adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DOSTLARIMLA SÖHBӘT - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
1313 | 2023-05-19 15:59

1985-ci ildә TRT Türkiyәnin Sәsi Radiosunun Azәrbaycan verilişlәri redaksiyasına rәhbәr olduqdan sonra mәrhum ağabәyim Müzәffәr Özdağ ilә tez-tez görüşmәyә başladım. Onu daha öncәdәn tanıyırdım, ancaq aramızda o qәdәr dә sәmimiyyәt yaranmamışdı, çünki görüşlәrimiz müәyyәn yığıncaqlarda ayaqüstü söhbәtlәrlә axıra çatmışdı. Ankarada işә başladıqdan sonra görüşlәrimiz intensivlәşmişdi. 1991-ci ildә üzvü olduğum Azәrbaycan Kültür Dәrnәyinin Azәrbaycanla bağlı siyasәtinә müxalif olduğuma görә “Azәrbaycanı Tanıtma Dәrnәyi”ni dostlarımla yaratmışdım. Müxalif olmağımın sәbәbi dә AKD-nin Azәrbaycanın daxili işlәrinә qarışmaq istәmәsindәndi. Onlara “Bizim mәqsәdimiz Azәrbaycanın müstәqil olmasıdır. Xalqımız süverәnlik qәrarına yetişmişdirsә, xalq öz rәhbәrini seçәcәkdirsә biz ancaq qardaş dövlәtin möhkәmlәnmәsi vә qardaş xalqın azad, firavan yaşaması üçün onlara kömәk olmalıyıq” düşüncәsi idi. Azәrbaycan Milli Hәrәkatının lideri mәrhum Әbülfәz Elçibәyә hәdsiz sevgi vә hörmәt bәslәyirdim. Әminәm ki o da mәnә hәdsiz sevgi bәslәyir vә etimad edirdi. Milli Hәrәkat zamanı ona vә Hәrәkata bütün gücümlә dәstәk oldum, dostlarım buna şahiddir. Türkiyәdә vә Avropadakı dostlarımı daim bu hәrәkata dayaq olmağa yönlәndirdim, ancaq Azәrbaycan xalqının kimi seçәcәyi mәsәlәsinә qarışmadım, qarışmağa nә ixtiyarım, nә dә salahiyyәtim vardı. Bu gün dә eyni düşüncәdәyәm.

Azәrbaycanla bağlı düşüncәlәrimi vә sәmimiyyәtimi bildiyinә görә mәrhum prezidentimiz Heydәr Əliyev “Dünya Azәrbaycanılarının Birinci Qurultayı”nda mәni hәm redaksiya heyәtinә, hәm yüz nәfәrlik әlaqәlәndirmә şurasına hәm dә prezidentimiz İlham Әliyevlә birlikdә idarә heyәtinә seçdirmişdi. Bir sözlә dünәn nә idimsә bu gün dә elәyәm…

Ermәnilәr 1988-ci illәrdәn başlayaraq ruslardan gördüklәri dayaq ilә Azәrbaycan torpaqlarına tәcavüz edir, hücum çәkdiklәri kәndlәrdә, şәhәrlәrdә soyqırımlar törәdirdi. Belә bir zamanda mәrhum Müzәffәr Özdağ ilә sıx-sıx görüşür vә öhdәmizә düşәn işlәri görürdük, mәn cәmiyyәt xәttindә o da dövlәt nәzdindә. “Müstәqil Azәrbaycanla Hәmrәylik Tәşkilatı”nı yaratmışdıq, rәhbәri Müzәffәr Bәy mәn dә tәşkilatın katibi tәyin olunmuşdum. Ailәsinә, oğulları Ümit Özdağ vә Savaş Özdağa da çox yaxın biri, daşıdığım milli mentalitetә görә ailәnin sevimlisi idim.

Müzәffәr Bәyin ailәsi әslәn Kumuk-Qıpçaq köklü idi. Rusların Qafqazı işğal etdiklәri vә soyqırım törәtdiklәri zaman üzlәrini Türkiyәyә tutaraq Anadoluya köçәn bir ailәnin evladı kimi mәskunlaşdıqları Kaysәri şәhәrinin Pınarbaşı qәsәbәsindә dünyaya gәlmiş, hәrbi mәktәbi vә hәrbi akademiyanı hәmçinin Ankara universiteti hüquq fakültәsini bitirmişdi. General Camal Gürsәlin rәhbәrliyindә 27 may 1960-cı ildә hәyata keçirilәn hәrbi çevriliş zamanı qurmay yüzbaşı kimi iştirak etmiş, yaradılanMilli Birlik Komitәsindә vәzifә icra etmiş vә komitә müәyyәn sәbәplәrә görә dağıdıldığından Tokioya sürülmüş, oradan qayıtdıqdan sonra Alparslan Türkeş ilә birlikdә Cümhuriyyәtçi Köylü Millәt Partiyasına daxil olub millәtvәkili olmuş vә 2002-ci ildә dünyasını dәyişmişdir.

Mәrhum Müzәffәr Bәyin mәnim yetişmәmdә böyük әmәyi vardır vә ömrümcә onu unuda bilmәrәm. Ona hәmişә “mәnәvi ata” deyә xitab edirdim. Dәfәlәrlә “Türk dünyası bir bәdәn, onun başı Türkiyә, boğazı Azәrbaycan vә gövdәsi dә Asiya Türklüyüdür. Bu gün o boğaza sancılmış paslı ermәni xәncәri çıxarılıb atılmalı vә Türk dünyası coğrafi olaraq bütövlәşmәli, bir-birini çox yaxşı tanımalıdır” deyirdi.

Oğlu Ümit Özdağ o Tokioda sürgündә olduğu zaman dünyaya gәlmiş, tәhsilini Almaniyada Münxen Ludwig Maximilian unirversitetindә almış, Qazi Universitetindә magistr bitirәrәk burada müәllim işlәmiş dossent sonra da professor unvanını almış, Avrasiya Strateji Araşdırmalar Mәrkәzinin yaranmasında iştirak etmiş, 21-ci Yüzil Türkiyә İnstitutusunu qurmuş, bu gün dә bu vәqfin dә rәhbәrliyini yeritmәkdәdir.

Sinan Oğan İgdir vilayәtinin Mәlәkli kәndindәndir. Ailәsi Azәrbaycan köklüdür. Hәddәn artıq yaxından tanıdığım vә sevdiyim bir insandır. Әmisi Әnvәr Oğan mәnim orta mәktәbdә vә lisәdә tarix müәllimim olub. Sinanın qohumları Beytullah vә Akif Oğan ilә altı il eyni sinifdә oxumuşuq, kәndlәrindә tanımadığım çox az insan vardır. Sinan Bey, Marmara Universiteti mәzunu, Moskva Beynәlxalq Әlaqәlәr Universitetinin Siyasәt Elmi bölmәsindә doktorluq unvanını almış, Azәrbaycanda işlәmiş, Rusiya-Ukrayna Araşdırmaları şöbәsini idarә etmiş, Türksam adlı tәşkilatı qurmuş vә rәhbәrliyini yeritmәkdәdir.

Әziz dostlarım, bu gün Türkiyә aydınlıq vә qaranlıq olan iki tәrәfdәn birini seçmәk mәcburiyyәtindә buraxılmışdır. Bunda da әn böyük oyunu Amerika ilә Rusiya oynamışdır. Bu iki imperialisd dövlәtin zәrbәlәri ilә İraq vә Suriyanın başına gәtirilәn bәlalar, milyonlarla ocağın söndürülmәsi, milyonlarla insanın qaçqın düşüb Türkiyәyә yönәldilmәsi vә indiyә kimi yalnızca Suriyalılar üçün 150 milyard dollardan artıq vәsaitin xәrclәnmәsi (bunu cümhurbaşqanı Әrdoğan açıqlamışdır), Әfqanıstandan çәkilәn Amerikanın xüsusi sәylәri ilә hәrbi tәlimdәn keçirdiklәri iki milyondan artıq әfqanlı gәncin Türkiyәyә soxulması vә Türkiyәnin dә buna boyun әymәsi, Suriyada PKK-ya bir kürd dövlәti yaradılması yolunda on minlәrlә tırla yollanan silah-sursat, tank, hәlikoptәr vә bu kürd dövlәtinin qurulması üçün göstәrilәn canfәşanlıq Türkiyәni sevәn ziyalıları dәrin düşüncәlәrә yönәlmәyә vadar edir. Bir tәrәfdә bunlar olarkәn digәr tәrәfdә “Mәn Türkiyәnin bayrağına nifrәt edirәm, Türk adı mәni narahat edir, o ad hәr dövlәt qurumundan götürülmәli, Türkiyә adı dәyişdirilmәlidir” deyәn Hüda-Parın rәhbәri vә yoldaşlarının millәtvәkili seçilib mәclisә soxulması qarşısında nә edilә bilәr? Dәrin-dәrin düşünmәkdәn vә olacaqlara çarә axtarmaqdan savayı nә edilә bilәr?

Ümit Özdağ vә Sinan Oğan Türk dünyasını vә xüsusәn dә Azәrbaycanı könüldәn sevәn iki qiymәtli şәxsiyyәtdir. Ümit Bәy partiyasının adını Qarabağda qazanılan zәfәrә görә “Zәfәr Partiyası” qoymuşdur.

Azәrbaycanlı dostlarımız әmin vә arxayın olsunlar. Ümit Özdağın vә Sinan Oğanın olduğu yerdә Azәrbaycanın xilafına heç bir iş görülә bilmәz.

Su axacaq sunurunu tapacaqdır

 

TƏQVİM / ARXİV