adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Dekabr 2022 08:33
127
SİYASƏT

Xalqıın Zəfər tarixi

Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli OrdumuzunVətən Müharibəsində şanlı qələbəsi və işğal olunmuş torpaqları azad etməsi xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, ümumxalq birliyi ilə yanaşı, Prezident İlham Əliyevin misilsiz qətiyyəti mühüm rol oynadı.

Azərbaycan heç zaman sülh danışıqları, dialoq təkliflərindən yayınmayıb, ərazilərimizi işğaldan azad etmək üçün aparılan uğurlu əməliyyatlar zamanı belə humanitar atəşkəs çağırışlarına qarşılıq verib. Prezident İlham Əliyevin milli maraqlara söykənməklə beynəlxalq hüquq çərçivəsində apardığı xarici siyasəti hər zaman özündə ədalət və humanizm prinsiplərini ehtiva edib. Azərbaycanın münaqişənin siyasi həll yoluna sadiq olmasına baxmayaraq, Ermənistan tərəfindən açıq şəkildə təxribatçı və təcavüzkar hərəkətlərin, habelə destruktiv mövqeyin nümayiş etdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasını qaçılmaz edirdi.

Hər bir dövlətin daxili və xarici siyasətinin uğurunun təməlində, ilk növbədə, xalqın birliyi və xalqın dəstəyi dayanır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin və inamının ən bariz göstəricisi oldu. Prezident İlham Əliyev böyük Zəfərin əldə edilməsi ilə bağlı xalqa ünvanladığı müraciətində bunu çox aydın şəkildə ifadə etmişdir: “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!”

30 ilə yaxın davam edən işğalçı siyasətə son qoyan Azərbaycan Ordusu ərazilərimizi azad edərək qətiyyətlə irəlilədikcə, diplomatiya cəbhəsində də gərgin informasiya müharibəsi gedirdi və bu proseslərin mərkəzində Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi Zəfərə aparan siyasət dayanırdı.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının ən böyük meydanı olan “Azadlıq meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsi sona çatdıqdan təxminən bir ay sonra - 10 dekabr tarixində Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb.

Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi”.

Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının, onun liderinin siyasi, hərbi və mənəvi qələbəsinin təntənəsi idi. Bu qələbə sayəsində regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.

Yaşasın Azərbaycan xalqı, Yaşasın Müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

 

Əminə Ağazadə,
Milli Məclisin deputatı