adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: ƏRDOĞAN BİLMİR DÜNYA İLƏ VURUŞSUN, YOXSA… 

AQİL ABBAS
158830 | 2020-11-05 18:00

Qardaş Türkiyənin sayın cümhurbaşkanı  Rəcəb Tayyib Ərdoğan  artıq bir  neçə ildir ki, az qala bütün dünya ilə vuruşur. Türkiyə Atatürkdən sonra böylə bir lider görməmişdi.  Həmişə Türkiyəyə  yuxarıdan  aşağı baxan  ABŞ və Avropa ölkələri  çaşıb qalıb. Və sayın Ərdoğan bütün  dünyaya  göstərdi ki, Yaxın Şərqdə, eləcə də Qafqazda heç bir  dövlət onsuz söz sahibi ola bilməz. Və bunu əməli ilə  sübut elədi: həm İraqda, həm Suriyada, həm Liviyada, həm Fələstində  və sair və ilaxır. VƏ ELƏCƏ DƏ ZAQAFQAZİYADA.  21 ərəb dövlətinin eləyə bilmədiyini sayın Ərdoğan  elədi və eləyir.

Artıq dünyanın  böyük dövlətləri və dünya liderləri  sayın Ərdoğanla hesablaşmaq zorundadı.

Adicə bir misal.  Elçibəyin  xahişi ilə Kəlbəcərdəki  əhalini  xilas etmək üçün Allahın bir  vertolyotunu kömək üçün  bizə göndərməyən Süleyman  Dəmirəl yəqin ki, hamınızın yadındadı.  Amma  sayın Ərdoğan Azərbaycanın   işğal altında olan torpaqlarını azad etməsi üçün hətta heç bir  «qırmızı xətti» tanımadığını  bildirdi. 

Sayın Ərdoğanla mən bir dəfə görüşmüşəm.  Və ürəyimdəki  sözləri ona demişəm.  Bu başqa bir yazının  mövzusudu, yaxın nömrələrdə bunu yazacam.

Gələk əsas mətləbə və bu köşəni niyə  yazdım?

Azərbaycan müqəddəs bir müharibəyə başlayıb . Və ən gözəli  və qəribəsi  budur ki, ölkədəki  52 siyasi partiyadan  50-si  bir bəyanat  verərək bu müqəddəs müharibədə Möhtərəm  Prezident  İlham Əliyevi və  xalqımızı dəstəkləməklə bu bəyanatı imzaladı. 

Yalnız  AXCP və Müsavat partiyaları  bu bəyanata imza atmadılar. Amma həmin  partiyaların verdiyi  bəyanatlar, liderlərinin  müsahibələri, çıxışları  onu  göstərdi ki, onlar da bu  müharibədə prezident və xalqla  birlikdədi.

İndi bir daha gələk  mətləbə. Bəli,  bütün Azərbaycan «Şur» üstə köklənib, yəni  qələbə  üstə.

Məni  narahat edən  nədir? Sayın Ərdoğan haqq-ədalət  uğrunda dünyanın böyük  dövlətləri   ilə və onların  liderləri ilə açıq döyüşə girib. Azərbaycanda belə bir söz var: «Öz qanını bir qaşığa  qoyub».  Amma  təəssüf ki, Turkiyənin, CHP başda olmaqla, aparıcı partiyalarının  Türkiyənin bu  ağır günündə sayın  Ərdoğanın  yanında olmaması  yandırır məni .  Sayın Ərdoğanın keçmiş silahdaşları Əli Babacan və  Əhməd Davudoğlu  hərəsi bir partiya qayırıb  və qoşulub  Kamal  Kılıçdaroğluna və sair və ilaxır. Və Türkiyənin bu  ağır günündə radikal  müxalifətçilik edirlər.  Bax, mən bunu  başa düşmürəm.

Bu gün Azərbaycan  müxalifəti  bütün siyasi iddialarını  bir  kənara  qoyub, prezident  İlham Əliyevin  yanındadılarsa, mən elə bilirdim ki, Türkiyədə də  bütün siyasi partiyalar  öz iddiarını bir  kənara  qoyub  sayın  Ərdoğanın  yanında  olacaqlar.

Amma bunu görmədim və təəssüf edirəm.  Qardaş ölkənin  siyasi  partiyaları, sizin sayın Ərdoğanın  yanında  olub-olmadığınız heç nəyi  dəyişməz. Sadəcə,  qan  qaraltmaqdır! Sayın Ərdoğan  bütün  dünyaya  sübut  elədi ki, Türkiyə  qüdrətli bir  dövlətdir, heç kəsin  sözü ilə oturub-durmur (onda ki müxalifət  ola) və Şərqdə heç bir  problem Türkiyəsiz həll  oluna  bilməz.

Tanrı Ərdoğanı  qorusun!

Və ümumiyyətlə, Tanrı   elə hamımızı qorusun!

TƏQVİM / ARXİV