adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Bir zamanlar Ağdamda... - Emin Piri yazır

Emin Piri
1273 | 2021-11-19 12:15

I

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

 

Elə fevral ayı olardı o əsgərin özünü gülləyə vətən etməsi….”Sağ qalan varmı?!” şeirimdəndir bu parça. Elə şeirlər kitabımın adı da”Sağ qalan varmı?!” idi.

Ağdamda səngər həyatımız davam edirdi. Ötən ildən, Vətən Müharibəsindən fərqli olaraq metr-metr səngər irəli çəkməyin sevincini yaşayırdıq. Hər dəfə bir neçə metr irəli səngər çəkmək bizə hansısa kəndi azad etməyin sevincini verirdi. Daha irəlidə post qurmaqsa sanki bir rayon, şəhəri azad etməyin ekstazını yaşadırdı. Bu səngərlərin çəkilməsini zamana böləndə, düşmən qarşısında gecələrlə səngər qazmaq sanki iynəylə eşələnmək idi. Bəzən bir neçə metr irəli səngər çəkmək günlərlə də deyil, aylarla zaman alırdı. Əlbəttə, bu səngər çəkmələr itkisiz başa gəlmirdi. Nəmirli və Şurabad kəndinin sol cinahı tərəfdə bu dəfə digər bölməyə tapşırılmışdı səngər işi. Gecə vaxtı və snayper gülləsi bir gəlinliyi əbədi sahibsiz qoydu. Bir sevən qızın arzularını özüylə birgə apardı. Bəlkə də düşmən silahında üşüyən güllə əsgər sinəsində qızınmağa yer axtarırdı. Beləcə bu şeirim meydana gəldi.

Həyat bu qədər fanidir, kiminsə sevərək oxuduğu, kiminsə həzz aldığı şeirlərin altında hansısa faciə, ananın göz yaşı və ya qan dayanır.

 

ıı

“alo, alo, alo…”

İllərdi gecələr yuxudan təngənəfəs oyanırdım. Bəzən tər içində, bəzənsə boğulmaq üzrəykən... Bu oyanmalar 2010-cu ilin əvvəlindən 2020-ci ilin sentyabrına kimi davam etdi. Əvvəlki illər hər gecə, sonra həftədə bir, sonrasa, ayda 1-2 dəfə yuxularıma haram qatan bir qız idi. Üzünü görmədiyim, heç zaman rastlaşmadığım bir qız. Daha doğrusu, bir qızın səsi. O, heç nə danışmır, hesabını bilmədiyim sayda "alo, alo, alo...". Yuxularıma haram qatan bu "alo"lar idi. Axı, kim idi bu qız, niyə hər gecə yuxularımda "alo" deyərək qışqırır və mənə əzab verir?!

Vətən müharibəsi məni bu əzabdan qurtardı. Daha o yuxuları görmürəm, kimsə yuxumda "alo" deyə qışqırmır. İndi öz əzablarım, öz yaşantılarım, bu müharibədə gördüklərim yuxumu qarışdırır. Vətən müharibəsi təkcə Qarabağı deyil, məni o qızdan, o səsdən xilas etdi.

2010-cu ilin qışı... Ağdam. İşğal olunmuş kəndlərin qarşısı... Səngər həyatımız davam edir. Burada başını səngərdən qaldırmaq ya hansısa snayperin sinəsinə medal taxmaqdır, səngərdən qırağa çıxmaqsa, ayaqlarını minalar üstündə unutmaq.

Niyə 2010-cu ilin hadisələrindən indi bəhs edirəm - deyə bilərsiniz. Keçmişdə etdiyim qaralamalarıma maraq Vətən müharibəsi zəfərindən sonra maraq oyatdı. Həm də əvvəl bunlara elə də həvəsli deyildim. Çünki məğlub bir ölkənin səngər həyatından bəhs etməyi ya özümə yaraşdırmır, ya da utanırdım. Axı kimə nəyi sübut edəcəkdim? Utanırdım... Məğlub bir ölkənin zabiti kimi xatirələr dərc etməkdən. Eləcə səngər şeirlərimlə ovunurdum. Hə, bu müharibə məni həm şeirlərlə ovunmaqdan, həm də yuxularımdakı qızın səsindən xilas etdi...

Müşahidə postunda duran əsgər anidən qışqırdı; - "Komandir, erməni". Dərhal müşahidə postuna çıxdım. Postda ermənini görmək sizə nə qədər qəribə gəlsə də, arzuladığın əzizini görməklə müqayisə edə bilərdim. Yox, yox, o ermənini bağrımıza basmaqçün deyil, gülləyə tuş etməkçün.

Tr-8-lə müşahidə apardıq. Bir əli cibində, birindəsə telefon qulağına söykəyərək hərəkət edir. Hərəkət edir deyirəmsə, gövdədən yuxarını görürük. Özünü o qədər itirib ki, düşmən valının arxasından çıxdığının fərqində deyil. Axı, adam kiminlə belə danışıb dünyanı unudub öz səngərini tərk edə bilər? Anasımı, sevgilisimi, bacısımı? Onun özündənrazı, tərki dünya olaraq harda olmasını unutması adamın ağlına yalnız sevgilisini gətirə bilir. İnsan onun etdiklərini sevgilisi ilə danışanda edə bilər...

Bu qədər danışmağıma baxmayın, bu qədər düşüncə bir an ərzində baş verir. Vuraq? Ani olaraq beynimin içindəki düşüncələr mənə imkan vermir? Bəlkə danışdığı adam anasıdır? Və həmin vurulsa... Ya da sevgilisi? Bu elə ən böyük sevgi qətliamı olar. Telefonun qarşısındakı şəxsin o vurulduğu an keçirəcəyi hissləri ağıla gətirmək belə mümkün deyil. Bəs, o əsgərin yerində biz olsaydıq? Danışdığımızsa sevgilimiz, anamızdırsa?

Bəlkə də, bütün bu düşüncələr bir saniyəlik zaman intervalı olmadan ildırım sürətilə beynimin bir guşəsindən keçir. Amma...

Erməni əsgəri ordadırsa, əminəm ki, bizi görsə, böyük sevinc hissi ilə vurardı. O burdadır ki, o ona görə vurar ki, bir azərbaycanlının vurulması onunçün medaldır, məzuniyyətdir, özgüvən hissidir, gələcəkdə karyerada yüksəlişdir, məclislərdə özünün və qohumlarının bu hadisədən genələ-genələ danışması, erməni TV-lərində bol-bol öz qəhrəmanlığından danışmaqdır.

Vuraq? Snayper başından nişan aldığını bildirir. Vur!..

Səngərdə əsgərlərimiz atışdan sonra “ura!” deyə qışqırır, sevinir, sonrasa ani boşluq. Rabitə ilə koordinatı verib məruzə edirik. Atəşkəs dövründə belə atışlar zamanı koordinat məruzə olunur, vurulmanın dəqiq olub-olmadığını gözləyirdik. Bizə lazım olan xəbərin təsdiqlənib-təsdiqlənməməsidir. Bir neçə saat gözləyir, bu hadisənin nə ilə sonuclanacağından səbrsizlənirdik. Amma nə deyilsə də, atışdan sonra onun necə yerə sərildiyinin gözümüzlə şahidi olduq, axı, - deyirəm özüm-özümə.

Axşama yaxın rabitə ilə xəbər verilir ki, verdiyiniz xəbər təsdiqini tapıb, vurmusunuz. Sevinclər yenidən artır... Qeyd olunası xəbərdir. Həmin gecəni aşağıdan gətirtdiyim yeyib-içməklə qeyd edirik. Bir növ səngərdə bu xəbərə əsl qonaqlıq verirəm. Ölüm xəbərinə sağlıqlar deməklə. Səhv etmirəmsə, Dövlət radiosunun axşam buraxılışıdır. Verilən xəbər sağlıqlarımıza qoşulur. Atəşkəs pozulub, düşmən təxribatının qarşısı alınıb, düşmən hərbi qulluqçusu "..." məhv edilib.

(Əlbəttə, istəyən şəxslər bu adı, yeri və s. arxiv materialına əsasən əldə edə bilər. Burada bu məlumatı, adı olduğu kimi vermək həm etik, həm də bəzi məsələlərə görə doğru olmadığından hallandırılmır).

Səngərin bir köşəsinə çəkilirəm. Kimsənin məni görməyəcəyi bir küncünə. Özümdən asılı olmadan ağlayıram. Bütün gecəni. Həm sevinmək, həm də ağlamaq. Axı mən kimə ağlayıram belə? Məni ağladan kimdir, hansı hisslərdir? Kimə ağlayıram belə? Ölən erməniyə, ölən sevgiyə, yoxsa nəyə? Bəlkə elə özümə? İçimdə qopan fırtınaya cavab tapa bilmirəm...

O gündən sonra yuxularımda kimsə, daha doğrusu, bir qız "alo, alo" deyərək qışqırır. Mənsə təngnəfəs, tər içində oyanır, mətbəxə keçir, su içir, bəzən ağlayır, bəzənsə siqaret yandırırdım... 2020-ci ilin sentyabrına kimi... Məni kölgə kimi izləyən o qız, o səs qeybə çəkilib. Artıq öz əzablarımı görürəm, öz əzablarım yuxudan oyadır məni...

...Yenə belə əmr verə, yenə belə edərdimmi? Mütləq ki, bəli. Yenə öldürərdik, yenə bu ölüm xəbərinə qonaqlıq verərdim, yenə də səhərə kimi ağlayardım...

 

 

III

Səngər şəhidi

 

Tağım komandiri kimi iki kəndin qarşısındakı mövqeləri qorumaq bizim heyətin üzərinə düşür. İki həftədən bir yerdəyişmə olur. Gah bu iki kənddən birinin, gah da o birinin qarşısındakı səngərlərdə oluruq. Hər kəndin qarşısında üç post var. Hər tağıma üç post düşürdü. Bir postda bir tağım komandiri ilə bir manqa, digərində tağım komandirinin müavini(gizir) ilə digər manqa, üçüncü postdasa MAXE-nin başçılığı üçüncü manqa. Bu üç posta postlar başılıçığı dövründə üç kərə erməni vuruldu. Daha doğrusu təsdiqlənən vurulmuş erməni sayı üç oldu.

Həmişə içimizdə bir qorxu vardı, bunun bir bədəli nə zamansa olacaq...

Təzə tərxis olunmuşdum. Bir neçə gün keçmişdi. Çavuşlarımızdan Məmmədova zəng etdim. Dəfələrlə zəng çatmadı. Zabit yoldaşımız Xantəmirova zəng etdim, Məmmədov şəhid olub cavabıyla qulağım cingildədi...

Bədəl verilmişdi...

Ağdam torpağı bərəkətli və bolsulu idi. Yağışlar vaxtı, qar əriyəndə bütün axıntı səngərə dolurdu. Bəzən səngərdə su dizə çatırdı. Beləcə, nə hərəkət etmək olurdu, nə də yemək təminatı düzəməlli. Çörək də belə havalarda palçıq qarışıq olurdu. Bir növ peç üstündə palçıqlı çörəyi yenidən bişirərək yeyirdik. Ac vaxtlarımızda restoranda yediyimiz çörəkdən daha dadlı idi o palçıq-çörək.

Hə , onu deyirdim, belə havalar, palçıqlı,yağışlı günlər ermənilər üçün ov vaxtı, qisas günləri olurdu. Çünki yağışdan sonra səngərlər, üstü, bermalar dağılır. Bizsə o səngərləri, bermaları yenidən düzəltməyə çalışırdıq. Belədə gülləyə tuş gəlməmək şans məsələsi olurdu. Bununçün gecə vaxtları seçirdik. Həmin dövrün texnoloji vasitələri indiki qədər deyildi, amma hər zaman gecə görmə cihazından istifadə etmələri mümkün idi. Necə ki, bəzən istifadə etmişdilər. Ya da təsadüfi səngər boyu səpələmə atəşə tutmaq.

Çavuş Məmmədov da belə günlərin birində boğazından vurularaq şəhid oldu.

 

ıv

Ev yıxan şərab çənləri

 

Ağdamda sovet dövründə üzümçülüyün hansı formada inkişaf etdiyini bilirsiniz. Mövqelərin qarşısında iki böyük keçmiş çaxır çəni var idi. Hündürlüyü 10metrdən çox olardı. Gedəndə öyrənmişdim ki, adətən o çənlərin üzərində ermənilər snayper yerləşdirir...

Elə snayper atışları da məhz ordan olurdu çox vaxt.

O çaxır çənləri çox evə od salmışdı...

Bəlkə simvolikdir, şərab müharibəsiz də, mülki həyatda da çox evi yıxıb...

 

V

Biz qaldırırıq, onlar vurur

 

Üzümlük deyilən ərazi vardı. Səngər irəli çəkməklə həmin üzümlük ərazisində mövqemiz ermənilərin bölük dayaq məntəqisinin 26 metliyinə çatmışdı. Gecələr orada “pasinka”lardan müşahidə postu qaldırırdıq. Səhərsə ermənilər oranı qumbaratanlardan atəşə tuturdu. Belə hallar, belə “hərbi oyunlar” dəfələrlə təkrarlanırdı; Biz gecələr qaldırırdıq, onlarsa gündüzlər vururdu...

 

VI

Ay piri...

Gizirimiz, tağım komandirinin müavini Əmirxanovla hərbi münasibətlərdən əlavə səngər dostluğum da vardı. Mənə qısaca olaraq Piri deyirdi. Ya da uzaqdan çağıranda “ay piri” deyə. Bəzən bir-birimizi bərk çağıranda cəmi bir neçə metrlik məsafədə bizim adları yəqin ki, ara-sıra eşidirdilər qarşı tərəfdə...

Üzümlük dediyim ərazidən keçəndə qarşı tərəfdən eşitdiyim səs tüklərimi biz-biz etdi. Ay piri, Ay piri; qışqırırdılar erməni valının arxasından.

Səngər həyatımdan sonra Piriyev Emin Emin Piri imzasına çevrildi beləcə. Piri adı gizirimizin mənə müariciətindən sonra doğmalaşmışdı. Qarşı tərəfindən səsləməsindən sonrasa “PİRİ” şeirlərimin imzasına çevrildi.

 

TƏQVİM / ARXİV