AMERİKA DOST DEYİL - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
1303 | 2023-06-10 16:59

Ulu peyğәmbәrimiz “Dostluqda da düşmәnçilikdә dә ifrata üz tutmayın” demişdir. Bu düşüncәdәn hәrәkәt edәrәk ABŞ-ın türklәrin dostu olduğuna şәxsәn inanmır, inamağım da ifrat sәviyyәsindә deyil mәntiqidir. Bu şeytan ölkәsi dünyaya ağalıq edir, bütün xalqları vә ölkәlәrini yalnızca öz dövlәtlәrinә maddi mәnafe tәmin edәn vә ya edәcәk bir baza gözündә görür.

ABŞ Türkiyә ilә müttәfiqdir vә zahirdә dostdur, ancaq onların indiyә kimi tutduqları yol heç dә dostluqdan xәbәr vermir. Hәlә 1820-ci ildә Osmanlı ermәnilәri arasında işlәyib onları tәşkilatlandırmaq mәqsәdi ilә ölkәmizә gәlәn Amerikalı Protestan missioneri Levi Parsons gәmidәn enib İzmir torpağına ayağını qoyar-qoymaz, “Bu günah imperiyasını tamamilә dağıtmaq mәnә şәrt olsun” demişdi. Parsons sadәcә olaraq bir Amerikan vәtәndaşı idi, fikir verin ki, bir vәtәndaş olaraq türklәrә qarşı bu cür bir nifrәt duyğusuna malikdirsә, ona sadә bir vәtәndaşın fikirlәridir gözüylә baxıla bilmәz. O vәtәndaşı bu duyğularla yetişdirәn uşaq bağçasından tutmuş ali mәktәbә qәdәr bir tәlim-tәhsil sistemi, dövlәt siyasәti vardır.

Altmışıncı illәrdә Qıbrıs adasında rumlar daimi olaraq silahlanmış vә orada yaşayan türklәrә qarşı terror hücumlarına başlamışdılar. NATO-da müttәfiqimiz, dostumuz (!) Amerika Türkiyәyә lazımi mәlumatları ötürmüş, ancaq hәr hansı dәstәk vermәmişdi. Türkiyәnin Qıbrısa müdaxilә edәcәyindәn şüphәyә düşәn Amerika “Әgәr siz müdaxilә etsәniz Sovetlәr Birliyi Türkiyәyә hücum çәkәrsә NATO Türkiyәni müdafiә edә bilmәz, belә bir müdaxilә türk-yunan müharibәsinә sәbәb olar vә NATO ona әsla icazә vermәz” demişdi. Amerikan prezidenti Lyndon Johnson Türkiyәnin müdaxilәsinә mane olmaq mәqsәdilә 1964-cü ilin 5 iyun tarixindә başnazir İsmәt İnönüyә kәskin dilli bir mәktub yollamış, İnönü dә hәmin ayın 21-i günü Amerikaya gedәrәk yollanan mәktuba lazımi cavabı vermişdi, ancaq onlara qarşı çıxa bilәcәk bir güc tәәssüf ki, yox idi.

Amerikanın sonrakı prezidentlәri dә zaman-zaman bu cür mәktublar yolladılar. Prezident Trump, Әrdoğan’ın Suriyada yuvalanmış PKK/PYD terrorçularına qarşı müdaxilә etmәk mәsәlәsi araya gәlәn kimi Әrdoğana mәktub yazaraq “Әgәr bu işi düz vә bәşәrә yaraşan şәkildә hәyata keçirsәniz tarix adınızı qeyd edәr, ancaq yaxşı şeylәr yaranmazsa sizi daim bir şeytan gözündә görәrlәr. Dönmәz adam rolunu oynama, axmaqlıq etmә, sәnә sonra zәng çalacağam” demiş, müttәfiqi vә guya dostu, müttәfiqi olan Türkiyәnin әvәzinә PKK terrorçularını dәstәklәyәrәk başnaziri tәhqir etmiş, başnazir dә ona başa düşdüyü dildәn cavab vermәmişdi, çox tәәssüf. Trump bu söylәmi ilә әslindә Türkiyәnin Suriyanın şimalında PKK/PYD adı altında bir kürd dövlәti yaradılmasını Türkiyәnin qәbul etmәsini istәmişdi. Nәyә görә? Çünki 1990-91-ci ildә yaranan Körfәz müharibәlәri ilә İraqı işğal etmiş, 11 sentiyabrda cüt qüllәlәri güya Әl Qaidә tәşkilatına mәnsub terrorçular vurmuş kimi bir oyun oynamış vә Ortaşәrqi işğal etmişdilәr. 2001-ci ildә Әfqanıstanı işğal üçün koalisiya yaradaraq işğalı gerçәklәşdirmişdilәr. Onlar 20 il Әfqanıstanda qalıb on minlәrlә Әfqanıstan vәtәndaşının qatili oldular, 35 milyonluq Әfqan xalqının yarısından çoxu yoxsullaşdı, yüz minlәrlә Әfqanlı ölkәni tәrkә mәcbur oldu.

Bidәn yaydığı bir bәyanatında 300 min әfqanlını hәrbi yöndәn yetişdirdiklәrini söylәmişdi, ancaq onun dediyi dәvәdә qulaqdır, yәni yalandır, çünki milyonlarla әfqanlı gәnci yetişdirdilәr, onların iki milyondan artığı hal-hazırda Türkiyәdәdir. Vә Amerika Әfqanıstandan 2021-ci ildә çәkilәrkәn taliblәrә 85 milyard dollarlıq silah-sursat buraxmışdır. Otuz mindәn artıq tırla yolladıqları silah-sursatı da PKK terrorçularına hәdiyyә etmişdir, görәsәn niyә, nә vә kim üçün?

Amerika taliblәrә buraxdığı silahlardan nәyә görә imtina etdi görәsәn! Artıq taliblәr İran qüvvәlәri ilә toqquşmağa başlayıbdır. İraq vә Suriyadan sonra növbәnin İran daha sonra da Türkiyәyә gәlәcәyi aydındır. Artıq Türkiyә-Suriya sәrhәddi terrorçu balalayan bir coğrafiyaya dönmüşdür. Cümhurbaşqanı Әrdoğan sәçkilәr zamanı Suriyalı, Әfqanıstanlı vә Afrikalı 13 milyon qaçqın üçün “Onlar bizim qardaşlarımızdır, onları ölkәlәrinә yollaya bilmәrik” demiş, qaçqınların ölkәlәrinә üz tutacağından qorxub әsim-әsim әsәn Avropa rahat bir nәfәs dәrmişdi.

Atatürkün ölkәyә gәlәn xaricilәrlә bağlı bir siyasәti vardı vә o fikirlәr vәsiyyәt kimi 21 İyun 1934-cü ildә rәsmi qәzetdә çap olunmuşdur:

1-Türk nәslindәn olmayanlar istәdiklәri yerlәrdә mәskunlaşa bilmәzlәr. 2-Ana dili Türkcә olmayanlar özlәrinә mәxsus mәhәllәlәr, işçi vә ya sәnәtkar qrupu yarada bilmәzlәr. 3-Xaricilәrin bәlәdiyyәlәrdәki sayı on faizi ötә bilmәz.

Artıq Türkiyәnin әn gözәl vә varlı şәhәrlәrindә İstanbuldan Maraşa kimi suriyalı, әfqanlı, Afrikalı mәhәllәlәr yaranıb. İlin müәyyәn günlәrindә Atatürkün mәqbәrәsinә üz tutub xatirә dәftәrinә pafoslu cümlәlәr yazmaqla onun yolu tәqib edilә bilmәz.

Rusiyada yaşayıb rusa düşmәnçilik etsәn meyidin dә tapılmaz. İranda yaşayıb farsa düşmәnçilik etsәn xalqın gözünün qabağında dar ağacına çәkәrlәr. Çindә yaşayıb oradakı mәnfi bir hadisәni dilinә gәtirsәn nәslini kәsәrlәr. Türkiyәdә yaşayıb türkә düşmәnçilik etsәn sәnin boynuna medal taxarlar.

Allah rәhmәt elәsin. Keçәçizadә Fuad Paşa (1815-1869) ölümündәn qısa müddәt әvvәl yazdığı vәsiyyәtnamәsindә “Xalqımızın inkişafına islam adına mane olanlar müsәlmanlıqdan nәsiblәnmәmiş, burnu boyda uzağı görmәyәn şüursuz cahillәrdir” deyәrәk islamın yalnızca oruc-namazdan ibarәt olmadığını vurğulamışdır. Padşah Әbdülәziz ilә 1866-cı ildә Paris getdiklәrindә Fransız ordu komandiri Comptә dә Montauban ilә görüşdükdә Montabuan “Girit adasını Yunanıstana vәrmәlisiniz” dedikdә Fuad Paşa ona kәskin reaksiya göstәrdiyindә komandir “Niyә yox yerә ayaq dirәyirsiniz. Hansı gücünüz var ki? Osmanlının nә cür taqәtsiz olduğunu görmürsünüz?” dedikdә mәrhum Fuad Paşa ona “Xeyr cәnabları xeyr. Osmanlı heç vaxt gücdәn düşmәyib. Üç әsrdir siz xaricdәn biz dә içәridәn yıxmağa çalışsaq da onu büdrәdә bilmәmişik” cavabını vermişdi.

Bәli, Türkiyә yalnızca Osmanlının deyil, tarixdә yaratdığımız yüzlәrlә türk dövlәtinin mirasçısıdır, Tanrıdan savayı heç bir güc onu büdrәdә bilmәz, ancaq biz dә özümüzә gәlmәli, uşaq bağçasından başlayaraq nәsillәrimizi ziyalandırmalıyıq.

Türkiyәdә bu günün özündә 3 milyondan artıq insan oxu-yazı bilmir. 22 milyondan artıq vәtәndaşımız ibtidai mәktәb mәzunudur. Orta mәktәbi bitirәnlәrin sayı on beş milyon yarımdır. Ali mәktәb mәzunu on milyondur. Bu insanların ölkәnin gәlәcәyi ilә bağlı tәrcihdә düzgün yolu seçib-seçmiyәcәyini sizlәr fikirlәşin. Yetişmiş kadrlarımız isә başını götürüb qәrb ölkәlәrinә çörәk dalınca gedir. Biz bu tәlim sәviyyәmizlә vә ziyalı kadrlarımıza yanaşmamızla Avropa ilә yarışacayıq?

Yuxarıda sadalananlar Türkiyәnin gerçәklәridir, tәәssüflәr olsun ki, Azәrbaycanlı bacı-qardaşlarımız Türkiyәnin problemlәrinin 5 faizini belә bilmir, çünki tarixindәn xәbәrdar deyil, bu da bir realitәdir vә hamı bu mәsәlәyә Qarabağ zәfәri prizmasından baxır. İnşallah irәlidә mәn yanılaram…

Bir-birimizin vәziyyәtini düzgün öyrәnmәyimizә hәdsiz ehtiyac vardır.

 

TƏQVİM / ARXİV