Allahın çox istədiyi adam... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2302 | 2024-08-12 15:15

...Biz elə bilirik ki, Allah hamını çox istəyir. Amma bu heç də belə deyil. Allah ən çox istədiyi bəndələrini ən uca zirvəyə qaldırır və görür ki, bu bəndə o ucalığa layiqdir, onu həmişə ömrünün sonuna qədər həmin zirvədə saxlayır... 

...Allahın ucalığa qaldırdığı və orda saxladığı, sonra da sevə-sevə öz dərgahına apardığı bəndələrindən biri də Füzuli rayonundan olan böyük yazıçı, jurnalist, publisist, ziyalı və sözün həqiqi mənasında füzulilərin məhəbbətini qazanmış Oqtay Bəndalı oğlu Əliyevdir (Ərgünəş). 

Oqtay müəllimi mən 1976-cı ildə BDU-nun jurnalistika fakültəsinin III kursunda oxuyarkən “Araz” qəzetində təcrübədə olanda tanıdım. Bir çoxları bizə qısanclıqla yanaşsa da, amma o, öz sadəliyi, səmimiliyi və gülər üzüylə bizə öz sevgisini verdi. Çünki mən tək deyildim, məndən başqa tələbə dostlarım - Nizaməddin Rəfiyev və Teyfur Mehdiyev də orada idi. Elə o vaxtdan mənim yaddaşımda Oqtay Ərgünəş bir nur parçası kimin qaldı. Yadımda qalan həm də o oldu ki, o, “Araz” qəzetinin redaktor müavini idi. Bütün bunlar hamısı Oqtay müəllimin əsil-nəcabətli bir nəsildən olduğunu göstərirdi. Göstərirdi ki, atası Bəndalı kişi Sosialist Əməyi Qəhrəmanı olsa da, yüksək vəzifədə əyləşsə də övladlarına çox gözəl tərbiyə vermişdi. Daha doğrusu, onlara halallığın yolunu göstərmişdi. Elə övladları da, o cümlədən Oqtay müəllim də bu halal işıqlı yolu seçmişdilər... 

...O, Füzulinin ən böyük ziyalılarından biriydi. Müxtəlif vəzifələrdə olsa da, maddi imkanı artsa da yenə dəyişməmişdi; 1976-cı ildə tanıdığım Oqtay müəllim idi! Amma bir şey dəyişmişdi, yaşa dolduqca bir qədər də müdrikləşmişdi, bir qədər də sadələşmişdi və bir qədər də çöhrəsində nur çoxalmışdı... 

Mən onun kimi böyük ürək sahibi olan ziyalılar az-az tanıyıram. Heç kəsin xəstinə dəyməsin. Oqtay Ərgünəş Füzuli ziyalılarının komandanı idi. Ən azından ona görə ki, füzulilərin bütün xeyir-şərində iştirak edirdi. Və bir körpü olaraq onları bir-birinə birləşdirirdi. Tək mənə qarşı yox, Mahmud Qacara, Əbülfət Mədətoğluna, Umud Rəhimoğluna, Mais Kazımova, Süleyman Qaradağlıya... bir sözlə, bütün yarazlara qarşı çox diqqətli idi. Mahmud Qacar dünyasını dəyişəndə canını qoymağa yer tapmırdı. Çünki onlar çox yaxın dost idilər, daha doğrusu bir-biriylə nəfəs alırdılar. Çox qısa zamanda Mahmud Qacarla bağlı onun ölümündən sonra Umud Rəhimoğlu redaktorluğu ilə çox gözəl bir unikal kitab araya-ərsəyə gətirdi. Dedim ki, Oqtay müəllim, bu kitabla Mahmud qardaşımıza yeni bir ömür verdin. Və bu kitab Mahmudun ailəsi tərəfindən çox böyük sevinclə qarşılandı, onlara bir təsəlli oldu... 

Oqtay Ərgünəşin bir-birindən gözəl kitabları çap olunub. Hamısı da oxucular tərəfindən böyük sevgilə qarşılanıb. Onun bir neçə cümlə ilə yazdığı hekayə və deyimləri çox qeyri-adi, unikal və bal kimi şirindir. Çoxunun romanda, povestdə, hekayədə deyə bilmədiyi fikirləri, Oqtay müəllim bir cümlə ifadə edib. Bu da onun istedadının və savadının nəticəsi idi... 

...Mənim dünyada dostlarım o qədər də çox deyil. Yəni o dostlar barmaqla sayılası insanlardır. Bir neçə ay bundan əvvəl bir yazı qələmə almışdım. Məqalənin başlığı belə idi: “İtirdim, dostları, itirdim bir-bir...” Oqtay müəllim o yazını oxuyub çox kövrəlmişdi. Məni görəndə dedi ki, nə yaxşı o dostları unutmursan, yazılarında yaşadırsan. Mən də dedim ki, mənim qardaşlıq borcumdur! Heç ağlıma gəlməzdi ki, bir aydan sonra onun barəsində belə bir ağrılı-acılı, dərdli-qəmli yazı qələmə alacam. Dostumuz və qardaşımız Əbülfət Mədətoğlunun anasının yas məclisinə o, mən və Mais Kazımov bir yerdə getmişdik. Məclisdən çıxanda gözəl həkim və ziyalı Rafiq Yusifli ilə görüşdü. Onu və bizi maşınına mindirib, metronun “Elmlər Akademiyası” stansiyasına gətirdi. İstədi bizi Günəşliyə aparsın, Rafiq həkim razı olmadı. Maşından düşüb onunla xudahafizləşdik və metroya mindik. Elə yolboyu da Rafiq həkimlə Oqtay Ərgünəşin sədaqətindən, etibarından və dostluğundan danışdıq. Heç inanmazdı ki, bu bizim Oqtay müəllimlə son görüşümüz olacaq...

...Onu itirəndə çox kədərləndik, dərdimiz, qəmimiz bizi üzdü. Hətta Əbülfət Mədətoğlu dedi ki, Oqtay müəllimin ölüm xəbərini eşidəndə səhərə kimi ağlamışam. O adam  xoşbəxtdir ki, dünyasını dəyişəndə onun dalınca ağlayanı var. Oqtay müəllimin ağlayanları bəlkə də minlərlə insan idi. Amma Oqtay müəllim istəməzdi ki, dostları, doğmaları ağlasın. O, həmişə məğrur dayanardı, uca dağ, qaya kimi əzəmətli görünərdi və ömrünün sonuna qədər də elə uca dağ kimi dayandı. Ölümü də dağ kimi sevgi ilə qarşıladı. Yazımızı Ramiz Rövşənin aşağıdakı misraları ilə bitirmək istəyirik: 

Qəbrim üstə istəmirəm
Bir dost-tanış ağlasın, 
Bir az külək uğuldasın, 
Bir az yağış ağlasın...   


 

TƏQVİM / ARXİV