adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İNTİBAH "QRAN-PRİ" GƏTİRDİ

FAİQ QİSMƏTOĞLU
36772 | 2016-02-06 09:06
Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Bu gün ölkəmizdə mədəniyyətinr inkişafı üçün çox böyük imkanlar yaradılıb. Təsadüfi deyil ki, bu il həm də multikulturalizm ili elan edilib. Deməli, bütün sahələrdə mədəniyyətin inkişafına şərait yaradılmaqla yanaşı, onun hərtərəfli tərəqqisinə də kömək göstəriləcəkdir. Bu mənada Füzuli rayonunda da mədəniyyətin müxtəlif sahələrinin inkişafına çox böyük diqqət yetirilir. İlk növbədə onu deyək ki, Horadiz şəhərində Dövlət Dram Teatrı, Muğam Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi son vaxtlar ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək əhalinin istifadəsinə verilib. Bununla yanaşı, rayonun kəndlərində neçə-neçə mədəniyyət evi bərpa edilib və yenidən qurulub.

UŞAQ İNCƏSƏNƏT
MƏKTƏBİ

Mədəniyyətin bir qolu da incəsənətdir. Yəni incəsənəti yaşatmaq, yaratmaq və inkişaf etdirmək o qədər də asan deyil. Bu sahə də Füzulidə yetərincə diqqət mərkəzindədir. Bunlardan biri də Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbidir. Məktəbin direktoru Elsevər Hüseynov gənc olmasına baxmayaraq, kollektivə rəhbərlik etdiyi qısa zaman kəsiyində çox böyük uğurlara imza atmağa nail olub. Bu gün məktəbdə 4 şöbə fəaliyyət göstərir: fortepiano, xalq çalğı alətləri, nəzəriyyə, rəssamlıq və xoreqrafiya (rəqs). Həmin şöbələrdə şagirdlər 10 ixtisasa yiyələnirlər. Bu ixtisaslarda da öz işini bilən, peşəkar insanlar çalışırlar.
ONLAR HƏR AN GƏLƏCƏYİ DÜŞÜNÜRLƏR

Məktəbin direktoru Elsevər Hüseynov bildirir ki, bu gün kollektivimizdə 96 müəllim işləyr və eyni zamanda 236 şagird 4 şöbədə incəsənətin müxtəlif növlərinə nail olmaq üçün istedadlarını təsdiqləyə bilirlər. Ən öncəsi budur ki, məktəbimizə qəbul olan şagirdlərin əksəriyyəti çox istedadlı və öz üzərlərində çalışan gənclərdi. Təbii ki, bu da biz müəllimlərdə böyük həvəs yaradır və onları istiqamətləndirmək üçün var qüvvəmizi ortaya qoyuruq. Elsevər müəllim onu da qeyd etdi ki, məktəbimizin böyük uğur qazanmasında Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elman Məmmədovun zəhməti böyükdür. O, bizə bir çox problemlərin həllində yaxından köməklik göstərir və eyni zamanda lazımi işlərimizi günün səviyyəsində qurmaqda müəyyən ideyalar verir.

2015-Cİ İL ONLAR ÜÇÜN SEVİNDİRİCİ OLUB

Hər ilin öz izi, öz yaddaqalan anları var. Bu mənada Seyid Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin də 2015-ci ildə çox böyük uğurları olub. Belə ki, fevral-mart aylarında Özbəkistanda keçirilmiş Beynəlxalq Rəsm Müsabiqəsində məktəbin 4 şagirdi xüsusi sertifikata layiq görülüb. Və həmin sertifikatları şagirdlərə Özbəkistan səfirliyinin nümayəndəsi şəxsən özü təqdim edib.
Məktəbin direktoru Elsevər Hüseynov bildirir ki, hər bir şagirdimizin uğur qazanmasında dərs hissə müdiri Elçin İbrahimovun (tar), xalq çalğı alətləri şöbəsinin müdiri Sulduz Hacıyevin (tar), rəssamlıq şöbəsinin müdiri Sevinc Məmmədovanın, fortepiano müəllimələri Nahidə Məmmədovanın, Tamara Əliyevanın, Təranə Qurbanovanın, rəqs müəlliməsi Nadirə Cəfərovanın zəhmətləri çoxdur. Çünki bu uğurun əldə edilməsi o qədər də asan olmayıb.

"QRAN-PRİ" NECƏ ƏLDƏ EDİLDİ?

İstedadlı gənclərə məktəbdə hər zaman "yaşıl işıq" yandırılır. Elə bunun nəticəsidir ki, bu şagirdlər həmişə növbəti uğurlara imza atırlar. Belə ki, 2015-ci ilin dekabrında II respublika Xoreoqrafiya (Abşeron və Bakı da daxil olmaqla) müsabiqəsində məktəbin kollektivi 1-ci yerə layiq görülərək "Qran-Pri" mükafatı alıb. Elsevər Hüseynov bildirir ki, bu bizim ən böyük uğura imza atmağımıza dəlalət edir. 16 nəfərdən ibarət olan məktəbimizin rəqs ansamblı Qobustan qayaları üzərində həkk olunmuş "Yallı" rəqsini çox böyük peşəkarlıqla ifa ediblər. Elə buna görə də dekabrın 21-də Dövlət Filarmoniyasında yekun konsert zamanı mədəniyyət və turizm nazirinin 1-ci müavini Sevda xanım Məmmədova "Qran-pri" mükafatını bizə təqdim etdi. Bu mükafat bizim hər birimizə sevinc bəxş elədi və yeni qələbələrə səslədi.

RƏSM ƏSƏRLƏRİ İSPANİYA VƏ YUNANISTANDA
KEÇİRİLƏCƏK MÜSABİQƏYƏ GÖNDƏRİLİB

Bayaq dediyimiz kimi, bu məktəbdə çox istedadlı şagirdlər oxuyurlar. Və onların hər biri yaradıcı gənc olaraq öz üzərində çalışır, axtarışlar aparır və uğurlar qazanmaq istəyir. Bu mənada məktəbin şagirdlərindən Hüseyn Tağıyev (xanəndəlik), Coşğun Nəcəfli (tar), Yusif Cəfərquluzadə (tar), Gəncim Abbasov (tar), Tamam Hüseynli (rəssamlıq), İlkin Mehdiyev (rəssamlıq), Sona Ağazadə (rəssamlıq), Lalə Əlizadə (rəssamlıq) öz istedadlarını zaman-zaman göstərə biliblər.
Bu gənclərin bir neçə rəsm işləri müsabiqə üçün İspaniyada və Yunanıstanda keçiriləcək beynəlxalq rəsm müsabiqəsinə göndərilib. Elsevər Hüseynov sonda onu da dedi ki, mən şagirdlərimin istedadına güvənirəm və inanıram ki, bu müsabiqədə də yüksək yer tutacağıq. 2017-ci ildə məktəbimizin 60 yaşı tamam olur və biz o yubileyə böyük həvəslə hazırlaşırıq. Bu 60 ildə əksər musiqi məktəblərinin müəllimlərini məhz bizim məktəb yetişdirib.

TƏQVİM / ARXİV