Yamaldan yeni rekord
"Barselona" İspaniya La Liqasının III turunda doğma meydanda "Rayo Valyekano"nu 5:2 hesabı ilə məğlub edib.
Adalet.az xəbər verir ki, 21-ci dəqiqədə fərqlənən Kataloniya təmsilçisinin hücumçusu Lamin Yamal Avropanın 5 aparıcı çempionatında 50 qol həddinə çatan ən gənc (19 yaş 49 gün) oyunçu olub.
Yamal bu göstəriciyə görə Fransa millisinin və "Real Madrid"in futbolçusu Kilian Mbappenin rekordunu yeniləyib. Fransalı hücumçu 50-ci qolunu 19 yaş 241 günlük olarkən vurmuşdu. Üçüncü pillədə yer alan norveçli Erlinq Holann isə bu rəqəmə 20 yaş 196 günlük ikən çatıb.
Yamal bununla "Barselona"nın tarixində 91 illik rekordu da yeniləyib. O, ispaniyalı Xosep Eskola (1935-ci il, 20 yaş 356 gün) və Kataloniya klubunun tarixində ən çox qol vuran argentinalı Lionel Messini (21 yaş 120 gün) geridə qoyub.
Qeyd edək ki, "Barselona" ilk 3 turdan sonra 9 xalla turnir cədvəlinə başçılıq edir. Hans-Diter Flikin komandası növbəti oyununu sentyabrın 6-da səfərdə "Valensiya"ya qarşı keçirəcək.


Bakı -°C

