adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: EŞŞƏYİN BELİNƏ TƏRSİNƏ MİNDİRİLƏN PADŞAH

AQİL ABBAS
43982 | 2021-03-13 10:12

Qırğızıstanda yenə aləm bir-birinə dəyib. Ermənistanda vaxtilə  eşşəyə tərsinə mindirilmiş köhnələr güclərini bir yerə yığıb Paşinyanı taxtdan salıb eşşəyə mindirmək istəyirlər. Elə Gürcüstanda da…

Belə bir rəvayət var: bir imkanlı  atanın  oğlu qurşanır eyş-işrətə, qumara. Atasının  var-dövlətini   dağıtmaqla  məşğul olur. Bir gün atası ölüm ayağında  oğlunu  çağırır:

- Oğul, bilirəm, mən öləndən sonra bütün  mal-mülkümü  eyş-işrətə  qumara xərcləyəcəksən. Səndən bircə xahişim var, - deyir və barmağındakı çox bahalı  üzüyü  çıxarıb verir oğluna; -  Heç olmazsa mənim xətrimə  bu üzüyü  dünyada  ən  axmaq adama  satarsan.

Ata ölür, oğul da atasının nəyi var sovurur  göyə, bircə qalır üzük. Deyir ki, yox ey,  atamın son vəsiyyətini  yerinə yetirəcəm. Düşür şəhərin canına, kimdən soruşur ki, sən axmaqsan, eşşək sudan gəlincə çırpırlar.

Baş götürüb gedir başqa şəhərlərə.

O vaxt  hər şəhərdə də bir  padşah varmış.  Nəhayət, gəlib  çıxır bir  şəhərə. Görür millət yığılıb meydana, bir nəfəri tərsinə mindiriblər eşşəyin  belinə, camaat da əlinə nə keçir atır ona, kimi pomidor, kimi yumurta. Deyir yəqin ən axmaq  adam  budur ki, onu bu günə qoyurlar. Sevinir ki,  istədiyini  tapıb.

Camaatdan soruşur ki, o kimdi? Deyirlər:

- Bizim  köhnə  padşahımızdı. Bizdə adətdi dörd-beş ildən bir padşahı perevorot edib çıxarırıq, yerinə  təzə padşah seçirik,  köhnə padşahı da bu günə qoyuruq.

- Bəs,  təzə padşahınız hanı?

Bir eyvanı göstərib deyirlər:

- Odur eyy, oturub orda.

Oğlan baxıb görür ki, təzə padşah qırx eşşəyi sağına gələnlər kimi dəməkgərmədən oturub  kresloda, ailəsi, qohum-əqrəbası da yanında, meydandakı mənzərəyə  baxıb gülür, hərdən də qabağındakı pomidorlardan birini tolazlayır köhnə padşaha.

Birtəhər qalxır eyvana,  yaxınlaşır padşaha. Atasının vəsiyyətini deyir və xahiş edir ki, ondan bu üzüyü alsın.

Qəttəzə padşah hirslənir:

- Cəllad!

Cəlladlar  hazır olur və üzünü tutur həmin oğlana deyir:

- Sən mənə axmaq deyirsən? Cəllad, apar bunun  boynunu vur.

Oğlan:

- Bəli, dünyada  səndən axmaq adam  rastıma çıxmadı.

Padşah:

- Nəyə  görə deyirsən?

- Bilirsən ki, beş ildən sonra da səni o günə  qoyacaqlar, amma baxıb gülürsən.

İndi baxıram, Qırğızıstanda  aləm yenə qarışıb, onlarda adətdi, dörd ildən, beş ildən bir köhnə prezidentləri tərsinə eşşəyin  belinə mindirirlər, təzə gələnlər də şaqqanaq çəkib gülür.

Bu bizim çox yüksək vəzifəli dövlət məmurlarına da aiddir.  Əvvəlki məmurları eşşəyin  belinə  tərsinə mindirib Bayıla (oxu: Kürdəxanı) aparırlar, yerinə gələnlər isə  hələ bir dörd- beş il kef edə bilərlər. Qohum-əqrəbalarını, dost-tanışlarını başlarına yığıb vəzifəyə gətirə bilərlər. Tenderləri kimə istəyirlər verə bilərlər. Və unudurlar ki, bir gün onları da eşşəyin belinə tərsinə mindirəcəklər.

Və gözü  çıxmış qardaşlarından öyrənmirlər.

TƏQVİM / ARXİV