CƏBRAYILA QAYIDANDA SEVİNCİMİZDƏN AĞLADIQ

90 | 2025-01-24 09:00

Heç kimə sirr deyil ki, Cəbrayıl rayonu 1993-cü ilin avqustun 23-də ermənilər tərəfindən işğal olunmuşdur. Və ermənilər işğal olunmuş Cəbrayıl şəhərində, qəsəbədə və kəndlərdə daşı-daş üstə qoymamışdılar. Evlərin, binaların, sosial obyektlərin  döşəmələrini, qapılarını, pəncərələrini və hətta dam örtüklərini  söküb aparmışdılar. Ən yaxşı halda binaların özülündə olan qara  çay daşlar qalmışdı. İmkanları olsaydı onları da aparardılar. Amma sadəcə olaraq, tikintiyə yaramadığına görə o qara çay daşlarını söküb aparmamışdılar. Bununla yanaşı, rayonda olan bütün qəbiristanlıqlardakı qiymətli və qara daşların hamısını söküb talamışdılar. Vəhşilik o dərəcəyə çatmışdı ki, məzarları açaraq cəsədlərdən qızıl dişlər aparmışdılar. 

Nə isə… Dünyanın heç bir müharibəsində görünməyən vəhşiliyi ermənilər  etmişdilər. Adamı yandıran odur ki, bu vəhşi erməniləri  demokratiyadan, insan hüquqlarından və azadlıqdan dəm vuran Avropa ölkələri, xüsusən də Fransa müdafiə etmiş və edirlər. Heç ABŞ da  onlardan geri qalan deyil. Az qala onlar erməniləri dallarına şəlləyib öz yanlarına  aparalar. 

Cəbrayılın ağır günləri bax, 1993-cü ildə sakinlərin  yadından  heç vaxt yadından  çıxmayıb. Onda  insanlar dərdin, kədərin və göz yaşın içində bu yaşayış yerlərini tərk etmişdilər. İndi o vaxtdan bəri 30 ildən çox vaxt keçir. Yəni Cəbrayıl da 2020-ci ilin sentyabrın  27-dən noyabrın 10-na qədər davam edən 44 günlük İkinci Qarabağ savaşından sonra  işğaldan azad olundu.  Qısa  zaman kəsiyində cənab prezident, Ali Baş Komandan İlham Əliyev Cəbrayılı ziyarət elədi, orda Azərbaycan bayrağını qaldırdı və şəhərin yenidən tikilməsi,  inşa olunması üçün əlaqədar qurumlara tapşırıqlar verdi. Artıq  demək olar ki, son 2 ildə Cəbrayılda çox möhtəşəm tikinti-quruculuq, abadlıq işləri görülür. Şəhərdə hər cür  infrastruktur yaradılıb, əhalinin orda köçüb yaşaması üçün çoxlu sayda mənzillər inşa edilib. 

Bu günlərdə  Cəbrayıla ilk köç başladı. Onlar  bu anı,  bu saatı, bu dəqiqələri nə az, nə çox düz 30 il gözləmişdilər. Onlar ağlaya-ağlaya Cəbrayıldan çıxmışdılar, indi də sevinc göz yaşları içində Cəbrayıla qayıdırlar. Əlbəttə, yurda qayıtmaqdan və doğma ocağa dönməkdən gözəl xoşbəxtlik ola bilməz. Bunu  o dərdi, o ağrını, o kədəri yaşayan  insanlar hiss edə və duya bilərlər. Zarafat deyil ey, 30 il doğma evindən uzaq düşürsən və sonra da görürsən ki, sənin doğma ev-eşiyini  yandırıblar və daşı- daş üstə qalmayıb. O evdə sənin o qədər xatirələrin, yadda qalan anların olub ki. İndi cəbrayıllılar  həmin o doğma evə qayıda bilməsələr də yeni tikilmiş və hər cür şəraiti olan mənzillərə qayıdıblar. 

İlk qayıdışda  39 ailə -165 nəfər yeni mənzillərdə yerləşdirilib. Təzə mənzil alanlardan biri 70 yaşlı Akif Cabbar oğlu Məmmədovdur. Akif kişi deyir ki, mən Cəbrayıldan çıxanda  40 yaşım vardı. İndi  təsəvvür edin, 70 yaşında öz doğma ocağıma dönmüşəm. Amma bu illərdə oğlanlarım, qızlarım böyüyüb, nəvələrim var. Uşaqlara  tez-tez qaçqınlıq dövründə evimizdən danışardım. Cəbrayılın təmiz havasından, gözəl torpağından, buz kimi  sərin  suyundan və çinar  ağaclarından söhbət açardım. Düzdür, qayıdıb gördük ki, o çinar ağaclar  yoxdur, hamısını qırıb aparıblar. Amma təmiz hava, gözəl torpaq, buz kimi su yerindədir. Nə yaxşı onlar bu sularımızı yaman günə qoymayıblar. Düzdür, bulaqlarımızı dağıdıblar, gücləri çatsaydı bulağın suyunu da Ermənistana  aparardılar. Ancaq bunu bacara bilməyiblər. Bu günə, bu ana mən şükür edirəm. İnanırsınız, torpağa ayağımı basanda özümü dünyanın ən xoşbəxt, ən güclü adamı hiss etdim. Hiss etdim ki, vətənimdəyəm. Və sevincimdən ağladım. Uşaqlarım da mənə baxıb kövrəldilər. 

Cəbrayılda başqa bir mənzil alan sakinlə – Münəvvər Əliyeva ilə söhbət edirik. Münəvvər xanımın da gözləri  sevincdən dolub və bilmir ki, bu xoş anları, bu xoş dəqiqələri kiminlə bölüşsün. Bizimlə söhbət vaxtı onun mobil telefonuna zəng gəldi. Kimsə  Bakıdan zəng eləmişdi, ona gözaydınlığı verirdi. Münəvvər xanım da deyirdi ki, Allah sizə də Vətənə qayıtmağı və yeni mənzil almağı qismət eləsin. 

Münəvvər xanım uzun müddət  təhsil  sistemində çalışıb, indi təqaüddədir. Deyir ki, müəllim, heç vaxt Cəbrayıla qayıtmağımıza ümidimi itirməmişdim. Mənim dərs dediyim, elm öyrətdiyim, tərbiyə verdiyim şagirdlərin neçəsi bu Vətənin azad olunması  yolunda şəhid olub, neçəsi qazidir və neçəsi də qalibdir. Onların qeyrətinə qurban olum. Onlar olmasaydı biz bu torpağa qayıda bilməzdik. İşğaldan azad olunmuş hər torpağın qarışında, hər çiçəkdə, hər güldə, hər bulaqda onların izi, nəfəsi və səsi hiss olunur. Hiss  olunur ki, onlar ölməyiblər, sadəcə olaraq, ruhları göy üzünə, Allahın yanına çəkilib. Amma həmişə o şəhidlər bizimlədir. 

Cəbrayıla qayıdan  digər  sakinlərdən Əli Əliyevlə, Cəmşid Muradovla, Əkbər Həsənovla  söhbət elədik. Onlar dedilər ki, bundan gözəl günümüz və açılan sabahımız olmayacaq. Çünki biz ayrılığın, Vətən həsrətinin nə olduğunu yaxşı bilirik. 30 ildə bu dərdi, bu kədəri yaşadıq. Elə insanlarımız vardı ki, bu dərdə, bu kədərə dözməyib dünyasını dəyişdi. Onlar Vətənə  qayıda  bilməsə də, balaları, nəvələri Cəbrayıla döndülər. Cəbrayıl  bizim  üçün  dünyanın ən gözəl, ən möhtəşəm bir yeridir. Onsuz da bu yerə kim ayaq basıbsa, kim gəlibsə Cəbrayılın təmiz havasına, buz kimi soyuq bulaqlarına və ürəyi isti insanlarına heyran olub. Yəqin siz də qabaqlar bizim  rayonda olmusunuz. Bizə kim qonaq gəlibsə onları gülərüzlə qarşılamışıq, yedirib-içirmişik, ən yaxşı mənzilimizdə yer vermişik. Onlar da bu qonaqpərvərliyi, bu həssaslığı və bu sevgini  heç vaxt unutmayıblar. 

Eşitdik ki, Cəbrayıla ikinci köç də olub və bu ikinci köç o deməkdir ki, bunun arxası gələcək və Cəbrayıl şəhərində neçə-neçə insan yeni mənzil alaraq öz doğma öcağında və yurdunda məskunlaşacaq.

 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

TƏQVİM / ARXİV