ZİYA GÖKALP VƏ DÜŞÜNCӘ DÜNYASI - SEYFƏDDİN ALTAYLI yazır

SEYFƏDDİN ALTAYLI
71694 | 2021-04-02 16:59

Ötən mart ayının 23-cü günü Ziya Gökalpın ad günü idi. Mәkanı cәnnәt olsun. Onun ad gününü fürsәt bilәrәk Gökalpla bağlı düşüncәlәrimi açıqlamaq qәrarına gәldim. Çoxdandır onunla bağlı bir yazı yazmaq istәyirdim, demәli, bu günә qismәt imiş. Gökalp, Türkçülük әqidәsinin böyük şәxsiyyәtlәrindәn biridir vә Diyarbәkir vilayәtinin Türk dünyasına bәxş etdiyi nәhәng bir milli dәyәrimizdir.

Osmanlı Dövlәtindә Fateh Sultan Mәmmәddәn sonra elmi anlamda başlayan yavaşlama vә dövlәt idarәsindә yoluxan rüşvәt, soyğun, yerlibazlıq, qohumbazlık kimi mәnfi vәziyyәtdәn asılı olaraq, yaranan durğunluq Qanuni Sultan Süleyman dövründә sonuncu mәrhәlәsinә gәlmiş vә bu dönәmdә xalq ilә dövlәt bir-birindәn tamamilә aralanmışdır, ancaq baxmayaraq ki, bu dönәm Osmanlının әn qüdrәtli çağıdır. Demәli, iqtisadi vә hәrbi yöndәn güclü olmaq bir dövlәtin taleyini müәyyәnlәşdirәcәk әsas göstәricilәr olmur.

XIII yüz ildә Avropada Orta əsrinn qaranlıq dövrü yavaş-yavaş geridә qalmağa vә aydınlanma addımları atılmağa başlamışdır. Bir yandan kilsәlәr vә monastrlar tikilәrkәn digәr tәrәfdәn dә üniversitetlәr yaradılmağa başlanmışdır. Xristian Avropasında o dönәmlәrdә Fransisken tәriqәtini 1209-cu ildә François d’Assis, Dominiken tәriqәtini isә 1215-ci ildә Dominikue yaratmışdır. Hər iki tәriqәt dә dilçilik, mәntiq, bәlağәt, musiqi, riyaziyyat, hәndәsә vә astronomiyadan dәrs keçərək üniversitetlәrdә kürsülәr işğal etmişdir. Renessansdan öncə Avropada elmin yaranması vә inkişafı üçün tәlәb olunan mühiti bu iki tәriqәt yaratmışdır. Grosteste XIII-cü yüzildә fizika sahәsindә sınaqlar aparmış, tәlәbәsi Roger Bacon isә Oxford vә Parisdә dәrslәr keçәrәk sınaqsız vә riyaziyyatsız dәqiq elmlәrә malik olmağın qeyri-mümkün olduğunu aşılayaraq elmin dinә hәr hansı ziyanı olmayacağını bildirmişdir. Әslәn yәhudi olan vә Fransada dünyaya gәlәn Levy ben Berson dünyanın kainatın mәrkəzi ola bilməyәcәyini irәli sürәrәk Kopernikә iz açmışdır. Onların davamçısı olan Jean Gutenbergin 1450-ci ildә ixtira etdiyi mәtbәә Avropada elmin sürәtlә irәlilәmәsinә sәbәb olmuşdur. Osmanlıda isәәl Harәzmi, әl Biruni, İbni Sina kimi Türk alimlәrinin әsәrlәrini oxuyub açdıqları yolu daha da irәli aparacaqlarına yalnızca әsәrlәrinin xülasәsinә şәrhlәr, haşiyәlәr yazmışdır. Osmanlıya mәtbәә isә ancaq 1727-ci ildә daxil olmuşdur.

Fransisken vә Dominiken tәriqәtlәri aydınlanma çağını başladaraq kilsәnin kanonik hökmranlığını dağıdıb tarixә öz möhürünü basmışdır. Dörd әsr boyunca elmi özünә rәhbәr götürәn qәrb dünyası yeni texnologiyalar ixtira etmiş, bunun yardımıyla çağdaş vasitәlәr vә silahlar buraxaraq, dünyada müstәmlәkә imperiyaları qurmaq yarışına girişmiştir.

Avropada bunlar yaşanarkәn, Osmanlı Dövlәtindә İslam alimlәri “Xızır Peyğәmbәr sağdır ya ölü, siqaret çәkmәk küfrdür, yemәyi qaşıqla yemәk İslam dininә görә caizdirmi, hәr hansı bir sәnәtlә mәşğul olmaq haramdırmı?” kimi mövzuları mübahisә etmiş, mәdrәsә tәlimi keçmәyәn bir çox şәxsә elmi rütbә verilmiş, “beşik ulәması” adlı qurum yaradılmış, alimlәrin yeni dünyaya gәlәn uşaqlarına elmi rütbә verilәrәk maaş bağlanmış, cahillәr yığnağından ibarәt olan alimlәr sinfi törәmiş vә bu sinfin mәnsubları ciblәrini doldurmaq hesabına bәzәn Yeniçәri әsgәrlәrilә әlbir olub saraya hücum çәkib sultanı vә ya sәdrәzәmi aşağı salmış, hәtta onlara ölüm hökmü vermiş, bәzәn dә sarayın tәrәfini tutub әsgәrlәrlә vuruşmuşdur.

Türk tarixinin ibrәtamiz vәsiqәlәrindәn biri isә XVIII yüzildә Hәzәrfan Әhmәd Çәlәbinin başına gәlәnlәrdir. Hәzәrfan Әhmәd Çәlәbi arı pәtәyinin şamından düzәltdiyi qanadla Qalata qüllәsindәn tullanaraq qarşı sahildәki Üsküdar sәmtinә kimi uçmuşdur. Padşah IV Murad, bu yolda verdiyi әmәklәrinә görә, ona bir kisә qızıl vermiş, sonra da “sәn başımıza bәla açacaq birinә oxşayırsan” deyәrәk bu hadisәdәn heç dә mәmnun olmadığını bildirmiş vә Şeyxülislam da “Allah istәsәydi insanlara da qanad verәrdi, sәn Allahın hökmünә qarşı gәlirsәn vә fitnә törәdirsәn” deyә fitva verәrәk onu sürgünә yollamışdır.

Dәqiq elmlәrә önәm verməyәn vә yönünü teokratiyaya çevirәrәk yalnızca fiqh, kәlam vә tәfsirlә mәşğul olan Osmanlı dövlәti XVII yüzildә Karlofça sazişiylә torpaq itirdiyindә şok vәziyyәtinә düşmüş, ziyalılarla dövlәt xadimlәri Avropa vә rus orduları qarşısında üzlәşilәn mәğlubiyyәtlәrin sәbәblәrini axtararaq yüzillәr boyu adam yerinә qoymadığı Avropanın günü-gündәn elmdә, texnologiyada divlәşdiyini görәrәk, üzünü qәrbә sarı çevirmiştir. Ancaq Avropanın elm vә texnologiyasını alacağına yalnızca yaşam tәrzini, davranışlarını, mәdәniyyәtini tәqlidә başlamış, belәliklә, nә özü olmuş nә dә tam anlamıyla qәrbli ola bilmişdir.

Bәs indi nә haldayıq?!

XIX yüzilә gәldikdә, fransız inqilabıyla gәmi azı dişinә salan qәrbli dövlәtlәr yüzillәr boyu әsla mәğlub edә bilmiyәcәklәrinә inandıqları Osmanlının üzlәşdiyi yazıq halını gördükdә iştahaları qabarmış, Osmanlı hakimiyyәti altındaki qeyri Türk xalqları üsyana tәşviq edәrәk dәstәklәmiş, Şimali Afrika, Balkanlar, Krım, Әrәb Yarımadası vә digәr yerlәrdәki hakimiyyәtini axıra çatdırmışdır.

Belә bir dönәmdә Osmanlı Dövlәti içindә Osmanlıçılıq, İslamçılıq, Türkçülük vә başqa fikir cәrәyanları yaranmışdır. Öncәlәri İslamçılıq düşüncәsini mәnimsәyәn Ziya Gökalp daha sonra bu düşüncәnin hәyata keçmәsinin mümkünsüzlüyünü görәrәk, Türkçülüyә yönәlmişdir. İttihad vә Tәrәqqi Partiyasının qurucuları arasında yer tutan Gökalp siyasi sahәdә olduğu kimi, sosioloji vә әdәbi sahәdә dә adına layiq bir yer tutmuşdur. Türk yazıçı vә şairlәrinin әsәr yaradarkən onların özülünü Türkün mifik çağlardan etibarәn yaratdığı әsәrlәrә söykәmәlәrinin vacib bir mәsәlә olduğuna işarәt etmişdir. O, Ala Geyik, Altın İşıq, Qızıl Alma vә digәr әsәrlәrini bu düşüncәdәn hәrәkәtlә yazmışdır.

Gәnc Qәlәmlәr dәrgisi ilә başlayan millilәşmә cәrәyanı Türk Yurdu, Millî Tәtәbbular, Yeni Mәcmüә mühitindә yaranıb inkişaf edәn vә Türklüyü ancaq Türkçülük ülküsünün qurtara bilәcәyini başa düşәn Gökalp, Hüseynzadә Әli Bәyin bir düşüncә olaraq dilә gәtirdiyi “Türklәşmәk, İslamlaşmaq, Qәrblilәşmәk” prinsipini Türk Yurdu dәrgisindә eyni adlı mәqalәsiylә ictimaiyyәtә çatdırmışdır. O, bu әqidәni sistemlәşdirәrәk, Türkiyә Cumhuriyyәtinin yönünü dә tәyin etmişdir. Dövlәtin yaranmasından sonra “Türkçülüyün Әsasları” adlı әsәrini yazaraq gәlәcәk nәslә möhtәşәm bir töhfә buraxmışdır.

Osmanlı Dövlәti zamanında Türkçülük cәrәyanı o qәdәr tәrәfdar tapmasa da, bu düşüncә Mustafa Kamal Atatürk vә silahdaşları tәrәfindәn hәyata keçirilәrәk, Osmanlının dağıntıları arasından Türkiyә Cumhuriyyәtini yaratmış vә onu Türk Millәtinin әbәdi ümid qalasına çevirmişdir.

Gökalpın Türkçülüyü “Turan” idealına söykәnir. Onun Türkçülüyü yalnızca şovinist duyğularla yaranmamış vә tәmәlini Türk Kültür Birliyindәn almışdır.

 

“Vətən nә Türkiyәdir Türklәrә nә Türkistan

Vətən böyük vә mәhəbbәt bir ölkәdir Turan”

 

diyәn Gökalpın bu düşüncәsi yaşadığı dönәmdәn etibarәn Türk Dünyasında öz әksini tapmışdır. Örnәk olaraq Azәrbaycanın görkәmli şairi vә ruslar tərəfindən Buzlu Cәhәnnәmә yollanaraq orada öldürülәn Hüseyn Cavidi göstәrә bilәrik. 1912-ci ildә Qara dәnizә tamaşa edәrkәn tarixin keçmiş dönәmlәrinә qәrq olan şair;

“Oxunur çöhrәsindә Turanın Şanlı tarixi, keçmiş әnәnәsi” deyәrәk Hüseyn Zadә Әli Bәy vә Gökalpın Türkçülük әqidәsinin tәqipçilәrindәn biri olduğunu göstәrmiştir. “Qoca Bir Türkün Vәsiyyәti” adlı şeirindә isә;

 

“Bir millәtin tarixidir kökü, yurdu, yuvası

Tarixiniz baş ucundan hәrgiz әskik olmasın.

“Altay” dağı, “Makan” çölü, hәm dә “Yasın Ovası”

Birәr aydın sәhifәdir, hәr Türk gәrәk anlasın”

 

deyәrәk, tariximizi öyrәnmәnin vә bilmәnin nә qədər önәmli olduğunu vurğulamışdır.

Mәrhum şairimiz, sosioloq vә ideoloq Ziya Gökalp fiziki olarak ölmüş ola bilәr, ancaq düşüncәsi vә ülküsü әbәdiyyәtә kimi yaşayacaqdır. Onun yolunu bugün Türk Dünyasında izlәyәn ordular vardır. Örnәk olarak Azәrbaycanlı şair Rüstәm Bәhrudinin bu bәndini göstәrmәk kifayәtdir:

 

“Qırğızam, Özbәyәm, Qazax, Türkmәnәm

Başqırdam, Kәrkükәm, elә görk mәnәm.

Sәnin gözlәdiyin qәrib Türk mәnәm,

Salam Dar Ağacı!

Әleyküm salam”

TƏQVİM / ARXİV