adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

PİS ADAM YOLDA

MƏZAHİR ƏHMƏDZADƏ
52947 | 2018-10-08 20:42
Müəllifdən: son vaxtlar dost-tanışın bir xeyli qınağına tuş gəlmişəm. Ərklə gileylənənlər də olur. Onlar istəyirlər ki, biz yollarımızdakı, magistrallardakı hərəkət nizamsızlığının, süni tıxacların da səbəblərindən yazaq.
Mən həmin o sevimli dastlarımıza bildirəndə ki, mövzu diqqətdə olur və hərdən yazırıq da - rastlaşmadıqlarını bildirdilər. Bir halda ki, onlar rast gəlməyiblər, oxumayıblar onda yenidən yazmağa nə ehtiyac?
Baxıram bu köşədəki əhvalatlar sanki dünən olub. Əlbəttə oxucuları razı salmaq, yazını təkrar dərc etsək belə, borcumuzdur.
Təki oxuyaq, təki "Pis adam"dan uzaq olaq...

***
... Bunun nə qədər əzabverici, nə qədər təhlükəli olduğunu görənlər, çəkənlər bilər. Əslində pis adamın mövcudluğu hər yerdə mümkündür. Bazarda, idarələrdə, qonşuluqda, iş yerində, lap elə öz ətrafında... Nə edəsən?
Yol isə tamam başqa məsələdir. Pis adamla burada rastlaşmaq və ya eyni istiqamətdə olmaq insandan təkcə səbr istəmir, reaktiv bir ayıqlıq, düşünmək bacarığını da qarşıya qoyur.
Buyurun, adi bir yol-nəqliyyat hərəkəti epizodunu olduğu kimi şərh edirəm. Bakı-Yevlax istiqamətində magistralın müəyyən hissəsi qəfil tıxaclanır. 35-40-a yaxın müxtəlif markalı və təyinatlı maşınlar ard-arda düzülərək saatda 30 km. sürəti güclə götürürlər. Doğrudur, təxminən 2 kilometrlik bir məsafədə ötməni qadağan edən düz zolaq çəkilib. Ancaq burada sürət məhdudiyyəti 80-dən aşağı deyil. Bəs onda nə baş verib? Səbrli olub yolumuza davam eləyək, görüb biləcəksiniz.
... Qarşıdan da dalbadal elə hey maşınlar gəlib keçir. Bəziləri faraları yandırıb-söndürməklə irəlidə DYP müfəttişi dayandığını bildirir. Elə sürücülər var ki, heç buna da əhəmiyyət vermir, qazlayıb "kalonu" arxada qoymağa, addım-addım getməkdən qurtulmağa cəhd göstərir. Alınmır, çünki bayaq təsvir etdiyimiz kimi qarşı tərəfdən də ara vermədən maşınlar şütüyür. Hələ yaxşı ki, əks istiqamətdə buradakı kimi anormal vəziyyət yaranmayıb.
Nəhayət, həmin o qadağan zolağı qurtarır. İmkan yarandıqca zorən "kalon" quyruğuna düşən maşınlar bir, iki sıradan qopub yollarına davam edirlər. Əslində tıxac yaranması üçün heç bir ciddi hadisə baş verməyən zonaya daxil olarkən sürəti qəsdən azaldıb 40-a salan və bu əcaib vəziyyəti yaradan xarici turist, nabələd birisi deyil, öz Eşşəyimiz olub. Vəziyyəti bilərəkdən gərginləşdirib əsəbilik və təhlükə (bəzi sürücülər dözə bilməyib yol-hərəkəti qaydalarını pozmağa, ciddi risqlərə cəhd edirdi) yaradan beləsinə, bəlkə də başqalarının hissləri ilə oynayıb məzələnən vətəndaşımıza Eşşək deməyim yəqin söyüş kimi səsləndi. Gəlin onda evfemist priyomla oxşatmanı yumşaldıb ona "uzunqulaq" deyək. Bəlkə doğrudan da qulaqları bir az uzundur, əsl adını bilmədiyimiz üçün çox da dara-bara salmaz.
İndi bu cür Uzunqulaq və Eşşək sürücülər... görün magistrallarda daha hansı pəstahalardan çıxırlar. (Bağışlayın, əziz oxucular, evfemizmdən istifadəm uğurlu alınmadı).
... Qarşıda DYP maşını görünür. Saatda 80-90-la getdiyimiz yerdə bizi 120-130-la keçən köhnə model "Meresedes" qəfil sürətini azaldır. Eşşək olanda nə olar, irəlidə müfəttiş dayandığını hiss edir və görür. Bayaqdan tozanaq qoparan Eşşək tez özünü və yanındakını "kəmərləyir". Normal sürət məkanıdır, "bizim eşşək"sə sürəti azaldaraq 50-yə, 40-a salır. Biz onu ötüb keçirik. DYP müfəttişi görünüş dairəsində olan bütün hərəkətləri izləməkdədir. Bu onun peşəsidir, sayıq olmalıdır. Ancaq o, sürət həddini aşanları, yol hərəkət qaydalarına əməl etməyənləri saxlayıb müəyyən tədbirlər gördüyü kimi, yolda qəsdən tıxac yaradanları, DYP maşınını görərkən arxadan gələn maşınların hərəkət intensivliyini pozanları, yalançı yaltaqları da görməlidir, sivil qaydalara çağırmalıdır.
... "Mersedes" müfəttişin qarşısından da "çox ağıllı, təmkinli və intizamlı" biri kimi keçib gedir. Amma heç bir kilometr aralanmamış bizi də, başqalarını da sürətlə ötüb gözdən itir. Nə vaxtsa radara və ya qəfil yerdə müfəttişə ilişənə qədər. Ancaq baxır bu vəziyyətədək "bizim eşşək" palçığa hansı formada batacaq. Yəni, ikinci dəfə palçığa batmaq şansı qalacaqmı?
Şəhər daxilində də bəzi sürücülər heyvani hərəkətlərə yol verirlər. Avtoşluqla, hürən, anqıran , öskürən... siqnallarla. Bu məsələni bizim veteran həmkarımız, eyni zamanda sahənin ünlü ekspert- mütəxəssisi Faiq Hüseynov vaxtaşırı millətin diqqətinə çatdırdığı üçün əlavə heç nə yazmıram.
Ancaq bu yazı ilə əlaqədar bir neçə zəruri fakta diqqət yetirməyimiz vacibdir. Son vaxtlar yol-nəqliyyat hadisələrinin müəyyən qədər azalmasında təbii ki, mübarizə üsullarının və peşəkarlığın artması mühüm rol oynayır. Savadlı, təcrübəli, vətənpərvər Dövlət Yol Polisi işçiləri artmaqdadır. Bunlar sevindirici haldır. Təəssüf ki, köhnə qaydalarla işləyənlər də olur. Belələri güzəştli üsullarla fəaliyyət göstərir, müəyyən qayda pozuntularına göz yumurlar. Elə bu səbəbdən də bir sürü vətəndaşlarımız respublika yolunu dədələrinin yolu hesab edərək ciddi təhlükələr yaradırlar, heç nədən çəkinmirlər. Eləsi də olur ki, nə radar, nə müfəttiş, nə post onun üçün heç nəyi ifadə etmir. Hər yerdən saymazyana sürüb keçərlər. Bu tip sürücülər hansı vasitələrlə olur-olsun saxlanılmalı, cəzalandırılmalıdırlar.
Bəzi DYP əməkdaşlarının göz yumduqları qanuntanımayanlar bu mənada çox zərərli təmayülün formalaşmasına şərait yaratmış olurlar. İlk növbədə belə halların qarşısı alınmalıdır. Dələduz avtoşlar, arxalılar, ərköyünlər hər yerdə saxlanılmalıdır. Bundan ötrü hədələrə, haqsızlığa tuş gələn DYP işçilərini mətbuat sonadək müdafiə etmək iqtidarındadır. Özəlliklə sizlərin doğma "Ədalət"iniz.

P.S. Səggiz il bundan əvvəlin hadisələrini təkrar xatırlatdım. Nəsə dəyişibmi?

P.SS. Ey böyük ustad, ey dahi Əziz Nesin, haradasınız? Ruhun bizi bağışlasın. Siz haqq dünyasında, bizsə fani... Ustad, inanın ki, yazını bitirəndən sonra yadıma düşdü. Yoxsa mən nə cəsarətlə o alagözlünü...


TƏQVİM / ARXİV