həmin ölkə də dünya  siyasətinə də diqtə edir. Azərbaycanda da uzun  müddət siyasi-iqtisadi və sosial problemlər  mövcud olub. Müstəqillik əldə etdikdən sonra bu problemləri həll etmək, yoluna qoymaq və dünya iqtisadiyyatına inteqrasiya əldə etmək bir o qədər də asan məsələ deyildi.

Bununla yanaşı, ərazimizin  20 faiz torpağı erməni işğalçıları tərəfindən  zəbt olunmuşdu. Nə az, nə çox, uzun müddət  işğal  olunmuş ərazilərimizi nəzarətdə saxlayan və öz havadarlarının köməyi ilə bunu  uzatmağa çalışan ermənilərə  heç bir beynəlxalq təşkilatlar və qurumlar təsir etmirdi. Əksinə, bizim ölkəyə deyirdilər ki, onlar qalib dövlətdir, nə deyirlərsə, onunla razılaşın. Çünki dünyanın super gücləri – ABŞ, Rusiya və Fransa ermənilərin işğalçılıq siyasətini dəstəkləyir, işğala məruz qalanla işğalçıya heç bir fərq qoymurdular. Təbii ki, bu ayrı-seçkilik Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə nüfuzuna və mövqeyinə  mənfi təsir edirdi. Hansı  ki mötəbər kürsülərdən ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev bu ədalətsizliyi bütün dünyaya  çatdırmışdır. Həm BMT-nin iclaslarında, həm də beynəlxalq təşkilatların yığıncaqlarında Ümummilli Lider  Heydər Əliyev bu haqsızlığa qarşı etiraz etmiş, super güclərin   ədalətsiz mövqeyinə öz narazılığını  bildirmişdir.

Heç şübhəsiz belə bir siyasi-iqtisadi çətin durumda  Azərbaycan mövcud problemdən  çıxış yolu axtarır və bunu çətinliklə də olsa tapmağı bacarırdı. Zarafat deyil, həm torpağının  20 faizi işğal altında ola, həm də iqtisadi burulğanda boğulasan. Bütün bu prosesləri Ulu Öndər Heydər Əliyev çox dəqiq  müəyyənləşdirmiş və  problemlərin  çıxış yolunu da axtarıb tapmışdır. Çünki ondan əvvəlki  hakimiyyətin dövründə Azərbaycan  iqtisadiyyatı tam çökmüş, ölkənin  inkişafı üçün çox ağır  problemlər yaranmışdır. Və əvvəlki  hakimiyyət də bu problemlərin  heç birini  həll etməyi bacarmırdı. Üstəlik də imkan vermirdilər ki, yeni qüvvələr  hakimiyyətə  gəlsin və ölkəmizi bu siyasi və iqtisadi çətinlikdən xilas etsin. Axı dedik, Ulu Öndər Heydər  Əliyevin hakimiyyətə  gəlişi ilə bir  neçə il ərzində Azərbaycan iqtisadiyyatı dirçəliş yoluna çıxdı. Çünki Heydər Əliyev öncə hakimiyyətə gələn kimi ölkədə sabitlik yaratdı və ictimai asayişin təmin olunmasına münbit bir durum gətirdi. 

Təbii ki, xarici  ölkələr də o dövlətlərə sərmayə qoyur ki, orda əmin-amanlıqdır və sabitlik hökm sürür. Azərbaycanın isə zəngin yeraltı və yerüstü sərvətləri  mövcud idi. Heydər  Əliyev   belə bir  çətin  durumda dünyanın  məşhur  şirkətlərindən biri  olan İngiltərənin BP şirkətini  ölkəmizə gətirməyi  bacardı. Əsrin müqaviləsi olan  neft kontraktı məhz bu böyük şirkətin Azərbaycanla birgə fəaliyyəti nəticəsinjə gerçəkləşdi. Çünki onlar yaxşı bilirdilər ki, Azərbaycana, xüsusən də neft-qaz sənayesinə  yatırım etmək gec-tez öz bəhrəsini  verəcək. Üstəlik də  Azərbaycan neft  sənayesinin çox unikal  və uzaqgörən mütəxəssislərindən  biri olan Xoşbəxt Yusifzadə deyirdi ki, Xəzər dənizində çox zəngin neft və qaz yataqları  mövcuddur. Bunu dəfələrlə  rəhmətlik Xoşbəxt  müəllim  Ulu Öndər Heydər  Əliyevə də bildirmişdir.

Aydındır ki, Heydər Əliyev də bu cür dünya şöhrətli mütəxəssisin söylədiyi  fikirlərə  inanır və bu məqsədlə də xarici investorları  Azərbaycana  dəvət edirdi.  Çox keçmədi ki, Xəzər dənizində Xoşbəxt müəllimin dediyi  neft və qaz yataqları kəşf olundu.  Və onlar xarici şirkətlərin Azərbaycan şirkətləri ilə birgə  fəaliyyəti nəticəsində yeni texnika və texnologiyalar əasında  istismara  başlandı. Birgə fəaliyyət onu deməyə əsas verdi ki,  Azərbaycanın yüz milyardlarla dollar  dəyərində neft və qaz yataqları var. Sadəcə onları kəşf etmək, yenidən işləmək və müasir texnologiya əsasında çıxarmaq  lazımdır. Təbii sərvətlərimizin zənginliyi və əlavə qazanc gətirməsi BP ilə yanaşı, dünyanın  digər  şirkətlərinin də diqqətini cəlb etdi. Azərbaycanda iqtisadiyyatın  müxtəlif sahələrinə İtaliya, Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, Yunanıstan, Çin, Koreya və eləcə də onlarla Avropa ölkəsi  böyük maraq göstərdi. Onların şirkətləri  Azərbaycana axın etməyə başladı. Bununla  yanaşı həmin şirkətlər gördülər ki, dünyanın heç bir yerində olmayan sabitlik və sakitlik Azərbaycandadır. Hər bir şirkətin  hüquqları  beynəlxalq  qanunla Azərbaycan tərəfindən qorunur, onlarla bağlanmış müqavilə  şərtlərinə riayət olunur  və müştərək fəaliyyət üçün münbit şərait yaradılır. Belə bir münbit şəraitdə heç şübhəsiz hər bir xarici şirkət  özünü daha rahat hiss edir, qazanc qazanır və qoyduğu  investisiyanı qısa zaman kəsiyində əldə etməyi bacarır.

Bu gün Azərbaycana nəinki Avropa ölkələri, hətta müsəlman dövlətləri də böyük  maraq göstərirlər. Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanının, Misirin, İraqın və digər ölkələrin  Azərbaycan iqtisadiyyatına sərmayə yatırması onu deməyə əsas verir ki, bu gün ölkəmiz dünyaya  inteqrasiya  olunub və bu istiqamətdə çox möhtəşəm işlər görüb. Ölkə prezidenti cənab İlham Əliyev də həmişə xarici şirkətlərin  nümayəndələrini qəbul edərkən bildirib ki, qanun çərçivəsində fəaliyyət göstərən, beynəlxalq hüquqa və Azərbaycan qanunlarına hörmət edən hər bir şirkətə  ölkəmizdə yaşıl işıqdır. Təbii ki, bu yaşıl  işığın yandırılması onu deməyə əsas verir ki, dünyanın Azərbaycana marağı günbəgün artır. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.