BMqT: 2024-cü ildə miqrant ölümlərinin sayı rekord həddə çatıb

278 | 2025-03-21 22:24

2024-cü ildə dünya üzrə miqrantların ölüm sayı təxminən 9 min nəfərə çatıb ki, bu da son beş ilin ən yüksək göstəricisidir.

Adalet.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.

Təşkilatın məlumatına görə, 2024-cü ildə miqrasiya marşrutlarında 8 938 nəfər ölüb. Lakin real ölüm sayı daha yüksək ola bilər, çünki bir çox hadisələr sənədləşdirilməmiş qalır.

Ən çox ölüm halları Asiyada – 2 788 nəfər, Afrikada – 2 242 və Aralıq dənizi regionunda – 2 452 nəfər qeydə alınıb. Avropada bu göstərici 233 nəfər təşkil edir.

İlkin məlumatlara görə, Amerikada azı 1 233 miqrant ölüb ki, bunlara Karib regionunda rekord sayda 341 hadisə və Daryen körfəzini keçərkən 174 ölüm halı daxildir.

BMT vurğulayıb ki, ölənlərin əksəriyyətinin kimliyi müəyyən edilməyib.

TƏQVİM / ARXİV