adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ÇİNAR AĞACI

FAİQ QİSMƏTOĞLU
118094 | 2016-07-09 09:31
...O çinar ağacları başqalarından tamamilə fərqlənir və seçilirdi. Düz bizim kəndin ortasında bir-birinə bitişik dörd çinar ağacı vardı. Xaloğlu Tərxanın sözü olmasın, onların enliliyi 8 metrə çatardı. Hündürlüyü isə nə az, nə çox 60 metrdən çox idi. Aşağıdan baxanda çinar ağacının yuxarıdakı budaqları və bir də budaqlardakı quş yuvaları gözə dəyərdi. Həddən artıq sərinlik yaratdığına görə qarğalar onun yuxarıdakı budaqlarına qonar və ağız-ağıza verib səs çıxarardılar...g
Bü çinar ağaclarının ikisi də zastavanın həyətində bitmişdi. Zastavanın həyətindəki çinar ağacları hasarın bu üzündəki ağaclardan bir azca balaca idi. İlk baxışdan belə görünürdü, amma bu ağaclar da çox qollu-budaqlı və iriydi. Zastavanın komandiri həmin çinar ağaclarından 10 metr yüksəklikdə isti yay günləri üçün əlverişli şərait yaratmışdı. Bura 60-dan çox çarpayı qoyulardı. Göydən od yağanda və adamın nəfəsi istidən təngiyəndə çoxları özünü bu çinar ağaclarının kölgəsinə verərdi. O vaxtlar kondisioner hələ gəlib kəndə çıxmamışdı. Camaat isə çinar ağacının altını "Allahın kondinsioneri" adlandırırdı. Dəllək Möhübbət deyirdi ki, Bəhmənlidə burdan sərin yer yoxdu, uşaqlar, cavanlar istidən sərinləmək üçün Quruçaya və yaxınlıqdakı yeni salınmış dərin kanala gedirlər. Vallah, onlar çinar ağacının yerini verə bilməzlər.
g Hava isti olanda sərhəddən qayıdan rus əsgərləri həmin talvara qalxar və orda çarpayıya uzanıb rahat sərinləyərdilər. Bütün ağrı-acıları bu sərinlikdə canlarından çıxardı. Amma bir dəfə elə oldu ki, güclü külək əsdi, o talvar çinarın aşması nəticəsində qopub yerə düşdü. Rus əsgərlərindən ikisi dünyasını dəyişdi, bir neçəsi də xəsarət aldılar. Bu hadisədən sonra bir daha çinar ağacının yuxarı hissəsində talvar qurulmadı. O biri çarpayılar da yığışdırıldı. Zastavanın naçalniki Poznokova buna görə şiddətli töhmət verildi və onu hərbi hissədən uzaqlaşdırdılar.
Hasarın bəri üzündəki dörd çinar ağacı isə sanki isti yay günlərinə meydan oxuyurdu. Hətta bu ağaclar o qədər hündür idi ki, Horadiz şəhərindən həmin ağacları görmək olardı. Bu ağaclar bir sərinlik yaradırdı ki, gəl görəsən. Günorta saatlarında qoyun növbəsinə gedən uşaqlar bir balaca isti düşən kimi heyvanları həmin kölgəliyə yığardılar və istidən yanan qoyun-quzular da kölgəlikdə düz saat 4-ə qədər uzanıb yatardılar. Qoyun növbəsində olan uşaqlar isə bu andan istifadə eləyib "xoşmətə" oynayar və bir-birilə zarafatlaşardılar. Belə anlarda dəcəl uşaqlardan bir neçəsi çinarın yuxarı hissəsinə qalxar və budaqlarda dayanaraq onun gövdəsinə sevdikləri qızın adlarını yazardılar. O adları da məktəbin direktoru rəhmətlik Əvəz müəllim görəndə bu dəcəl uşaqları tapdırar, elədikləri hərəkətə görə dədələrini dallarına şəlləyərdi. O biri uşaqlar da bundan qorxar və bir daha çinar ağacına çıxsalar da cəsarət eləyib kiminsə adını ora yazmazdılar.
Bizdən əvvəlki babalarımız, atalarımız deyərdilər ki, Bəhmənlidəki çinarın 200 il yaşı var. Adam bu ağaclara baxanda vahiməyə gəlirdi. Bir dəfə Tubunun oğlu Dilavər o ağacın yarısına qədər çıxa bilmişdi və sonra da "gözəm axır" deyib pişik kimi yerə düşmüşdü.
g Bu ağaclar biz yaşa dolanda yavaş-yavaş qurumağa başladı. Ağsaqqallar deyirdilər ki, əgər qoyun-quzular o ağacların dibində nəcislərini tökməsəydilər, bu ağaclar qurumazdılar. Hardasa bizim 25 yaşımız olanda bu ağaclar qurudu. Güclü külək əsəndə nəhəng gövdəli çinar ağacı yerə necə çırpıldısa, sanki bomba atdılar. Xoşbəxtlikdən orda insan olmadığına görə tələfat da baş vermədi.
Qurumuş çinar ağacları yerdə qalmışdı və bu ağacları bizim kənddə heç kəs aparıb odun kimi istifadə edə bilməzdi. Deyirdilər ki, çinar ağacları müqəddəsdir, onu yandırmaq olmaz. Ancaq onu seyidlər yandıra bilər. Bir dəfə də rəhmətlik seyid Mənsumə arvad qurumuş çinar ağaclarından bir qucaq yığdı və apardı evlərinə. İri gövdəli çinar ağacını isə Tubunun oğlu Dilavər od vurub yandırdı. Bu çinar ağacı da düz 20 gün yanmaqda davam elədi. İki gündən sonra isə Tubunun oğlu Dilavər bərk xəstələndi və qızdırması 42-yə qalxdı. Dedilər ki, Tubunun oğlu Dilavəri çinar ağacının ahı tutub. Düz bir ay Tubunun oğlu Dilavər yorğan-döşəkdən qalxa bilmədi...
...Kəndimizdəki çinar ağacının yerində indi heç bir şey yoxdur. Ondan kənarda əvvəlki zastavanın yerində məktəb binası var və orda da bir-iki ağac gözə dəyir. Deyəsən, kimsə bir neçə çinar ağacı da əkib. Düşünürlər ki, bu çinar ağacı da böyüyüb o biri çinar ağacları kimi ərşə qalxacaq və sərinlik yaradacaq...

TƏQVİM / ARXİV