Ver, ver bizə zəfəri! - Arzu ƏSƏD yazır
...Dünyanın iki üzü - ikili standartlar,
Yolumuza daş kimi dikili standartlar.
Neçə ki bu sevdası, bu ruhu, bu haqqı var,
Bu xalqın əlindədir bu torpağın qədəri.
Ver, ver bizə zəfəri!
...Biz baş olduq bilmədik, ayaqlara baş dedik,
Canımıza qıyana "can" dedik, "qardaş" dedik?
İnandıq, parçalandıq, sonra dönüb kaş dedik
Etməyəydik bu qansız, bu amansız səhvləri
Ver, ver bizə zəfəri!
...Yaşın o yaşa çatır, damarlarında o qan,
Dönüb keçən yüz ilin yetmişlərinə baxsan.
Bundan sonra sən daha tarix yaradacaqsan,
Qələbə - o möhtəşəm tarixin şah əsəri!
Ver, ver bizə zəfəri!
Bəzi bəndlərini nümunə gətirdiyim bu şeirim 2016-cı ildə Ali Baş Komandana xitabən yazılıb, çap edilib.Həmin illərdə mətbuatda və sosial şəbəkələrdə bu şeirimə dövrümüzün xarakterinə uyğun olaraq ikili münasibət öz əksini göstərdi. Müxalif düşərgədən olan tənqidçilərim deyirdi ki, bunlar romantik arzulardır, hansı qələbədən söhbət gedə bilər? İqtidaryönlü bəzi dostlar isə "Ver, ver bizə zəfəri" ifadəsinin sanki bir tələb kimi səsləndiyini və Ali Baş Komandana belə müraciət etməyin nə dərəcədə münasib olub-olmadığı barədə mübahisələr edirdilər. 21 bənddən ibarət olan bu şeirin hər bəndində bu müraciət Azərbaycan varlığını ifadə edən bir anlayış - xalq, haqq, ordu, cəmiyyət, şəhidlər, qazilər, əsir düşmüş soydaşlarımız, özünü qayadan atan qız-gəlinlərimiz, yer-göy, təbiət, torpaq, bu gün, gələcək və sairə tərəfindən səslənir. Yəni bu tək bir şəxsin - şairin deyil, şairin adından danışmağa məsul olduğu bütün varlığın istəyi, tələbi idi. Şair yalnız öz elçilik missiyasını yerinə yetirirdi...Hazırda vətənimizin, dövlətimizin bu günü və gələcəyi üçün olduqca məsuliyyətli, həyəcanlı anlar yaşayırıq. Dünyanın nəbzi Bakıda döyünür. Azərbaycanın mövqeyi bütün dünya üçün önəmlidir. Eləcə də bu mövqeyə reaksiya ola biləcək dünyanın Azərbaycana münasibəti bizim gələcək taleyimiz üçün önəmlidir. Yenə həmin şeirimdən bir söz adamı olaraq mənəvi haqqım çata biləcək dərəcədə bu misralarla müraciət edirəm:
...Siyasətlər, baxışlar şimşək kimi dəyişir.
Ağlın, cəsarətinlə ram et bu şimşəkləri!
Ver, ver bizə zəfəri!
Azərbaycan xalqı narahatdır, nigarandır, həyəcanlıdır, amma həm də qürurludur, əmindir. O bilir ki,
Mübarizə davam edir, ölkəm əmin əllərdədir
Kim qoruyub, kim ucaldıb, yenə həmin əllərdədir!
O görür ki,
Biz aqilik, biz zərgərik, meyarları dəyişirik,
Ürəkləri əridirik - əyarları dəyişirik!
Və mən bir vətəndaş kimi yenidən öz rəhbərimə, öz təmsilçimə üzümü tutub deyirəm ki:
İdrakın ən dərini, sözlərin ən sadəsi
Haqq və xalq - bir varlığın və ruhun ifadəsi!
Önündə haqq, arxanda bu xalqın iradəsi,
Kim durduracaq səni, haqq yolunda irəli!
Ver, ver bizə zəfəri!