adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil ABBAS: MƏN DƏ BİR DƏFƏ ŞAGİRD DÖYMÜŞƏM

AQİL ABBAS
679 | 2022-01-25 17:49

Gərək ki, bunu bir dəfə yazmışam, amma yenə oxucuların yadına salmaq istəyirəm. Və ümumiyyətlə, müəllimin şagirdi döyməsinin, ya incitməsinin və küncdə tək ayaq üstə qoymasının əleyhinəyəm. Amma müəllimin birillik məvacibinin qiymətinə telefon gəzdirən, müəllim kimi avtobusda basabasda evindən dərsə çatmaq üçün iki saat tez çıxmaq əvəzinə lüks avtomobillərlə dərsə gələn və müəllimi adam yerinə qoymayan şagirdlərin də əleyhinəyəm.

Mən 8 ay müəllim işləmişəm - Ağsu rayonunda internat məktəbində, evimizdən 200 kilometr aralıda. Düzdür, kirayənişin yaşamamışam, atamın Temir adlı bir ağsulu dostu məni evində əziz bir qonaq kimi saxlayıb. Və bütün ağsulular qərib bir müəllim kimi mənə hörmət edirdilər. 8 ay bu şəhərdə yaşamışam və Ağsunu Ağdam qədər, Ağcabədi qədər doğma bilirəm. 47 illik jurnalistika təcrübəmdə də Ağdamın, Ağcabədinin zərərinə bir yazı yazmadığım kimi, Ağsunun da zərərinə yazı yazmamışam. Onların hörmətini, orda yediyim çörəyi itirmək istəməmişəm.

Müəllim işləyərkən başıma gələn bir hadisəni bir daha oxuculara xırdalamaq istəyirəm.

Mən 8-ci sinfə dərs deyirdim. Bir gün məktəb direktoru Nadir müəllim dedi ki, 10-cu sinifdə müəllim dərsə gəlməyib, get onu əvəz elə. Mən də getdim. Mənim 22 yaşım var, bir balaca boyum var, bir şilləlik canım var, 10-cu sinfin şagirdlərinin bəziləri məndən boylu-buxunluydu.

Müəllim dərs demək istəməyəndə adətən jurnalı yoxlayır, vaxtı ötürmək üçün. 40 uşağın adını oxuyursan, Məmməd – burda, Ləman – burda və sair və ilaxır, bir on dəqiqə vaxtını belə öldürürsən. Sonra da durub bir az ordan-burdan danışırsan və sair və ilaxır.

Təbii ki, mənim də dərs demək həvəsim yoxdu, başladım jurnalı oxumağa. Bir adı oxuyuram, cavab gəlmir, ikinci dəfə oxuyuram, yenə cavab gəlmir. Üçüncə dəfə oxuyuram, yenə cavab gəlməyəndə «qayıb» yazmaq istəyəndə bir oğlan durdu üstümə bir gərnəşdi, ironiya ilə məni süzdü və dedi:

- Burdayam.

Uşaqlar gülüşdü. Çıxartdım lövhənin önünə. Dedim ki, oğul, bu nə hərəkətdi?

Dedi:

-Xoşun gəlmir?

Dedim ki, xoşum gəlmir. Və onu saldım sillənin altına. Eşşək sudan gələnəcən, heç demə Ağsuda da eşşək sudan gec gəlirmiş, onu çırpdım. Sonra da bir təpik vurub sinifdən çıxartdım.

Üstündən on dəqiqə keçməmiş aləm dəydi bir-birinə.

Məktəbin direktoru Nadir müəllim:

- Sən neyləmisən? Səni tutacaqlar, məni də işdən çıxaracaqlar.

Az keçmədi, maarif müdiri Nahidə xanım zəng elədi ki, dərhal o müəllimi işdən azad edin və sair və ilaxır. Mən isə baxıram, heç vecimə də deyil, cəhənnəmə məni qovacaqlar, Nadir müəllimi də işdən çıxaracaqlar, nə bilim Nahidə xanıma da töhmət verəcəklər.

Və məlum oldu ki, döydüyüm şagird rayon prokurorunun oğludu. Bilmirdim, amma rayon prokurorunun yox, lap katibin də oğlu olsaydı elədiyi hərəkətə görə onu eşşək sudan gəlincə döyərdim.

Tezdən dedilər ki, səni prokuror çağırır. Durdum getdim. Prokuror bir ağsaqqal adam idi. Dedi ki, otur, oğul. Çay gətirtdi. Mən də fikirləşirəm ki, yəqin indi milis çağıracaq, məni aparacaqlar. Soruşdu kimsən, haralısan. Kimlərdənsən. Dedim ağdamlıyam, təyinatla gəlmişəm, burda müəllim işləyirəm.

Dedi:

- Səndən sonra oğlumu mən də döymüşəm ki, niyə müəllimi o həddə çatdırmısan ki, səni belə döyüb. Hələ iki-üç gün dərsə gələ bilməyəcək. Oğul, onun elədiyi kobudluğu mənə bağışla. Bir problemin olsa da burda qəribsən, mən də sənin əmin, istədiyin vaxt qapım üzünə açıqdı. Mən bu sözləri Maarif müdirinə də demişəm, məktəbin direktoruna da.

Üstündən 46 il keçir. Həmin döydüyüm şagirdlə sonradan qohum da olduq, bizlərdən qız da aldı. Və məni hər dəfə görəndə deyir ki, məllim, onda məni yaman döydün ha. İndi iş adamıdı, hörmət sahibidi. Və bəlkə mənim onun belə hörmətli olmağında sillələrimin də rolu var.

Belə kişilər olub ey. Bəlkə də həmin vaxt həmin prokuror elə addım ata bilərdi ki, Azərbaycan bir ziyalısından, bir yazıçısından məhrum da ola bilərdi. Amma atmadı o addımı, böyüklük göstərdi.

İndi isə müəllimin bir balaca tənbehinə görə onu linç etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

TƏQVİM / ARXİV