adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÇİÇƏKLƏRDƏ CƏNNƏT ƏTRİ - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1433 | 2023-11-29 11:55

...Dünyanı gözəlləşdirən və onu min rəngə boyayan təkcə Günəş deyil, həm də bu dünyanın gülüdü, çiçəyidi, otudu, çəmənidi... Dünya onda gözəl olur ki, onun hər şeyi yerində, məkanında görünür. Bir şey yerində olmayanda sanki Yer üzünün gözəlliyi də, zərifliyi də, incəliyi də azalır. Və başqa sözlə demiş olsaq, nəsə çatışmır... 

...Dünyada yeri görünən həm də heç kimə bənzəməyən və heç kimə oxşamayan qeyri-adi insanlar, daha doğrusu, Şəhidlərdir. O şəhidlər ki, onlar tək döyüşüb, torpaqları işğaldan azad eləmirlər, həm də ölümləri ilə bir ölümsüzlük, bir əbədilik, bir dirilik qazanırlar... Onların hər biri Vətən olur. Burada Musa Yaqubun bir bənd şeiri yadımıza düşür:

Bəlkə də borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil, bir də qayıtsın. 
Ölsəm də qoynunda, qoy ölüm ki, mən, 
Çürüyüm, bir ovuc torpağın artsın!...

...Şəhidlər ölümləri ilə həm də Vətən oldular. Vətən olan bu şəhidlər bizim and yerimizə, sevgi yerimizə, ümid yerimizə çevrildilər. Bizim and yerimizdən, ümid yerimizdən biri də Şuşaya 17 km. qalmış qəhrəmancasına həlak olan Ülvi Şirin oğlu Hacıyevdir. Bu insanlar adi insanlar, adi gənclər olmayıblar. Onların çoxu Qarabağ torpağını da, Şuşanı da görməyiblər. Amma onlar Qarabağ, Şuşa uğrunda canlarından keçiblər. Keçiblər deyəndə elə çoxları döyüşə gedəndə and içiblər ki, anamız qədər çox istədiyimiz torpaqlarımızı erməni işğalından azad edəcəyik! Onlar anaları qədər çox istədikləri Cəbrayılı, Füzulini, Hadrutu, Qubadlını, Zəngilanı, Şuşanı, Ağdamı, Kəlbəcəri, Laçını... azad elədilər! Bu, 44 günlük II Qarabağ savaşında baş tutdu! Sonra isə 2023-cü il sentyabrın 19-u və 20-si ərəfəsində 23 saat 43 dəqiqədə cəmi Qarabağ yağılardan təmizləndi və ərazi bütövlüyümüz şükür Allaha ki, təmin olundu! 

...Ona görə şükür Allaha deyirik ki, biz bu günü görmək üçün çox əziyyətlər çəkdik, çox göz yaşı axıtdıq və çox şəhidlər verdik. Ülvilərin qanı hesabına biz Qarabağı ermənilərdən azad eləyə bildik! O qan adi qan deyildi. O qan qıpqırmızı, tərtəmiz, dupduru idi. Onlar bu qanla torpağın üstündə "Vətən!" kəlməsini yazdılar və o kəlməni öpüb şəhadətə  qovuşdular!... 

...Bütün şəhidlər və şəhid anaları bir-birinə bənzəyirlər... Çünki onların hamısının mayası, iç dünyası Vətəndən yoğrulub. İç dünyası, mayası Vətəndən yoğrulan insanlar elə həmişə bir-birinə oxşayırlar. Mən çox şəhid ailəsində olmuşam və çox şəhid anası ilə görüşmüşəm, onların hamısında bir duyğunu, bir hissi, bir İlahi nişanəni görmüşəm: o nişanə Allahın onlara verdiyi nurdur! Allah bu nuru şəhid analarına ona görə verir ki, oğlanlarını öz dərgahına aparır və onlara da günəş kimi işıqlı olan bu nuru bəxş edir! Bəxş edir ki, o nura baxıb, o işığı görüb, oğlanlarının Allahın dərgahında yaşadıqlarını hiss etsinlər... 
Şəhid Ülvi Hacıyevin anası Həmidə xanımla da görüşəndə, bax bu nuru gördüm. 

Onun ağ saçları ilə çöhrəsindəki işıqlı nur bir-birini tamamlayırdı. Bir-birini tamamlayan həm də Allahın bu xanıma bəxş elədiyi qeyri-adi, gözlə görünməyən, amma hiss edilən səbrdir! Hər sözü, hər kəlməsində bir işıq, bir nur var! Dərdi, kədəri dünya boyda olsa da bunu qətiyyən onunla söhbət eləyən insana bildirmək istəmir. Əksinə o dərdi, kədəri, qəmi iç dünyasına çəkir və çöhrəsindən nur boylanır. Elə o nurun işığında da istər-istəməz Həmidə xanımın Ülvi ilə bağlı tükənib-bitməyən söhbətləri dil açır. Sanki bu söhbətlər həm də bir bulağın gözündən axan dupduru suya bənzəyir. O su insanın yanğısını söndürüyü kimi Həmidə xanımın söhbətləri də bax elə bulaq suyu kimi adamın ürəyini sərinlədir, kədərin və dərdin onun içində əridiyini hiss edirsən...

...Ağsaqqallıq yaşla deyil, ağılla, düşüncə ilə ölçülür. Ülvi də gənc olmasına baxmayaraq, çox müdrik, ağıllı, səbrli və düşüncəli bir insan olub. Bu barədə Həmidə xanım danışanda istər-istəməz elə bizim özümüz onu görməsək də, tanımasaq da o söhbətlərin iç dünyasına qayıdırıq. Qayıdırıq və orada Ülvini görürük, onun səsini, nəfəsini hiss edirik... Həmidə xanım deyir ki, atası Şirin kişi ən çətin anlarında Ülviyə üz tutardı, ona sığınardı. O da sonda elə bir ağıllı söz deyərdi ki, o söz bizi çətin vəziyyətdən çıxarardı... 

...Bizim dünyada görmədiyimiz insanlar bəzən gördüyümüz insanlardan bizə daha çox yaxın olur. İnanın, o adamların, o qəhrəmanların yazdığı tarix elə bizim üçün ən böyük bir sevgidir desək, yanılmarıq. 

Bu sevgini bizə verən, bu xoşbəxtliyi bizlərə ərməğan edən Ülviləri heç vaxt unutmaq mümkün deyil! Ülvi Azərbaycanı, Qarabağı çox sevirdi. Ülvi həm də mərdliyi, qüruru və Vətəni Allah qədər, Anası qədər çox istəyirdi. O, Vətənin hər çiçəyini, hər gülünü, hər otunu, hər yamacını qucaqlayırdı, öpürdü və bağrına basırdı... 
...Onun Azərbaycan sevgisi dünya boydaydı. Bax, burada böyük Məmməd Arazın bir bənd şeirini xatırlamamaq böyük günah olar: 

Azərbaycan - çiçəklər içində bir qaya, 
Azərbaycan - qayalar içində çiçək. 
Mənim könlüm bu torpağı vəsf eləyərək, 
Azərbaycan dünyasından baxar dünyaya.

...Bax, Ülvilər bu gözəl Azərbaycanın hər qarış torpağını seviblər və onun yolunda da həlak olublar!!! Güllər, çiçəklər və çəmənlər hər yerdə olur. Amma şəhidlərin qanı tökülən yerdə bitən çiçəklərdən adi çiçək ətri gəlmir, çiçək qoxusu gəlmir! O güllərdən, o çiçəklərdən, o çəmənlərdən Cənnətin ətri, qoxusu gəlir! Daha doğrusu, Poladların, Mübarizlərin, Ülvilərin, Elçinlərin... ətri gəlir! O çiçəkləri mən yazda iylədim, qoxladım, bax onların, Allaha and olsun, ətrini duydum! Duydum ki, şəhidlərimiz həm də Qarabağda bitən çiçəklərdə, güllərdə, otlarda yaşayırlar... 

Noyabrın 13-də Ülvinin ad günü olub. Bu yazını o vaxt qələmə ala bilmədik. Bu gün də noyabrın 29-da başqa bir şəhidimizin - Elçin Tehran oğlu Süleymanovun dünyaya göz açdığı gündür. Ülvinin anası Həmidə xanım və Elçinin anası Xalidə xanım bir-birinə oxşayırlar. Hər ikisinin övladı Qarabağ uğrunda şəhid olub və hər ikisinə də Allah-Təala nur bəxş edib. Onlar bir-birini tanımasalar da, amma taleləri və həyatları bir-birinə çox oxşayır; həm saçlarının ağlığı ilə, həm çöhrələrindəki nurla, həm də dərdləri  və səbrləri ilə! Bu analar adi analar deyillər. Qəhrəman analardılar. Yuxularında oğlanlarını, igidlərini, şəhidlərini görüb bir az da Allaha yaxınlaşırlar. Ağ işıqda, ağ yolda oğlanlarını axtarırlar. Axtarırlar, axtarırlar və axırda ağ işıqla gedib çıxırlar Allahın dərgahına! Orada Ülviləri, Elçinləri görüb, qayıdıb gəlirlər və bir az toxtayırlar! Bax, bu oğullar Azərbaycanın ən uca dağı, qayası, zirvəsi, işığı, günəşi və ən nəhayət, tarixidi! Çünki onlar ölümə də əyilmədilər, ölmədilər, amma şəhid oldular! Xalq şairi Zəlimxan Yaqub çox gözəl deyib:

...Dağa təpə deyilməz ki, deyilməz, 
Sərt qayalar əyilməz ki, əyilməz!..  
     


 

TƏQVİM / ARXİV