Yazıçı: “Bunun qarşısını almasaq, bizi müharibədən də böyük...”

“Mən lap çoxdan bu işin tərəfdarıyam və Şərur rayonun Mahmudkənd camaatı bu nəticəyə gəldiyi üçün onlara eşq olsun. Onların hamısını bağrıma basıram və dəstəkləyirəm”
Bunu Adalet.az-a açıqlamasında yazıçı Seyran Səxavət yas mərasimlərində ehsan verilməsinə qadağa qoyulması haqda danışarkən deyib. Yazıçı həyatımızda həddən artıq israfçılığa yol verdiyimizi bildirib və bunun qarşısını almağın vacibliyini vurğulayıb:
“Bu israfçılıq nə şəriətdə, nə həyatda, nə məişətdə, ümumiyyətlə heç vaxt bəyənilməyib. Bizdə israfçılıq həyatımızın və məişətimizin bütün sahələrində baş alıb gedir. Təkcə baş alıb getməklə kifayətlənmir, həm də bizi də özüylə aparır. Bizi özüylə fəlakətə, mənasızlığa, lap bir az da dərindən desək, Allahsızlığa aparır. Şəxsən mən doğmalarıma demişəm ki, nə vaxtsa bu dünyanı tərk edəndə mənə ehsan filan belə şeylər verməsinlər. Uzaq başı çay verərlər. Mən bütün ağlı başında olan insanları, ziyalıları o Mahmudkənd sakinlərindən nümunə götürməyə çağırıram. Eşq olsun o kəndin insanlarına. Onlara halal olsun.
İsrafçılıq bütün sahələrə sirayət edib. Ehsanı, toylarda əlli cür yemək verilməsini hardasa başa düşürük. Görün vəziyyət hara gəlib çıxıb ki, bir adam and içəndə andiçmə məqamı hardasa müqəddəs məqam sayılır, amma biz orda da israfçılığa yol veririk. Məsələn, əgər and içirsənsə, denən ki, imam haqqı. Bu deyir ki, on iki imam haqqı. Adama deyərlər ki, imamın birinə and iç, on biri də dar günə qalsın də. Bununla da kifayətlənmirlər on iki imama min şükür, and içib deyir ki, yüz iyirmi dörd min peyğəmbərə and olsun. Bu israfçılıq deyil?! Bunların hamısı bir-birindən doğur və hayatımızın müxtəlif sahələrində olan israfçılıqlar bir-birini möhkəm dəstəkləyir. Elə bil ki, bunlar bir-birinin belindən gəliblər. Bu israfçılıqda möhtəşəm bir anti-insanı təbəqələşmə gedir. Bunun qarşısını almasaq, bizi müharibədən də böyük fəlakətlər gözləyir. İnanın mənə. Ona görə də Mahmudkənd kəndinin sakinlərinə quzu kəsim, nə vaxt Naxçıvana yolum düşsə, gedib onlarla görüşəcəm, oturub dərdləşəcəm və gözlərinin içinə baxa-baxa sizə halal olsun deyəcəm”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Əməkdaşımız bununla bağlı Bakının Fatmayı kəndində də belə bir yazıya rast gəldiyini bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
