adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 20:00
81
DÜNYA
A- A+

“Zərbələrin intensivliyini artıracağıq” - Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynanın infrastruktur obyektlərinə qarşı zərbələri daha da artırmaq niyyətində olduğunu bəyan edib.

Adalet.az xəbər verir ki, Rusiya lideri bu barədə Kremldə “xüsusi hərbi əməliyyat” iştirakçıları ilə keçirdiyi görüşdə danışıb.

Rusiya lideri Ukrayna Silahlı Qüvvələrinin son vaxtlar Rusiya ərazilərinə etdiyi hücumların ölkə iqtisadiyyatına müəyyən ziyan vurduğunu etiraf etsə də, bərpa işlərinin sürətlə həyata keçirildiyini vurğulayıb.

O, Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərini davamlı olaraq gücləndirdiyini və bu istiqamətdə işlərin qətiyyətlə davam etdiriləcəyini bildirib:

“Biz Ukraynanın infrastrukturuna endirilən zərbələrin intensivliyini artıracağıq. Bununla yanaşı, daxildə təhlükəsizliyi təmin etmək üçün HHM sistemlərimizin imkanlarını daha da genişləndiririk”.

Putin həmçinin Rusiyanın hərbi sahədə yeni bir texnoloji addım atdığını da diqqətə çatdırıb:

“Ölkədə dünyada analoqu olmayan perspektivli ağır pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini təmin etmək üçün unikal peyk qruplaşmasının yaradılmasına başlanılıb. Bu orbital infrastruktur yerüstü şəbəkənin tamamilə olmadığı ən ucqar nöqtələrdə belə dronları böyük məsafələrdən kəsintisiz rabitə və naviqasiya ilə idarə etməyə imkan verəcək”.

Xatırladaq ki, bundan əvvəl Rusiya ordusunun son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin infrastrukturuna yönəlik 7 irimiqyaslı zərbə endirdiyi barədə məlumat yayılmışdı.