Bəzək-düzəksiz yazacam.
Birbaşa.
MİQ imtahanları bitəndən sonra yer seçimi uğrunda müsabiqəyə start verilib. Birinci şəhid ailələrindən başlayıblar.
Keçid balı 40-dır.
40,1 bal toplayandan tutmuş 90-dan yuxarı bal yığan şəhid ailəsinin üzvü olan hər kəs birinci seçim edəcək.
Məsələn, 1635 tarix müəllimliyinə namizə üçün 284 yer ayrılıb. Bu o deməkdir ki, bir yer uğrunda azı 5-6 müəllim mübarizə aparır. Kimin balı yüksəkdirsə, o da yerin sahibidir.
Təbii ki güzəştsiz seçim olardısa.
1635 nəfərdən ən yaxşı bal yığan 284 nəfər gələcəyin müəllimi olardı.
Amma bu güzəşt sayəsində 40,1 bal yığan, yəni 100 bal maksimumundan 2,5 dəfə az bal yığan biri gələcəkdə uşaqlara dərs deyəcək. Özü də TARİXdən!
Çünki o, şəhid ailəsidir.
Səhifələri izləyirəm. Rəsmən rəzillikdir. Şəhid ailələrinin imtahan verən üzvləri şərhlərdə nə qarğışlar tökürlər ilahi.
“Sizi görüm evinizdən şəhid çıxsın”, “Kim ki bizə kinlə baxır, ona da qismət olsun şəhid vermək”, “Bizim doğmalarımız sizin üçün şəhid olub” və sairə və ilaxır.
Bəli, Təhsil Nazirliyi müəllimlərlə şəhid ailələrini üz-üzə qoyub.
Ömrünü oxumağa sərf edən, bəlkə də gözünü elə bu imtahana dikən, atası, qardaşı olmayan nə qədər müdavim var. Mütləqdirmi ki, ailəsindən kimsə şəhid olsun? Atasız, qardaşsız olmağın buynuzu olurmu?
Niyə müəllim olmaq üçün belə bir güzəşt olmalıdır?
Niyə minimum keçid balı yığan gedib müəllim işləməlidir, yüksək bal yığan isə qalmalıdır çöldə?
Biz niyə anlayışları qarışdırırıq?
Qazi var idi ki, maşının nömrəsini qaraldıb avtoşluq edirdi, polis saxlayanda deyirdi ki, mən qaziyəm. Niyə?
Qazi, şəhid ailəsi olmaq vətəndaşlıq vəzifəni bilməmək, qanunu pozmaq deməkdir? Bu statusun varsa, sən ən yaxşı müəllim sayılmalısan? Bu statusun varsa, sən özünü apara bilməyib ağzına gələni danışıb sonra da deməlisən ki, qaziyəm, şəhid ailəsiyəm?
Dünyanın harasında belə bir sistem və belə bir dəyər var?
Təhsil Nazirliyi Azərbaycanın gələcəyini savadlı müəllimə tapşırmaq istəmir, sadəcə özünə prim qazanır. Bunun adı haqsızlıqdır.
Təhsil savadla ölçülür, statusla yox!
Şəhid ailəsi, qazi kimi statusları bu qədər ucuzlaşdırmaq sadəcə rəzillikdir...