UZUN ZAMANDAN SONRA -Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
2496 | 2023-05-03 09:32

“Yoldaşların әn yaxşısı gözәl әxlaq, dostların әn yaxşısı ağıl, әdәb vә tәrbiyә әn gözәl miras, özünü bәyәnmәkdәn daha böyük cәhalәt vә tәәssüb ola bilmәz”

Hz. Əli

Әziz vә istәkli dostlar!

Uzun müddәt oldu yazılarıma fasilә vermişdim. Sәbәbi sәhlәnkarlığım vә ya özgә bir problem deyildi. İzzәddin Hәsәnoğlunun “Kitabi-Sirәtün-Nәbi” adlı әlyazma әsәrini çapa hazırlayırdım. Әsәr üstündә dörd ildәn artıq işlәdim. Düzünü deyim mәni çox yordu. Yalnızca o da deyil. O әsәrlә bağlı elmlәr doktorluğu dissәrtasiyamı da hazırlamalıydım. Yәni nә başınızı ağrıdım, iki işi birdәn görüb qurtarmalıydım, üstә gәl universitetdәki dәrslәrim...

İnşallah bundan sonra artıq yazılarımı fasilәsiz davam etdirәcәyәm, çünki ağır işlәrimi artıq yola salmış kimiyәm, bircә qalıb müdafiәm onu da inşallah hәll edәcәyәm...

Hәsәnoğlunun “Kitabi-Sirәtün-Nәbi” adlı әsәri әdәbiyyat vә dil tariximiz üçün elә әvәzsiz bir tapıntı vә sәrvәtdir ki, düzünü deyim onu tәsvir etmәkdә çәtinlik çәkirәm. Әsәri qurtarıb çapa verdim vә inşallah bu il uzaq başı sentiyabra kimi işıq üzü görәcәkdi. İndiyә kimi onun yalnızca üç türkcә qәzәlindәn xәbәrdar idik vә onun irsini ancaq bu şeirlәrlә öyrәnmәyә çalışırdıq. Tәrcümeyi-halı barәdә dә yalnızca Dövlәtşah Sәmәrqәndinin beş altı sәtirlik qeydlәrindәn özgә heç nә bilmirdik. Bu zaman әrzindә onun tәrcümeyi-halı vә şeyxi haqda da dolğun mәlumatlar әldә etdim.

Hәsәnoğlu 13-cü yüzillikdә İsfәrayindә doğulub, Azәrbaycanda yaşayıb vә doğulduğu yerdә dә Tanrısına qovuşub. Yazdığı әsәrinin aradan beş yüz il ötdükdәn sonra İstanbulda üzünün köçürülmәsi Hәsәnoğlunun nә boyda böyük vә Anadoluda sevilәn bir şair olduğunu da sübut edir. Sözün burasında ürәk ağrısı ilә demәliyәm ki, onun qәbri uçmuş halda idi. İsferayindәki dostlarla әlaqә saxladım, müәyyәn işlәrin görülmәsi yolunda mәslәhәtlәşdim vә әvәzsiz şairimizin mәzarını bәrpa etdilәr, ancaq molla hakimiyyәti onun mәzarının Güney Azәrbaycan gәncliyinә milli kimliyini aşılamaqda kömәk olar deyә qorxu-hürküyә qapıldı vә şovinist farslar mәzarı dağıtdılar. Mollanın mәdәniyyәtә hörmәti demәli bu qәdәr imiş...

Hәsәnoğlunun yaşadığı çağda Ziya Göyalp demişkәn “ağzımızda anamızın ağ südü kimi tәmiz” olan dilimiz tәzyiq altına düşmüşdü. Biz millәt olaraq 11-ci yüzillikdә İslam dinini qәbul etdik. Әslindә islam orduları ilә üzlәşmәyimiz 7-ci yüzillikdәn başlayaraq davam etmiş vә әrәblәr tutduqları yerlәrdә qırğınlar, qarәtlәr törәtmişdir. 751-ci ildә әrәb ordusu ilә çinlilәr arasında gedәn Talas döyüşündә biz әrәb ordusuna arxa durduq, çünki çinlilәr tarix boyu düşmәnimiz olmuşdu vә çin ordusunun mәğlub olmasını istәyirdik, arzumuz reallaşmışdır. Çinlilәr bu mәğlubiyyәtlә min il Türküstana ayaq qoya bilmәmiş vә bu müddәt әrzindә Türküstan türklәri asudә hәyat yaşamışdır. Azәrbaycan da satrateji mövqeyinә görә әrәb işğalına uğramış, bu olaylardan sonra әrәb dili yavaş-yavaş mәnimsәnmәyә başlamışdır. Əslindә islam dinini daha çox qonşu farslar sәbәbilә qәbul etmiş vә belәliklә farsca әdәbi, әrәb dili dә elm dilimiz olmuşdur. 13-cü yüzilliyә gәldikdә artıq türkcә deyilә bilәr ki, xorlanmağa, unudulmağa başlanmışdır. 13 may 1227-ci ildә Qaramanoğlu Mәhmәd bәyin vәzir seçildiyi divan yığıncağında dilimizlә bağlı bir fәrman yayılaraq “İndәn belә divanda, dәrgahda, bargahda türkcәdәn özgә dil danışılmayacaqdır” deyilәrәk xalqa xәbәrdarlıq edilmişdir. Bu hadisәdәn sonra da türkcәyә dönüş başlamışdır. Belә bir zamanda İzzәddin Hәsәnoğlu Azәrbaycanda, Əhmәd Fәqih, Yunus Əmrә, Şәyyad Hәmzә, Aşıq Paşa kimi şәxsiyyәtlәr dә Anadoluda ölmәk üzәrә olan dilimizә can vermişlәr. 14-cü yüzillikdә yaşayıb 15-ci yüzilliyin şairi olan Şeyxoğlu Mustafa (1340-1409) Xurşidnamә adlı әsәrindә bunları yazmışdır:

“Türkcә kobud, әdәbi yöndәn zәif vә digәr dillәrә nisbәtlә o qәdәr dә mәşhur deyil. Ancaq türk dilindә şeir yazmağımın sәbәbi Anadoluda hәr bir şәxs bu dildә danışır buna görә bu dildә yazdım.”

Düşünün ki, Şeyxoğlu Mustafadan iki әsr öncә yaşamış Hәsәnoğlu 367 vәrәqlik bir әsәr yazır vә onun dili bugün Güneyli Qüzeyli Azәrbaycanın hәr tәrәfindә, Anadolunun ucqar kәndlәrindә yaşayır. Hәsәnoğlunun nәhәngliyi dә bundandır. Nümunә olaraq onun hәmin әsәrindәn dörd beyti tәqdim әdirәm.

Söylәgil ey ğeyb elinin bülbüli

Ğeyb elindәn mi gәtürdüñ bu güli

Köñlüñi tutma cihanda qayğulu

Bu cihan qayğuyilә toptolu

Sәn nәsin bu cihanıñ kim ğәmin

Ha cәkәrsin bir qonuğısın hәmin

Dәxi yerdәn sәn buña aldanmağıl

Tiz gidәrsin әglәnürüm sanmağıl

Yaşadığımız bu müstәqillik çağında türk dünyasının hәr bir küncündә yeni nәsillәrimizi dilimizlә, mәdәniyyәtimizlә, mifologiyamızla, tariximizlә silahlandıra bilirikmi!? Düzünü deyim o qәdәr dә nikbin deyilәm. Bir neçә ay bundan әvvәl bir jurnalist şәhәrdә әlindәki mikrofonu xüsusilә cavanlara tutub sorğu aparırdı. Hәr gәncә sual verirdi ki, Türkiyәnin qonşuları kimlәrdir? Gәnclәrin verdiyi cavablar isә vahimәli idi: Rizә, Antalya, Trabzon, Adana, vә s.

Yaşadığı ölkәsinin qonşuları kimdir, bunu bilmәyәn gәnclәrdәn nә gözlәmәk olar!? Türkiyәnin tәlim sistemi bu hala salınmışdır, böyüklәr duysun...

İndi ölkәlәrimizdә artıq uşaq bağçasından etibarәn balalar xarici dillәri öyrәnirlәr. Әlbәttә bir insan neçә dil bilirsә o qәdәr insan sayılır vә yaxşıdır, ancaq bir insanın ağız qurğusu yeddi yaşına kimi öz ana dilinә görә uyğunlaşır. Uşaqlara xarici dillәri öyrәdәk, ancaq öz ana dilini vә tarixini kamilәn mәnimsәdikdәn sonra, yәni orta mәktәbdәn başlayaraq.

Hz. Əli demişkәn, uşaqlarımıza gözәl әxlaqı, yaxşı dost seçmәsini bacarmağı, ata-ananın әn gözәl mirası kimi әdәb vә tәrbiyәni, tәvazökarlığı öyrәtmәz isәk onları özünә yadlaşmış, tarixindәn, kimliyindәn xәbәrsiz, ancaq öyrәndiyi xarici dildә tәfәkkür edәrәk özünü bәyәnәn cahillәr kimi yetişdirmiş olarıq.

TƏQVİM / ARXİV