adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DÜNYA MALI...

FAİQ QİSMƏTOĞLU
74509 | 2016-01-16 01:47
Bəhram kişinin balaca həyəti vardı. Və balaca həyətdə balaca-balaca uşaqlar böyüyürdülər. Bu balaca uşaqların ürəyində də balaca arzular vardı. Bəhram kişinin həyəti balaca olsa da, ürəyi çox böyük idi. Ürəyi o qədər böyük idi ki, kim nə istəsəydi və hansı xahişi eləsəydi "baş üstə" deyərdi. Ancaq Bəhram kişi heç vaxt haqsız və ədalətsiz iş görməzdi. Deyərdi ki, bir Allahdan qorxuram, bir də dədəmdən. Ondan savayı kim gəlib alnıma güllə dirəsə də heç vaxt haqqı danan deyiləm.
Bəhram kişinin uşaqları böyüyürdü. Böyüyə-böyüyə də çoxlarından fərqlənirdilər, həm ağıl-kamalları ilə, həm də tərbiyələri ilə. Çünki gözlərini açandan evlərində heç vaxt haram çörək görməmişdilər. Görmüşdülər ki, dədələri sübh tezdən evdən çıxır və bir də qaş qaralanda qayıdır. Qaş qaralanda qayıdanda da dədələrinin kefi ala buluddan nəm çəkərdi. Belə ki, Bəhram kişi alın təri ilə qazandığı puldan balalarına pay-puş, hədiyyə alardı. Uşaqlar heç də bu pay-puşa öyrəşməmişdilər. Və başqa uşaqlardan fərqli olaraq onlar kefləri nə istəyirdi onu yeyə də bilmirdilər. Ona görə yeyə bilmirdilər ki, dədələri yüksək vəzifədə işləsə də heç vaxt bir qəpik də özgəsinin puluna göz dikməzdi.
Kənddə hamı Bəhram kişini düz adam kimi tanıyırdı. Bir də ki, Bəhram kişi poçtun müdiri olsa da, başqaları kimi tamahkar adam deyildi. Yəni onun dünya malında, xüsusən də özgəsinin pulunda heç vaxt gözü olmazdı. Evdən çıxanda uşaqlarla və həyat yoldaşı ilə xudahafizləşər, başını aşağı salıb dəmir yolunun üstü ilə poçta gələrdi. Çox nadir halda başını qaldırardı. Kimsə salam verəndə, ya da kimsə söz soruşanda Bəhram kişi dillənərdi.
Camaat onun xasiyyətini yaxşı bilirdi. Camaat bilirdi ki, poçtun müdirinin heç kimdən umacağı yoxdur. Camaat onu da yaxşı bilirdi ki, pensiya və təqaüdlər alanda Bəhram kişiyə kim pul versə, o əsəbiləşərdi, qaşları çatılardı və həmin pulları əlinin arxası ilə geri itələyib deyirdi:
- Heç kimin haram pulu mənə lazım deyil. Mən balalarıma belə çörək yedizdirmərəm.
Onu tanımayanlar və xasiyyətinə yaxşı bələd olmayanlar bəzən yenə xırda pulları stolunun üstünə qoyub gedəndə bax, onda cin vururdu Bəhram kişinin təpəsinə. Əvvəl yumşaq-yumşaq deyərdi ki, bala, o pulları götür. Əgər kimsə götürməzdi, o, ayağa qalxardı, xırda pulları ovcuna alıb dişinin dibindən çıxanı deyəndən sonra o pulları tullayardı çıxıb gedən həmin adamın dalınca. Həmin adam da görərdi ki, pullar düşdü poçtun qapısının ağzına, ərinib-eləmədən yerə düşən qəpikləri yığardı və bir söz demədən çıxıb gedərdi. Bu hadisədən sonra day ikinci dəfə kimsə bir də Bəhram kişiylə belə danışmağa cəsarət etməzdi.
Bəhram kişinin bir qalınçası da vardı və o qalınçanı da o qədər geymişdi ki, süzülüb əldən getmişdi. Biz onda uşaq idik, böyüklərimiz deyirdilər ki, Bəhram kişi bu qalınçanı düz otuz ildi geyinir. O palto da ala bilərdi, plaş da ala bilərdi, hələ üstəlik kürk də tapa bilərdi. Amma qalınçaya elə öyrəşmişdi ki, sanki bu qalınça onu ən çətin sıxıntılardan qoruyurdu. Qışın oğlan çağında möhkəm qar yağanda yenə Bəhram kişi o qalınçanı əyninə geyərdi. Enli qaşları, əsəbi görkəmi o dəqiqə onu başqalarından fərqləndirirdi.
Bir dəfə də Rəşid kişinin çayxanasında kəndin sayılıb-seçilən adamları Bəhram kişidən söhbət eləyirlər. Deyirlər ki, zalım oğlu, otuz ildi poçtun müdiri işləyir, bu çirkli qalınçadan əl çəkmir ki, çəkmir. Ağsaqqallardan biri danışan adamın "ağzından vurur". Deyir ki, düzdür, Bəhram çirkli qalınça geyir, amma min evli Bəhmənlidə heç kim deyə bilməz ki, poçtun müdirinə indiyə kimi bir manat pul verib. Ancaq gedin görün qonşu kənddə poçtun müdirlərinin nəyi var? Heç həmin kəndlər bizim kəndin bir məhləsi boyda deyil. Bax, o kəndin poçtun müdirlərinin ikimərtəbəli evi, qapısında maşını və pul-pənəsi var.
O kəndin poçtun müdirləri camaatın dərisini soyublar və özlərinə bir gün ağlayıblar. Və hamının da qarşısında gözü kölgəlidirlər. Lakin Bəhram kişi min evli Bəhmənlidə bir adamın qarşısında gözü kölgəli deyil. Dünyaya kişi kimi gəlib kişi kimi də yaşayır.
Ağsaqqalın sözlərinə çayxanada oturan digər vicdanlı adamlar da qüvvət verdilər. Dedilər ki, bala, bizim Bəhramdan olmaz. Zalım oğlu, nemes kimi bir şeydi, yox, dedi qurtardı. İstəyirsən bir ətək pul ver, yaxın duran deyil. O nəsil belədi də. Qardaşı Əliş müəllim də təmiz adamdı. Heç vaxt kiminsə əlində gözü olmayıb. Düzdür, o, emalatxana müəllimi işləyir, ancaq onun işini heç bir usta görə bilməz, bu nəsil gözünü açandan halallığa söykənib.
Bəhram kişi biz uşaq olanda da elə həmin xasiyyətdə idi. Bir dəfə "Araz" qəzetindən qonorar almışdım, səhv eləmirəmsə, 3 manat 50 qəpik idi. 50 qəpiyi götürmək istəmədim, dedim ki, Bəhram dayı, qoy qalsın. Düzdür, o, məni acılamadı, amma indiyə kimi qulağımda səslənən sözləri dedi:
- Ay oğul, o əlli qəpikləri yığsaydım, indi kənddə məndən varlı adam yox idi. Heç sənin dədənin milyonu var, soruş gör bir dəfə qoyduğu pulu götürmüşəm, ya yox? Götür pulları, bir də belə iş eləmə. O sənin halal zəhmətlə, alın təriylə qazandığın qonorardı. Belə pullar adamın balıq sümüyü kimi boğazında qalar.
Bəhram kişi dünyasını dəyişdi. Ondan sonra nə az, nə çox, bir neçə adam poçtun müdiri oldu. Özlərinə ev tikdilər, maşın aldılar. Amma Bəhram kişi qədər hörmət və nüfuz sahibi olmadılar. Bu gün də Bəhmənlidə kimdən soruşsan deyəcək: "O kişi kimi halal adam kənddə barmaqla sayılasıdı və onun dünya malında gözü olmayıb və yeri də həmişə görünür". Xüsusən yaşlı nəsillər bu cür insanları heç vaxt yaddan çıxarmırlar. Onların qəlbi, əməli təmiz olub və həmişə bir Allaha inanıblar, bir də qanuna. Qanundan və Allahdan qorxan isə heç vaxt haqsız iş görə bilməz. Bəhram kişi də min evli Bəhmənlinin yaddaşında belə bir halal, haqqı sevən və ədalətli insan kimi qalıb...

TƏQVİM / ARXİV