adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BALACA PADŞAHLAR

FAİQ QİSMƏTOĞLU
71295 | 2016-03-08 09:55
Bir çox vəzifə sahibləri elə düşünürlər ki, hamının onların dədəsinə və yeddi arxa dönəninə borcları var. Elə ki kresloda əyləşdilər, işə başladılar, gözləri ayaqlarının altını görmür. Sanki özlərini qədim Misir fironları kimi təsəvvür eləyirlər. Təsəvvür eləsələr yaxşıdır, elə onlar kimi də əzazilliklərindən və zülmkarlıqlarından əl çəkmirlər.
Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bir fikri vurğulayıb ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Və vəzifəyə təyin etdiyim icra başçıları da xalqa xidmət etməli və insanlarla sıx ünsiyyət yaratmalıdırlar.
Düzdür, prezidentin etimadını doğruldan və xalqla bir işləyən, onun dərdinə və problemlərinə əlac eləyən çoxlu sayda icra başçıları da var. Amma gəlin onunla razılaşaq ki, bayaq dediyimiz kimi, özlərini qədim Misir fironlarına bənzədən başçılar da az deyillər. Onların bəziləri vəzifəyə təyin olunan kimi dövlətdən də, xalqdan da öncə öz mənafeləri barəsində düşünürlər. Fikirləşirlər ki, yeddi arxa dönəninə, qohum-əqrəbasına, övladına və nəvələrinə hansı gün ağlayacaq. Yəni onların hər birinə çox münbit şərait yaratmalı, bir sözlə, ağır gün üçün bir şey fikirləşməlidir. Fikirləşdikləri kimi də işlədikləri dövrdə çox şeyə nail olurlar. Müxtəlif yerlərdə villalar alırlar, bahalı maşınlara və digər qiymətli əşyalar əldə edirlər. Sanki onların gözlərini bu var-dövlət, bu cah-cəlal örtür. Təbii ki, belə olanda da həmin icra başçısının gözü ayağının altını görməyəcək və öz bildiyi kimi hərəkət edəcək.
Cənab prezident də həmişə icra başçılarını vəzifəyə təyin edərkən bildirir ki, gedin xalqa xidmət edin, dövləti və dövlətçiliyi qoruyun, rayonda abadlıq, quruculuq işləri görün. Bunu görənlər var və kifayət qədərdi. Və Allah da onların işini avand eləsin!
Ancaq gəlin onunla da razılaşaq ki, yalnız özlərini düşünən icra başçıları da var. Və bir neçə gün bundan əvvəl prezident İlham Əliyevin sərəncamı ilə onlardan 3-ü - Cəbrayılın, Laçının və Salyanın icra başçıları öz vəzifələrindən azad olundu. Prezident Aparatının məsul şəxsi də həmin sabiq başçılar haqqında danışarkən qeyd edib ki, onlar prezidentin etimadını doğrultmayıblar, yerlərdə öz işlərini günün tələbləri səviyyəsində qura bilməyiblər.
Bir faktı deyə bilərik ki, sosial şəbəkədə Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı onun əhatəsində olan bir şəxsə dişinin dibindən çıxanları deyirdi. Hətta həmin şəxs başçıya bildirirdi ki, mənim atam ağsaqqal kişidi, onu bu yaşda niyə söyüb bihörmət eləyirsən. Başçı da heç nəyə məhəl qoymadan elə söyüşlər söyürdü ki, şəxsən mən həmin söyüşü bu yazıda dilə gətirə bilmirəm. Bax, bu cür başçılar özlərini Allahın bacısı oğlu kimi aparır və xalqa yuxarıdan aşağı baxır. Elə bil ki, alçaq dağları onlar yaradıb və bir gün ondan kimsə nəsə soruşmayacaq. Günlərin bir günündə onlar bu əməllərinə cavab verməli olurlar və dillərinin də bəlasını çəkirlər. Daha doğrusu, belələrinin hikkəsi zamanı gələndə öz başında çatlayır.
Başçı var ki, rayonda gərək heç kim küçədə, yolda onun gözünə görsənməsin. Hətta maşının qabağında başqa maşın hərəkət edəndə o dəqiqə göstəriş verir ki, maraqlanıb görsünlər o maşın kimindi və nəyə görə başçının qabağında belə hərəkət edir. Elə bil ki, bu cür vəzifə sahibləri özlərini göyün yeddinci qatında hiss edir və həmişə də burda qalacaqlar. Amma onlar bilmirlər ki, bu əməlləri, insanlara qarşı yuxarıdan aşağı baxmaları, özlərini balaca padşahlar kimi aparmağı nə vaxtsa onlara baha başa gələcək.
Hər hansı mətbuat orqanında da onların ünvanına tənqidi söz deyiləndə o dəqiqə nöqsanları düzəltmək əvəzinə jurnalistlərin üstünə düşürlər. Düzdür, bəzi jurnalistlər də qeyri-peşəkarlıq edərək tənqidlə təhqir səhv salır və hətta bəzən kimlərəsə şər-böhtan atırlar. Təbii ki, bunun da məsuliyyəti var. Ancaq sağlam tənqidə, sağlam fikrə və əlahəzrət fakta heç kim bir söz deyə bilməz. Sovet dövründə "Kommunist" qəzetində raykomun birinci katibi barəsində tənqidi yazı, felyeton dərc olunanda onun məsələsinə büroda baxılırdı. Və hər hansı raykomun birinci katibinin məsələsi də büroya çıxarılanda, o, mütləq vəzifədən getməliydi.
İndiyə qədər yaxşı yadımdadır. Bizim kəndin kolxoz sədri Mansur Quliyev haqqında "Kommunist" qəzetində istedadlı yazıçı-jurnalist Əli İldırımoğlu belə bir felyeton yazmışdı: "Mansur yaxşı oğlandı". Felyetondan bir gün sonra kolxoz sədrinin məsələsini raykomun bürosunda qoydular və onu vəzifədən götürdülər. Bax, onda da camaat gördü ki, jurnalist haqq-ədalətə və real fakta söykənərək obyektiv bir felyeton yazıb. Həmin kolxoz sədrinin yerinə gələn digər vəzifəli şəxs özünü yığışdırdı və camaatla daha mədəni və mülayim rəftar elədi.
Sözümün canı ondan ibarətdir ki, bugünkü icra başçıları haqqında mətbuatımızda elə bir ciddi faktlara söykənən yazılar da getmir. Əgər onların fəaliyyətləri barəsində sovet dönəmində olduğu kimi, faktlara söykənən yazılar, felyetonlar dərc edilsə, onlar da özlərini yığışdırar, mətbuatdan çəkinər və nəticədə haqqın yoluna qayıdarlar. Amma gəlin onunla razılaşaq ki, belələrinin fəaliyyəti barəsində lazımi məlumatlar yuxarılara çatdırılır və onlar da gec-tez öz cəzalarını alırlar. Vəzifədən azad edilmiş üç icra başçısının taleyi digərlərinə bir dərs olmalı və onlar sözün həqiqi mənasında xalqa xidmət eləməlidilər.

TƏQVİM / ARXİV