BİRCƏ ÇUMAK VƏ KAŞPİROVSKİMİZ ÇATMIR Aqil ABBAS yazır

AQİL ABBAS
145 | 2025-01-15 13:12

İndiki cavanlar bilməz, amma köhnələrin  yəqin ki yadından çıxmayıb. 90-cı ilin əvvəlində Moskvanın əsas kanallarında Çumak və Kaşpirovski adında iki nəfər peyda olmuşdu. Biri  baxışlarıyla camaatı yatızdırırdı, biri də əlləriylə müxtəlif  hərəkətlər  edib guya insanları sağaldırdı. O, Kaşpirovski idi. Sonuncu verilişində də  iki əlini birləşdirib tamaşaçılara bir «aley» verdi. 

İndi bizim televiziya kanallarında bir-birini təkrar edən verilişlər, demək olar ki, hamısı da  arvad hamamı, bir tərəfdən də  uroloq, ufoloq, ginekoloq,  plastik əməliyyat aparan cərrahlar və sairə və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq, məsləhətlər verirlər. 

Allaha şükür, day həkimə getmək lazım deyil. Başın ağrıyır filan dərman at, ürəyin ağrıyır filan dərman at, ayağında varikoz var  filan maz, filan dərman, gözün görmür televiziyaya  az bax, özünü pis hiss edirsənsə  yüz qram tut arağı iç və sair və ilaxır. 

Əclaf Sovet hökumətində həkimlərin və dərmanların reklamı qadağan idi. Hətta hansısa bir qəzetdə  hansısa bir həkim haqqında məqalə yazmağa da yasaq qoymuşdular. 

Yaxşı oldu ki, dağıldı.

İndi televiziyalarımızda özəl hospitalların, özəl xəstəxanaların  və onların  özəl həkimlərinin  24 saat reklamı gedir. 

Filan hospitalda sol  ayağınızın əvəzinə sağ ayağınızı kəsəcəklər, bəşməkan hospitalda ölmək  istəyirsizsə gedin burnunuzu əməliyyat etdirin, başqa bir hospitalda gedin doğun, doğuş zamanı sizə tort  gətirəcəklər, üstündə də şamlar, filan hospitalda gedin mədənizi kiçildin, Allah qoysa o qədər  arıqlayacaqsınız ki, əriniz məcbur olub  sizə xəyanət edəcək. 

Sağ olsun həkimlərimiz, maşallah, o qədər  pullanıblar ki, hətta mənasız kinolara  sponsorluq edirlər. Bircə qalır  futbola sponsorluq etmək. Yəqin tezliklə onu da görəcəyik. 

Hamısı da gedib  qardaş Türkiyədə uzmanlıq diplomu alırlar.

Bir dəfə Ağcabədidə su idarəsinə getmişdim. Müdirin kabinetinə girəndə məəttəl qaldım. Divardan o qədər diplomlar  asılmışdı: «İti qələm» mükafatı, «Qızıl qələm» mükafatı, «İlin adamı» diplomu, «XX əsrin görkəmli şəxsiyyəti» diplomu. Bəlkə divarda müxtəlif qəzetlərin təsis etdiyi 30-dan çox diplom vardı. Müdir gülüb mənə dedi:

- Heç sənin bir belə diplomun var?

Bu gün həkimlərin də otaqlarına girəndə 20-30 diplom və sertifikat görərsən. 

İndi televiziyalarımızda bircə Çumak və Kaşpirovski çatmır. Allaha şükür, indi  ölkəmizdə fala baxanların və ekstrasenslərin sayı həkimlərdən də çoxdur, onları da kanallara  dəvət edib millətin  falına baxdırsaydılar  və ya ekstrasensləri  dəvət edib Kaşpirovski kimi  milləti yatızdırsaydılar kef eləyərdik. 

Düzdür, siyasi fala baxanlar  ekranlardan düşmürlər, amma onların da falları 90 faiz  səhv çıxır. 

Və sonda. Dövlət xəstəxanaları və bu xəstəxanalarda işləyən həkimlər niyə reklam olunmur, bunu başa düşmürəm. 

Yeri gəlmişkən, dünyanın bir nömrəli avtomobili olan «Mersedes»in reklamına rast gəlmisiniz?

Yadımdan çıxmışdı, muştuluğum sizdə, dərmanların qiyməti də babat qalxıb. 

TƏQVİM / ARXİV